Poroşenko Vaşinqtondan hərbi yardım istədi
Bizi izləyin

Dünya

Poroşenko Vaşinqtondan hərbi yardım istədi

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün NATO-nun Avropadakı qoşunlarının baş komandanı, amerikalı general Filipp Bridlav ilə görüşüb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Poroşenko ABŞ ilə hərbi əməkdaşlığın aktivləşməsinə ehtiyac duyduqlarını bildirib.

Poroşenkonun sözlərinə görə, ötən yeddi ay ərzində Ukrayna ordusunu praktik olaraq yenidən qurmaq mümkün olub. O, ordunun hazırda güclü ruh və yüksək vətənpərvərliyə malik olduğunu deyib.

Qeyd edək ki, ABŞ Ukraynaya 20 radar sisteminin çatdırılmasına başlayıb. Bu Ukraynaya çatdırılacaq eyni sistemlərin birinci partiyasıdır. Radar sistemləri ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollar yardım çərçivəsində bu ölkəyə çatdırılacaq.

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinə Ukraynaya hərbi yardım haqqında qanun layihəsi təqdim edilib. Qanun layihəsi qəbul ediləcəyi halda Ukrayna tank əleyhinə və hava hücumuna qarşı silahlar ala biləcək. “H.R 5315” saylı qanun layihəsinin müəllifi Respublikaçılar Partiyasından olan senator Maykl Berdjesdir. Konqresdə dinləmələrdə çıxış edən senator bildirib ki, Ukraynada vəziyyətin çətin olmasına baxmayaraq, parlament seçkiləri ukraynalıların gələcəyinin Qərblə bağlı olduğunu nümayiş etdirdi.

Sözügedən qanun layihəsindən başqa hazırda Konqresdə Ukraynaya silah verilməsini nəzərdə tutan iki qanun layihəsinə baxılır:

1.H.R. 5190. “Ukraynanın təhlükəsizliyinin təmin olunmasında kömək haqqında” qanun layihəsi “separatçıların vətəndaşlara hücumları zamanı Ukrayna üçün hərbi üstünlüyün yaradılması və Ukraynanın şərqində hərbi təyyarələrin neytrallaşdırılmasına kömək”, eyni zamanda “Ukrayna demokratiyası və müstəqilliyin müdafiəsi üçün lazım dəstək” verilməsini nəzərdə tutur.

2. S.2828. “Ukraynada azadlığın dəstəyi haqqında” qanun layihəsi. Qanun layihəsi Senatın beynəlxalq münasibətlər üzrə komitədə qəbul olunub və təhlükəsizliyin təmin olunması üçün hökuməti Ukraynaya hərbi kömək etməyə çağırır. Qanun layihəsi həmçinin Ukraynaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi beynəlxalq münasibətlər üzrə komitə üzvləri Robert Menendes və Bob Korker tərəfindən hazırlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm