“TIME”: “Görünür, Rusiya bu aksiomu yaddan çıxarıb”
Bizi izləyin

Dünya

“TIME”: “Görünür, Rusiya bu aksiomu yaddan çıxarıb”

“Yeni “soyuq müharibə” Rusiyanın cibinə görə deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın iqtisadi problemləri və yeni “soyuq müharibə”nin başlandığı barədə iddiaları şərh edən ABŞ-ın “TIME” jurnalı yazıb.

“Geosiyasətin aksiomalarından biri də budur ki, ölkə yalnız iqtisadiyyatı buna imkan verdiyi halda öz gücünü göstərə bilər. Görünür, Rusiya bu aksiomanı yaddan çıxarıb. Məsələn, planetin hələlik ən böyük iqtisadiyyatına sahib olan ABŞ son 60 ildə siyasi və hərbi meydanda da digərlərindən üstündür. Çin isə iqtisadi inkişaf fonunda superdövlətə çevrilir”, - jurnal qeyd edib.

ABŞ nəşri hesab edir ki, prezident Vladimir Putin laxlayan iqtisadiyyatına söykənərək Avropada Rusiyanın təsirini bərpa etməyə çalışır: “Moskva geosiyasi arenada gücünü göstərmək istəyir. Amma bunu heç vaxt olmadığı qədər laxlayan iqtisadi bünövrə üzərində etməyə çalışır. Putinin qarşısında bir sual dayanır: zəif iqtisadiyyat onun geosiyasi ambisiyalarını dəstəkləyə biləcəkmi? Cavab anlaşılmazdır. Rusiya iqtisadiyyatı üçün çətin vaxtlar hələ Putinin Ukraynaya müdaxiləsinə qədər başlanmışdı. Zəif investisiya mühiti, xroniki korrupsiya və ölkənin təbii resurslardan həddindən artıq asılılığı 2014-cü ilin problemləri deyildi. Amma Ukraynaya müdaxilə vəziyyəti daha da pisləşdirdi”.

“TIME” jurnalı qeyd edir ki, cari ilin üçüncü rübündə Rusiyanın ümumi daxili məhsulu yalnız 0,7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2014-cü il üçün bu göstərici 0,2 faiz olacaq: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının inkişafını saxlayıb, Kremlin əks-tədbirləri isə inflyasiyanı yüksəldir. Rublun dəyəri dollar qarşısında ilin əvvəlindən 30 faiz düşüb. Nəhayət, dünya iqtisadiyyatındakı tendensiyalar, hər şeydən əvvəl neftin qiymətinin düşməsi vəziyyəti daha acınacaqlı hala gətirir”.

ABŞ nəşri bildirir ki, bütün bunlara baxmayaraq, Putin qətiyyətini saxlayır: “O, Qərbin sanksiyalarından yan keçməyə, Asiyada yeni ixracat bazarları və investisiyalar tapmağa çalışır. Ancaq hazırda Rusiya qarşısında bir sıra mənfi amillər var və yaxın gələcəkdə bu amillər heç yerə yox olmayacaq”.

“TIME” jurnalı həmçinin qeyd edir ki, Putinin iqtisadi problemləri siyasi arenada əksini hələ tapmayıb: “Rusiyalılar görünür, təcavüzkar xarici siyasəti dəstəkləyir və iqtisadiyyat haqqında narahatlıq kadr arxasında qalır. Amma zaman içində bu dəyişəcək və Putin kritik vəziyyətə düşə bilər. Sonda yada salmaq faydalıdır ki, Sovet İttifaqı iqtisadiyyatın zəifliyi nəzərə alınmadan aparılan xarici siyasətə görə dağıldı. Rusiya prezidenti də tarixin təkrarlanmaması üçün çalışmalı olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm