Yaponiya Kuril adalarından imtinaya hazırlaşır?
Bizi izləyin

Dünya

Yaponiya Kuril adalarından imtinaya hazırlaşır?

Yaponiyanın baş naziri Sinzo Abe Kuril adaları problemi üzrə Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin özü bildirib.

“Mən şimal əraziləri problemini həll edərək sülh müqaviləsini bağlayacağam. Baş nazir kimi necə olursa-olsun, buna nail olmaq istəyirəm", - Sinzo Abe deyib.

Qeyd edək ki, SSRİ İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən Kuril adalarına nəzarəti ələ keçirib. Ada əhalisi arasında keçirilən ictimai sorğu isə maraqlı bir nəticə ortaya çıxarıb. Adada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunub. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adalar qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş nazir İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm