Putinin məğlubiyyəti, yoxsa “qaz müharibəsi”ndə yeni strategiya?
Bizi izləyin

Dünya

Putinin məğlubiyyəti, yoxsa “qaz müharibəsi”ndə yeni strategiya?

Qərb mediası hazırda Rusiyanın “Cənub axını" qaz kəmərinin inşasından imtinası barədə prezident Vladimir Putinin sensasiyalı bəyanatını şərh edir.

Xəbər verildiyi kimi, Putin Türkiyə səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyıb Ərdoğanla üç saatlıq görüşdən sonra “Cənub axını” layihəsindən imtina etdiklərini açıqlayıb. Kreml lideri Avropa Birliyinin layihənin icrasına mane olduğunu, həmçinin Bolqarıstanın kəmərin tikintisinə icazə vermədiyini deyib.

Bolqarıstan "Cənub axını" qaz kəmərinin tikintisi üzrə bütün işləri layihənin Avropa Komissiyasının tələblərinə cavab vermədiyini əsas gətirərək hələ avqust ayında dondurub. İyun ayının əvvəlində Avropa Birliyi rəsmi Sofiyadan Ukraynadan yan keçərək Avropaya Rusiya qazını nəql etməyə imkan verən "Cənub axını" qaz kəməri tikintisinin qeyri-müəyyən müddətə dayandırılmasını tələb etmişdi.

“Cənub axını”nın əvəzində isə Türkiyəyə yeni qaz xətti çəkiləcək. Bu xətt Türkiyə-Yunanıstan sərhədinin Türkiyə tərəfində yaradılacaq qaz terminalına birləşdirəcək. “Qazprom” rəhbəri Aleksey Millər deyib ki, bu dəyişiklik nəticəsində “Cənub axını” xəttinin Avropadakı əlaqə nöqtəsi Bolqarıstan deyil, Türkiyə olacaq. Bu isə o deməkdir ki, TANAP kimi “Cənub axın”ı da Avropaya Yunanıstan üzərindən bağlanacaq.

Qərbdə “Cənub axını” layihəsinin reallaşdırılmasından imtinanı isə çoxmənalı şərh edirlər. “The New York Times” qəzeti Putinin qərarını onun diplomatik uğursuzluğu adlandırıb. Britaniyanın “The Times” nəşri isə əksinə, hesab edir ki, Putin Avropaya yeni “qaz müharibəsi” elan edib. Qəzetin fikrincə, Moskva iqtisadi mexanizmlərin köməyi ilə Avropa Birliyi ölkələrini cəzalandırmağa çalışır.

Eyni zamanda Avropa Komissiyasında bildiriblər ki, “Cənub axını”ndan Rusiyanın imtinası haqqında rəsmi xəbərdarlıq almayıblar. Qurum rəsmilərinin Rusiya mətbuatına açıqlamasında qeyd olunur ki, Avropa Komissiyası “Cənub axını” qaz kəmərinin tikintisinin tam dayandırmasını təkid etməyib, layihənin yalnız “Üçüncü enerji paketi”nin normalarına uyğunlaşdırılmasını tələb edib. Bu normativ sənədin əsas mahiyyəti ondan ibarətdir ki, boru kəmərlərinin kim tərəfindən inşa və idarə edilməsindən asılı olmayaraq, istənilən regional və qeyri-regional qaz təchizatçılarının sözügedən boru xətlərindən bərabər və ədalətli əsaslarla istifadəsi təmin edilməlidir. Başqa sözlə, Avropa Birliyinə üzv olub-olmamasından asılı olmayaraq, qurumla münasibətdə hər kəs Brüsseldə idarə olunan oyun qaydalarına riayət etməlidir.

Öz növbəsində Serbiya hakimiyyəti "Cənub axını" tikinti layihəsi ilə bağlı Rusiyanın imtina qərarını ölkəsi üçün pis xəbər adlandırıb.

Analitiklər isə xəbərdarlıq edirlər ki, Türkiyədən də problemləri gözləmək olar. Enerji məsələləri üzrə ekspert, “Sberbank Investment Research” şirkətinin analitiki Valeri Nesterovun fikrincə, müxtəlif mənbələrdən enerji idxalında balansa riayət etdiyindən Türkiyənin Rusiya qazına tələbatı əhəmiyyətli dərəcədə artmayacaq. O qeyd edir ki, Rusiya bu halda tranzit risklərdən xilas olmur. V.Nesterov Ankaranın da öz mövqeyini dəfələrlə dəyişdirirdiyini qeyd edir.

“The New York Times” qeyd edir ki, Avropa Birliyi və Rusiya arasındakı “qaz müharibə”nin yalnız bir qalibi var: Türkiyə. Qəzet Türkiyənin Çindən sonra güzəştli qiymətlərlə enerjidaşıyıcıların uzunmüddətli çatdırmalarını təmin etdiyini yazıb.

Lakin “Reuters” agentliyinin fikrincə, Türkiyə və Rusiya arasındakı enerji əməkdaşlığı Ankaranın Qərblə münasibətlərində, o cümlədən Avropa Birliyinə üzvlük məsələsinə problem yarada bilər. “Sberbank Investment Research”ın analitiki V.Nesterov vurğulayıb ki, faktiki olaraq "Cənub axını" layihəsindən imtina barədə qərarı Rusiya deyil, məhz Avropa qəbul edib. Onun sözlərinə görə, “Cənub axını”nı reallaşdırılmaması Avropaya qazın çatdırmasına mənfi təsir edəcək. Avropa Birliyinin səhv siyasət apardığını deyən Nesterov yalnız Bolqarıstanın qazın tranzitinə görə ödəniləcək illik 400 milyon dolları itirdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm