Fransa-ABŞ oxu və yaxud Olland Vaşinqtona nə üçün gedir?
Bizi izləyin

Dünya

Fransa-ABŞ oxu və yaxud Olland Vaşinqtona nə üçün gedir?

Fransa prezidenti Fransua Olland gələn həftə ABŞ-a səfər edəcək. Səfərlə bağlı dünya mətbuatında müxtəlif qiymətləndirmələr yer alıb.

Fransa prezidenti Fransua Olland gələn həftə ABŞ-a səfər edəcək. Səfərlə bağlı dünya mətbuatında müxtəlif qiymətləndirmələr yer alıb.Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında sözügedən səfərlə bağlı yazı dərc olunub. Həmin yazını təqdim edirik.

Dəyərləndirməyə görə, Fransa prezidentinin səfərindən önə çıxarılan bir xüsusiyyət 30 il əvvəl Fransanın bir başqa solçu prezidenti Fransua Mitteranın Silikon Vadisinə getməsi və informasiya dahisi Steve Jobsla görüşündən sonra F.Ollandın da ABŞ prezidenti ilə görüşündən əlavə Silikon Vadisinə baş çəkməyi planlaşdırmasıdır.

Qeyd edək ki, Silikon Vadisi dünyanın heç bir coğrafi xəritəsində əks olunmayıb, lakin yüksək komputer texnologiyaları mərkəzinə çevrilən bir məkandır. İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. Bu gün xüsusi texnoloji terminə çevrilən bu sözdən öz məqalələrində istifadə edərkən jurnalist mikroprosessor istehsalında silisiumundan yarımkeçirici kimi geniş tətbiq olunduğunu nəzərdə tuturdu. Silikon Vadisinin texnoloji mərkəz kimi tarixi məhz bu sənaye sahəsindən başlayıb.

F.Olland üçün ABŞ səfərində Ağ Evdə B.Obama ilə axşam yeməyi də daxil olmaqla bütün qapılar açılacaq. Dünyanın ən qədim iki respublikası xüsusiyyəti daşıyan ABŞ və Fransanın əlaqələri son vaxtlar Barak Obama-Fransua Olland xəttində daha da genişlənir. Hər iki ölkənin Yaxın Şərq və Şimali Afrika coğrafiyasında baş verən və “Ərəb baharı” adını alan prosesdə müxalifətə dəstək verib. Hər iki ölkə rəhbərliyinin İranın nüvə proqramı, Afrikadakı qarşıdurmalar və iqlim dəyişikliyi kimi mövzularda da mövqeləri çox yaxındır. Suriyanın kimyəvi silahlardan təmizlənməsi mövzusunda da bu iki ölkə mühüm rol oynayıb.

Yaxın keçmişə qədər ABŞ əleyhdarı bir xətt aparan Sosialist Partiyasının son vaxtlar transatlantik əlaqələr istiqamətindəki müsbət mövqeyi nəzərə çarpır. Paris Beynəlxalq və Strateji Əlaqələr İnstitutunun əməkdaşı Didye Billiona görə, Fransa 30 ildir ki, Şarl de Qoll-Mitteran xətti ilə atlantikçilik xətti arasındadır. İlk qrupda yer alanlar Fransanın siyasi olaraq bir Qərb gücü kimi təyin oluna bilməyəcəyini ifadə edir.

Onlara görə, Fransanın beynəlxalq əlaqələrdə özünəməxsus bir mövqeyi vardır. İkinci qrupda yer alanlar, yəni atlantikçilər Fransanın hər şeydən əvvəl Qərb ailəsinin üzvü olduğunu və Qərb dünyasını təhdid edən təhlükələrdən qorunmaq üçün ABŞ-ın liderliyini qəbul etməyin vacibliyini bildirir. Bugünkü Fransada hər iki siyasi cəbhədə 2 siyasi partiya təmsil olunur. Bir çox məsələlərdə bu iki qrup arasındakı fikir müxtəlifliyi açıq şəkildə görünür: Özünü idarə edə bilməyən dövlətlərə müdaxilə haqqı, mədəniyyətlərarası qarşıdurma anlayışı, islam dünyası ilə əlaqələr.

Qərbdə ilk vaxtlar atlantikçi cəbhədə yer alan keçmiş prezident Nikolas Sarkozidən sonra hakimiyyətə gələn F.Ollandın, de Qoll ənənəsini canlandıracağı ilə bağlı narahatlıq hakim idi. Ancaq bu narahatlıq əsassız imiş. Bu vaxta qədər Ollandın yürütdüyü xarici siyasətdə də Sarkozidən fərqli bir mövqeyin yer almadığı və atlantikçilikdə israrlı olduğu görünür.

Fransa prezidentinin ABŞ-a səfərinin xarici siyasət və iqtisadiyyatdan da əhəmiyyətli bir tərəfi var. “Le Monde” qəzetində çıxan bir məqalədə qeyd olunur ki, Ollandın ölkədəki reytinqi son dövrdə kəskin aşağı düşüb. Onun reytinqi hətta 20 faizlə ifadə edilir.

Türkiyə və ABŞ səfərləri ilə vəziyyəti dəyişdirməyə çalışan və son vaxtlar şəxsi həyatı da gündəmdə olan Ollandın buna nail olub-olmadığı qarşıdakı aylarda bəlli olacaq. Ancaq Fransa prezidentinin qarşısında duran daha bir problem ölkədəki yüksək işsizlik göstəricisidir. Fransada növbəti prezident seçkiləri 3 il sonra olacağını nəzərə alınarsa, Ollandın reytiniqini yüksəltmək və problemləri həll etmək üçün kifayət qədər zamanı olduğu görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm