Ukraynanın MDB-dəki taleyi hüquqi müstəviyə keçdi
Bizi izləyin

Dünya

Ukraynanın MDB-dəki taleyi hüquqi müstəviyə keçdi

“Ukraynanın Müstəqil Dövlətlər Birliyi (MDB) orqanlarından çıxması ölkəyə təxminən iki milyon dollara qənaət etməyə imkan verəcək”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ali Radaya daxil olan hesabatda deyilir.

Sənədin müəllifləri qeyd edirlər ki, Ukrayna üzvlük üçün daha pul ödəməli olmayacaq. Bundan başqa, sənəddə bildirilir ki, MDB orqanlarından çıxmaq haqqında qətnamənin qəbulu Ukraynanın milli maraqlarının müdafiəsi üçün əlavə hüquqi və siyasi əsaslar yaradacaq, ölkənin nüfuzunun artmasına imkan verəcək.

Sənədin qəbul edilməsinin vacib olduğunu əsaslandırmağa çalışan müəlliflər hərbi təcavüz və MDB çərçivəsində qüvvədə olan öhdəliklərin (üzv ölkələrin ərazi bütövlüyünə hörmət) pozulmasına görə Rusiyanı ittiham edirlər. Onlar həmçinin qeyd edirlər ki, Rusiyanın hərbi təcavüzünə MDB tərəfindən reaksiya verilmədi.

“Belə şərtlərlə üzvlük və Ukraynanın MDB orqanlarında iştirakı məqsədəuyğun deyil”, - sənəddə deyilir.

Qeyd edək ki, sənəd keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş xarici işlər naziri Boris Tarasyukun da daxil olduğu deputat qrupu tərəfindən hazırlanıb.

Ukrayna hüquqi baxımdan MDB-nin üzvü olsa da, oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasında Ukraynanın dövlət başçısı səviyyəsində təmsil olunmaması üzvlüyün de-fakto dayandırıldığını göstərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm