Nino Burcanadze: “Mən rəsmi Tiflisə xəbərdarlıq etmişdim”
Bizi izləyin

Dünya

Nino Burcanadze: “Mən rəsmi Tiflisə xəbərdarlıq etmişdim”

“Rusiya və separatçı Abxaziya rejimi arasında bağlanılan geniş inteqrasiya və birgə ordunun yaradılması haqqında müqavilə NATO-nun Gürcüstanda təlim mərkəzi açması barədə planlarına cavab idi”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Demokratik hərəkat - Vahid Gürcüstan" Partiyasının lideri, eks-spiker Nino Burcanadze deyib.

Tiflisdə mətbuat konfransı keçirən N.Burcanadze bildirib ki, Gürcüstan hazırda NATO-ya xəyali üzvlük və ərazi bütövlüyünün bərpasının arasında seçimi etməyə məcburdur.

“Avropa Birliyi ilə Gürcüstanın sıx əməkdaşlığını əhəmiyyətli hesab edirik və əməkdaşlığı davam etdirməyə məcburdur. Amma Gürcüstan hakimiyyəti həmişəlik öyrənməlidir ki, Gürcüstan üçün hər hansı beynəlxalq təşkilata üzvlük əsas olmamalıdır. Gürcüstanın ərazi bütövlüyü, demokratik və sabit inkişaf prioritet olmalıdır”, - deyə Burcanadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməsə, ölkə nə demokratik ola biləcək, nə də güclü olacaq. Keçmiş parlament sədri Gürcüstan baş nazir İrakli Qaribaşvilini 17 noyabrda Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra Ukrayna haqqında verdiyi bəyanatı tənqid edib: “Qaribaşvili Ukrayna hadisələrini 2008-ci il avqust müharibəsinin davamı adlandırdı. Bu bəyanat faktiki olaraq Mixeil Saakaşvilinin mövqeyinin təkrarlanmasıdır. Bu bəyanat Rusiya ilə birbaşa dialoqdan imtinaya bərabərdir. Bəyanat Rusiya hakimiyyəti İlə istənilən danışıqlara gedən yolu bağladı. Bu bizim ölkəmizin ərazi bütövlüyünün bərpasına kömək etməyəcək”.

O bildirib ki, NATO-nun Gürcüstanda yerləşdirmək istədiyi təlim bazasının Rusiya tərəfindən sərt qarşılanacağı barədə rəsmi Tiflisə xəbərdarlıq etmişdi. Parlamentin keçmiş sədrinin sözlərinə görə, Gürcüstanın NATO ritorikası ölkənin problemlərinin həllinə kömək edə bilməyəcək: “Gürcüstan hakimiyyəti gürcü xalqına həqiqəti deməlidir ki, qarşımızda iki seçim var: ərazi bütövlüyünün bərpası və Abxaziya ilə Cənubi Osetiyasız NATO. Bundan sonra xalq müəyyən etməlidir, biz NATO-ya üzvlüyün əvəzində Abxaziya və Cənubi Osetiyadan imtina etməyə hazırıqmı?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm