Maydan hadisələrinin ildönümü: itirilən torpaqlar və avrointeqrasiya arzusu
Bizi izləyin

Dünya

Maydan hadisələrinin ildönümü: itirilən torpaqlar və avrointeqrasiya arzusu

Bu gün Rusiya və Qərbi ciddi qarşıdurmaya gətirib çıxaran Maydan hadisələrindən bir il keçir.

Publika.az xəbər verir ki, 21 noyabr 2013-cü ildə xalq Rusiyameyilli xarici siyasi kurs aparan prezident Viktor Yanukoviçə qarşı etiraz olaraq Ukrayna Azadlıq Meydanına çıxdı.

Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın təsdiqinin dayandırması haqqında baş nazir Nikolay Azarovun bəyanatı etiraz aksiyaların başlanmasının başlanğıcı oldu. Qısa müddət ərzində Kiyevdə çadır şəhərciyi yarandı.

Noyabrın 30-da xüsusi təyinatlı “Berkut” gücləri Azadlıq Meydanına toplaşanlara qarşı güc tətbiq etdi. Dekabrın 1-də buna etiraz edən yüz minlərlə insan Meydana çıxdı. Yanvarın 16-da Ali Radada qəbul olunan qərarlar isə vəziyyəti daha da pisləşdirdi. Sözügedən qanunlar insanların etiraz aksiyalarda iştirak etmək hüququnu məhdudlaşdırırdı. Yanvarın 22-də Kiyevin Qruşevski küçəsində “Berkut” ilə yenidən qarşıdumalar yaşandı. Qarşıdurmalarda 3 nəfər ölmüşdü.

18 fevralda Kiyevin hüquq-mühafizə orqanları isə aksiya iştirakçıları arasında toqquşmalar oldu. Səhəri gün isə Ukrayna Təhlükəsizlik Xidməti antiterror əməliyyatı rejimi tətbiq elan etdi. Fevralın 18-dən 20-nə qədər olan vaxt ərzində 75 insan həlak oldu.

21 fevralda Ukraynada siyasi böhranın nizama salınması haqqında razılaşma imzalanmışdı. Razılaşma Ukrayna prezidenti Viktor Yanukoviç və Maydan hərəkatının liderləri olan Vitali Kliçko, Arseniy Yasenyuk və Oleq Tyaqnibok arasında imzalandı.

22 fevral gecəsi isə Maydan fəalları hüquq-mühafizə əməkdaşları tərəfindən tərk edilmiş hökumət binasını tutaraq bir sıra yeni tələblər irəli sürdü. Onlardan biri də prezident Yanukoviçin təcili istefası tələbi idi. Proseslərin dönməz olduğunu başa düşən Yanukoviç canını qaçmaqla qurtardı.

Kiyevdə Yanukoviç kimi müttəfiqini itirən Rusiya Krım planının icrasına başladı. Martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda referendum keçirməyə nail olan Rusiya iki gün sonra yarımadanı özünə birləşdirdi. Eyni vaxtda Donetsk, Luqansk və Xarkov vilayətlərindən Kiyev üçün pis xəbərlər gəlməyə başladı. Xarkov vilayətində prosesləri nəzarət altına almaq mümkün olsa da, digər iki vilayətdə dövlət binaları bir-birinin ardınca separatçıların əlinə keçdi. Aprel ayında başlayan antiterror əməliyyatları sentyabrın 5-də imzalanan Minks razılaşması ilə demək olar ki, uğursuzluqla nəticələndi.

Düz bir il bundan əvvəl başlanan Maydan hadisələrinin nəticəsi ortadadır: Krım əldən gedib, Luqansk və Donetsk vilayətlərinin əhəmiyyətli hissəsi üzərində nəzarət itirilib və bərpasına da ümid olduqca azdır. Yeni hakimiyyətin isə avrointeqrasiya kursunun isə Ukrayna xalqına nə verəcəyi qaranlıq olaraq qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm