“Rusiyalılar 2015-ci ilin martında sağ qalmaq istəyəcəklər” – növbəti QORXUNC PROQNOZ
Bizi izləyin

Dünya

“Rusiyalılar 2015-ci ilin martında sağ qalmaq istəyəcəklər” – növbəti QORXUNC PROQNOZ

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların verəcəyi mənfi nəticələrlə bağlı qorxunc proqnozlar bir-birini əvəz edir.

Publika.az-ın “liga.net” saytına istinadən verdiyi məlumata görə, rusiyalı investisiya bankiri və iqtisadçısı Slava Rabinoviçdən sonra siyasətçi-biznesmen Konstantin Borovoyun proqnozu da Moskvaya xəbərdarlıq sayıla bilər.

Qeyd edək ki, iki gün öncə S.Rabinoviç 2015-ci ildə rusiyalıların tamamilə başqa ölkədə yaşayacağını bildirib. Xarici kapitalın ölkəni dəhşətli sürətlə tərk etdiyini bildirən S.Rabinoviç qeyd edir ki, Rusiya hələlik dünya iqtisadiyyatından “atılmasına”, sanksiyalara gülür: “Rusiya sanksiyalara görə bütün dünyaya gülür. Ancaq möcüzələr olmayacaq. Həm də nəzərə almaq lazımdır ki, iqtisadi və maliyyə kollapsı birdən-birə baş vermir. Düşünürəm ki, düz bir il sonra - 2015-ci ilin sonunda Rusiya tamamilə başqa ölkə olacaq. Biz - əgər o vaxta kimi Rusiyanı tərk edib getməsək - tamamilə başqa ölkədə yaşayacağıq. Əgər hər şey “ora" doğru hərəkət edərsə, o halda 2015-ci il ərzində biz iqtisadiyyatda praktik olaraq bütün süzgəclərdən keçirilmiş effektləri görəcəyik".

K.Borovoy isə hesab edir ki, Rusiyada 2015-ci ilin martında etiraz aksiyaların başlanması mümkündür. Onun sözlərinə görə, Putinin Ukraynaya hücumu və bunun nəticəsində Qərblə başlayan qarşıdurma ölkəni siyasi və iqtisadi baxımdan onilliklərlə geriyə tullayıb. Siyasətçi buna sübut kimi Rusiya mağazalarındakı qiymət cədvəllərini göstərir.

Mağazalardakı qiymət cədvəllərinin Putin və onun komandasının reytinqində əks olunmamasına gəlincə, K.Borovoy 1991-ci ili xatırladıb: “1991-ci ildə Qorbaçovun reytinqi 90 faizdən çox idi. Amma az sonra - avqustun sonunda onun reytinqi 10 faizdən də az idi. İndi isə deyirlər ki, Putinin reytinqi 86 faizdir. Rusiya vətəndaşı qida məhsullarına əvvəlki ilə müqayisədə iki dəfə çox ödəyir, yeməyə pulu çatmır. Siz necə təsəvvür edirsiniz ki, həmin şəxs Putini dəstəkləyir? Hesab etmirəm ki, Rusiyada azad KİV var. Buna görə də reytinq haqqında danışmaq mənasızdır. Bu eynilə Sovet İttifaqında Kommunist Partiyasının məşhurluğu haqqında danışmağa bərabərdir. İnsanlar qorxurlar, repressiyalar həyata keçirilir və xüsusi xidmət orqanları işləyirlər”.

2018-ci ildə rusiyalıların Putinə yenidən səs verib-verməyəcəyinə gəlincə, K.Borovoy hazırkı proseslərin həmin tarixə qədər uzanacağını düşünmür: “2015-ci ilin martında ciddi etiraz aksiyalarının başlanmasını gözləmək olar. Söhbət artıq insan hüquq və azadlıqların təmin olunması barədə tələblərdən getməyəcək, insanlar sağ qalmaq arzusunu ifadə edəcəklər”.

K.Borovoy hesab edir ki, Donbas hövzəsində müharibənin dayandırılmasının resepti çox sadədir: “Bu resept Rusiya qoşunlarının Ukraynanın şərqindən və Krımdan çıxarılmasından ibarətdir. Düşünürəm ki, bu, kifayət qədər tez olacaq. Ona görə ki, Krım səhraya, Ukraynanın şərqi isə kriminal anklavların toplandığı əraziyə çevrilir. Ukrayna öz ərazilərini kifayət qədər aktiv müdafiə etmir. Belə bir təəssürat formalaşır ki, problemi bir başqasının - Qərbin, ABŞ-ın və yaxud da NATO-nun həll edəcəyini gözləyirlər. Əgər Pyotr Poroşenko gözləməyə davam edərsə, bu, Ukrayna üçün faciəli nəticələnə bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm