Brayza: “Müqavilə Rusiyanın hibrid müharibəsinin bir hissəsidir”
Bizi izləyin

Dünya

Brayza: “Müqavilə Rusiyanın hibrid müharibəsinin bir hissəsidir”

ABŞ dövlət katibinin keçmiş köməkçisi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya və Abxaziya arasındakı imzalanan “Müttəfiqlik və strateji əməkdaşlıq Haqqında" müqaviləni şərh edib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, amerikalı diplomat rus-abxaz müqaviləsinin Rusiyanın apardığı “hibrid müharibəsi”nin bir hissəsi olduğunu bildirib.

“Abxaziya və Rusiya arasında müqavilənin əslində hüquqi qüvvəsi yoxdur. Çünki Abxaziyanı Nikaraqua, Vanuatu və bir neçə digər dövlətdən başqa heç kim tanımır. Ancaq Qərb bu müqaviləyə diqqətini yönəltməlidir. Söhbət Rusiya siyasətinin bir hissəsi olan hibrid müharibəsindən gedir. Bu siyasətin nəticələrini Ukraynada görürük. Bu siyasət Rusiyaya yaxın qonşuluğunda yerləşən ərazilərin ona birləşdirilməsini nəzərdə tutur”.

M.Brayza vurğulayıb ki, sözügedən müqavilə Rusiyanın 2008-ci ildə Gürcüstanda etdiklərinin davamıdır.

Xatırladaq ki, “Müttəfiqlik və strateji əməkdaşlıq Haqqında" müqavilə noyabrın 24-də Soçidə imzalanıb. Bu müqavilə ilə Abxaziya bütünlüklə Moskvanın nəzarətinə keçdi. Müqavilədə iki ölkənin birlikdə təşkil edəcəyi birləşmiş qoşun hissələrinin Abxaziya ərazisində yerləşdiriləcəyi təsbit edilir. Birləşmiş qoşun hissələri müqavilənin qüvvəyə mindiyi gündən bir il müddətində yaradılmalıdır. Bəzi məlumatlara görə, Abxaziya gənclərinə Rusiya silahlı qüvvələrində xidmət etmək hüququ verilir, onlar “birgə qoşunlarda”, yoxsa birbaşa Rusiya ordusunda əsgərlik keçməyi özləri seçə biləcəklər. Müqaviləyə əsasən, Abxaziya-Rusiya hərbi qüvvələrə birləşmiş komandanlıq rəhbərlik etsə də, ali baş komandan Rusiyadan olacaq.

Bununla yanaşı, Rusiya Abxaziyanın iqtisadi dirçəlişinə külli miqdarda maliyyə ayıracaq, humanitar, mədəni səviyyədə əməkdaşlıq ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm