• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiya və NATO Qara dənizi qan gölünə çevrilə bilər

  • Dünya
  • 2 Dekabr 2014 09:10
  • 733 Baxış
Rusiya və NATO Qara dənizi qan gölünə çevrilə bilər

“Ola bilsin ki, bu gün birbaşa təhlükə gözlənilmir, amma Rusiyanın Qara dəniz hövzəsində öz hərbi gücünü artırması artıq faktiki olaraq, yaxın gələcəkdə Xəzər-Qara dəniz hövzəsi dövlətləri - Ukrayna, Gürcüstan və hətta Azərbaycan üçün təhdid amilinə çevriləcək”.

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son zamanlar Rusiyanın Qara dənizdə qüvvələr nisbətini dəyişməsi fonunda bölgədəki vəziyyəti şərh edərkən deyib.

O, geosiyasi anlamda bu məkanın vahid bölgə kimi götürüldüyünü bildirib:

“Bu, bizim üçün də təhlükə yaradır. Ancaq ən ciddi təhlükə ondan ibarətdir ki, Qara dəniz bölgəsində Türkiyə və bir sıra digər NATO dövlətləri də var. Belə olan halda bu, NATO-nu da həmin bölgədə fəallaşmağa məcbur edir. Ola bilər ki, Rusiyanın bu addımı sayəsində faktiki olaraq Qara dəniz “militarizasiya zonası”na çevrilsin. Məsələ burasındadır ki, Qara dənizin böyük bir hissəsi neytral sulardan ibarətdir. NATO öz hərbi donanmasını Qara dənizdə gücləndirərsə, bu hövzənin Rusiya-NATO qarşıdurması zonasına çevrilməsinə səbəb olacaq. Çox yüksək ehtimalla NATO-nun Qara dənizdə çəkisi artacaq və iştirakı intensivləşəcək. Silahlı qüvvələrin cəmləşdiyi ərazi istənilən halda həmişə təhlükə mənbəyidir. Çünki hər hansı kiçik bir münaqişə birbaşa hərbi toqquşmalara səbəb ola bilər. Nəzərə alsaq ki, Rusiyanın ən azı Ukrayna və Gürcüstanla xüsusi problemləri var, elə bu amil münaqişəni qaçılmaz edə bilər. Bu mənada, fikrimcə, Qara dəniz bölgəsi hazırda dünyanın ən potensial təhlükəli bölgələrindən birinə çevrilib. Ona görə ki, məhz bu bölgədə qarşı-qarşıya duran geosiyasi rəqib tərəflər öz hərbi potensialları ilə birbaşa təmsil olunurlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR