Bir güllə ilə iki hədəf: “Bessarabiya xalq respublikası”
Bizi izləyin

Dünya

Bir güllə ilə iki hədəf: “Bessarabiya xalq respublikası”

2015-ci il yazında Ukraynanın cənubunda Bessarabiya “xalq respublikası”nın yaradılmasına cəhd edilə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Nezavisimaya Qazeta” nəşrinin Ukrayna təmsilçisi Tatyana İvjenko “Da Vinci AG” analitik qrupunun analitik hesabatına istinad edərək yazıb.

Hesabatda bildirilir ki, “xalq respublikası”nın ərazisinə Qaqauziya muxtariyyəti, Ukraynanın Odessa vilayətinin bir hissəsi və Moldovanın bəzi rayonları daxil edilə bilər. Analitiklər isə hesab edirlər ki, region Moldovada keçiriləcək parlament seçkilərindən sonra xarici təsir üçün daha rahat olacaq.

Amma hazırda vəziyyət sakit görünür. Ukrayna Qaqauzlar İttifaqının vitse-spikeri Fyodor Arnaut “Nezavisimaya Qazeta”ya bildirib ki, insanların arasında separatizm əhvali-ruhiyyəsi yoxdur: “Biz hamımız milliyyətindən asılı olmayaraq Ukrayna vətəndaşlarıyıq. Biz ölkənin ərazi bütövlüyünü dəstəkləyirık”.

Odessa vilayətində qaqauz milli azlığın nümayəndələrindən biri Rusiya nəşrinə deyib ki, hazırda regionda vəziyyət nisbətən sakitdir: “Hamı görür ki, Donbas hövzəsində nələr baş verir. Heç kəs müharibə istəmir".

Ancaq o xatırladıb ki, cənubda münaqişələr hələ keçmiş prezident Viktor Yanukoviçin vaxtında yaranıb: "Yanukoviç 2013-cü ildə regional dillər haqqında qanunu qəbul etdi. Kağız üzərində bütün azlıqlara ana dillərindən azad istifadə hüququ verilirdi. Amma belə hüququ yalnız ruslara verdilər. Bilmək olmaz ki, bundan sonra nə baş verəcək? Nəzərə alaq ki, qaqauz xalqı iki dövlətin sərhədləri ilə bölünüb. Ancaq onlar həm Moldovada, həm də Ukraynada ən yaxşı həyatı istəyirlər”.

“Da Vinci AG” analitik qrupu proqnozlaşdırır ki, Rusiya qaqauzlara yağlı vədlər verə bilər: “Moskva regionun siyasi liderlərinə təsirindən maksimum istifadə etməyə çalışır. Moldova və Ukraynanın cənubunda yaradılacaq qeyri-stabil vəziyyət Dnestryanı ərazidə münaqişənin donunu açmaqda, yekunda Ukrayna və Moldovanın avrointeqrasiya prosesininin qarşısını almaqda Rusiyaya kömək edə bilər”.

“Berta Communications” konsaltinq şirkətinin direktoru Taras Berezoves hesab edir ki, Ukraynanın cənubundakı vəziyyəti mürəkkəb hesab etmək olar: "Rusmeyilli əhvali-ruhiyyə güclüdür. Odessa sakinlərinin 20 faizi Rusiyanın iştirak etdiyi strukturlara inteqrasiyanı dəstəkləyirlər. Bu insanlar passivdir, biz onları Kiyevi dəstəkləyən insanlardan fərqli olaraq küçələrdə görmürük. Buna görə də belə bir təəssürat formalaşır ki, vəziyyət tamamilə sakit və nəzarət ediləndir. Amma istisna olunmur ki, xarici güclər cənubda vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Bizdə separatçılarla mübarizə üçün nə daxili resurs, nə də iradə var. Həm də unutmaq lazım deyil ki, yaxınlıqda – Dnestryanı ərazidə Rusiya qoşunları yerləşir".

“Da Vinci AG” analitiklərinin fikrincə, vəziyyətin xüsusi çətinliyi ondadır ki, Luqansk və Donetsk “xalq respublikaları”ndan fərqli olaraq “Bessarabiya xalq respublikası etnik əlamət üzrə yaradıla bilər. Analitiklər qeyd edir ki, separatçılarla mübarizə halında Rusiya təbliğatı bunu asanlıqla millətlərarası münaqişə və etnik təmizləmə kimi təqdim edəcək.

“Penta” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko "Nezavisimaya Qazeta”ya deyib ki, Kiyevdə də belə bir ssenarini istisna etmirlər: “Görünür ki, vəziyyəti gərginləşdirmək cəhdləri olacaq. Hədəf isə ilk növbədə Odessa və Xarkov vilayətləri olacaq. Amma Moskva üçün çətinliklər də yaranacaq. Moldovadan fərqli olaraq, Ukraynada qaqauzlar yığcam yaşamırlar və yerli əhali arasında əksəriyyət təşkil etmirlər. Eyni zamanda, Donbas hövzəsindən fərqli olaraq çoxmillətli Odessa vilayəti Rusiya ilə həmsərhəd deyil. Cənubda münaqişəni provokasiya etmək olar. Amma onu bəsləmək çox ağır olardı. Ümumiyyətlə, yeni separatizm meyillərinin qarşısının alınması məsələsi ilə xüsusi xidmət orqanları məşğul olmalıdır. Düşünürəm ki, onlar məşğul olurlar".

Dünən Ukrayna Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskayanın səsləndirdiyi iddia da Odessa vilayəti də daxil olmaqla Rusiyanın Ukrayna ilə bağlı təhlükəli planlarının olduğunu göstərir. Onun sözlərinə görə, Rusiya Ukraynada Donetsk və Luqanskdan əlavə daha 4 “xalq respublikası”nı yaratmağı planlaşdırır. Y.Qitlyanskaya qeyd edib ki, söhbət Odessa, Xarkov, Kiyev və Podkarpatskaya “xalq respublikaları”ndan gedir.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Ukraynanın beş regionunda qeyri-stabil vəziyyət yaratmağa çalışan Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin fəaliyyətini ifşa edib. Y.Qitlyanskaya qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Çerniqov, Lvov, Poltava, Herson və Vinnitsa vilayətlərində agentura şəbəkəsini yaratmaq fikrində olublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm