• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gürcü ekspert: “Gürcüstanda Krım ssenarisinin təkrarlanması təhlükəsi mövcuddur”

  • Dünya
  • 26 Noyabr 2014 14:44
  • 428 Baxış
Gürcü ekspert: “Gürcüstanda Krım ssenarisinin təkrarlanması təhlükəsi mövcuddur”

“Təhlükə mövcuddur ki, Gürcüstanın iki regionunda işğal prosesi zəbt edilmə ilə dəyişsin”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri gürcü eksperti Nika Çitidze Rusiya və Abxaziya arasında imzalanan “Müttəfiqlik və strateji əməkdaşlıq haqqında" müqaviləni şərh edərkən deyib.

Qeyd edək ki, sözügedən müqavilə 24 noyabrda Soçidə Rusiya prezidenti Vladimir Putin və Abxaziya “prezidenti” Raul Xadjimba arasında imzalanıb. On illik müqavilə “təcavüzün dəf edilməsi üçün” birləşmiş silahlı qüvvələrin yaradılmasını nəzərdə tutur. Müqaviləyə görə, üç ildən gec olmayaraq Abxaziya “ordusu”nun müasirləşdirilməsi həyata keçiriləcək. Rusiya Abxaziya hərbi qulluqçularının hazırlığı ilə məşğul olacaq və ordunu müasir silah növləri ilə təchiz edəcək.

Görüş zamanı Rusiya prezidenti Putin bildirib ki, Moskva müqavilənin imzalanması ilə Suxumiyə göstərilən maliyyə yardımını iki dəfə artıracaq. Xüsusi olaraq müqavilə çərçivəsində 2015-ci ildə Rusiya separatçı quruma 5 milyard rubl (təxminən 118 milyon dollar) yardım edəcək.

Gürcü ekspertinin sözlərinə görə, sözügedən müqavilə Gürcüstanın iki tarixi regionun de-fakto zəbt edilməsi anlamına gəlir: “İki regionun de-fakto zəbt edilməsi şəraitində bu ərazilər Rusiyanın ərazisi hesab edilə bilər. Əlbəttə ki, belə müqavilələr beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edir və onların hər hansı hüquqi gücü yoxdur. Rusiya bu regionlarla dərinləşən inteqrasiyası ərazilər mütləq itirilməsi ilə nəticələnəcək. Həm Gürcüstanın, həm də Ukraynanın uzunmüddətli perspektivində Rusiyaya mütləq güzəştə getməsi lazım olacaq”.

N.Çitidze bildirib ki, rəsmi Tiflis Qərbin Rusiyaya qarşı sanksiyalarının daha da sərtləşdirilməsi üçün problemin mahiyyətini beynəlxalq birliyin diqqətinə maksimum çatdırmağa məcburdur.

Ekspertin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi yaranmış vəziyyətə Qərbi cəlb etmək üçün səylərini artırmalıdır: “Gürcü hakimiyyəti passiv olmamalıdır. Dünyanın müxtəlif ölkələrinə səfərləri davam etdirmək lazımdır. Rusiya zəifləməyə başlayır. Neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edəcək. Qərb isə belə bir şəraitdə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi haqqında düşünür. Bu vəziyyətdən istifadə etmək lazımdır”.

“Gürcüstan hakimiyyəti bütün diplomatik mexanizmləri işə salmalıdır ki, Krım və Ukrayna problem ilə yanaşı Abxaziya problemi də gündəlikdə önə çıxarılsın. O halda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyinə Qərbi inandırmaq mümkün olacaq. Bundan başqa, Gürcüstan Qərbin demokratik dairələrini Rusiyanın separatçı rejimlərlə bağladığı müqavilələrin özündə hansı təhlükələri saxlaması barədə inandırmalıdır. İndiki halda Gürcüstanda Krım ssenarisinin təkrarlanması təhlükəsi var”.

Bununla yanaşı, N.Çitidze hesab edir ki, Rusiya-Abxaziya müqaviləsindən sonra yaranan hazırkı gərgin vəziyyətdə Gürcüstan Abaşidze-Karasin müvəqqəti danışıqlar formatını ləğv etməlidir.

Qeyd edək ki, söhbət Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasindən gedir. İki ölkə münasibətlərinin normallaşması ilə bağlı danışıqlar prosesində nümayəndə heyətlərinə bu iki şəxs başçılıq edir. Amma məsələ ondadır ki, danışıqlarda siyasi deyil, əsasən iqtisadi, sosial və humanitar məsələlər müzakirə olunur. Tiflisin cəhdlərinə baxmayaraq, Moskva Abxaziya və Cənubi Osetiya problemlərinin danışıqların predmeti olmasını istəmir.

“Hesab edirəm ki, Gürcüstan Abaşidze-Karasin formatının fəaliyyətini dayandırmalıdır. Çünki Rusiya ilə mədəni və ticarət-iqtisadi məsələlərə baxmaq mümkün deyil. Rusiya beynəlxalq hüquq normalarına hörmət etmir və Gürcüstanın işğal edilmiş regionların zəbt edilməsi prosesini davam etdirir", - Çitidze fikrini əsaslandırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR