Kreml şokda: “Bu, çeçen xalqının müqəddəs müharibəsinin başlandığı barədə siqnaldır”
Bizi izləyin

Dünya

Kreml şokda: “Bu, çeçen xalqının müqəddəs müharibəsinin başlandığı barədə siqnaldır”

Dekabrın 3-dən 4-nə keçən gecə Çeçenistan Respublikasının paytaxtı Qroznıda mücahidlərin polislərə hücumu Rusiyada şok effekti yaradıb. Düzdür, Çeçenistanda “üsyan” yatırılandan sonra da terror aktları və polis məntəqələrinə hücumlar tez-tez təşkil olunur. Amma son hücum onların heç birinə bənzəmir.

Qeyri-rəsmi məlumatlara görə, döyüşlərdə 70-80 nəfər “kadırovçu” öldürülüb. Hücumu təşkil edən silahlıların sayı haqqında dəqiq məlumat olmasa da, səslənən rəqəmlər Moskvanın narahat olması üçün kifayət qədər əsaslar yaradır. Bəzi məlumatlarda onların sayının 300-ə qədər ola biləcəyi iddia olunur. Yerli jurnalistlərdən biri şəhərdə 200-ə qədər mücahidin hərəkət etdiyini bildirib.

Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abdurrahmanovun Çeçenistanda baş verən terror hadisələrin təşkilatçılarının Vaşinqton və Brüsseldə oturduğunu deməsi isə geosiyasi mətləblərdən xəbər verir. O, ABŞ və Qərbi Avropadan Çeçenistana Ukrayna və Baltikyanı ölkələr vasitəsilə faşizmin geri qayıtdığını bildirib.

Ukraynanın “obozrevatel.com” saytında Qroznıda baş verən son hadisələri şərh edən jurnalist-ekspert Nikolay Feldmanın fikirləri isə Moskva üçün daha qorxulu sayıla bilər. O qeyd edir ki, liderlər Qroznıdakı hadisələrin xüsusi xidmət orqanlarının əməliyyatı, yaxud “hibrid müharibəsi”nin ikinci cəbhəsinin olduğunu aydınlaşdırmağa çalışırlar. Əslində isə Qroznıda baş verənlərin Rusiya üçün hansı nəticələrə səbəb olacağına aydınlıq gətirməlidirlər.

N.Feldmanın fikirincə, əgər həqiqətən çeçen mücahidləri ikinci cəbhəni açıbsa, o halda Donbas hövzəsindəki çoxsaylı “kadırovçular” vətənə geri qayıdacaqlar: “Bu, çeçen xalqının bütün nümayəndələrinə müqəddəs müharibənin başlandığı barədə siqnaldır. Bu siqnaldır ki, onlar, nəhayət, qələbə, müstəqillik və tarixi ədalətin bərpası üçün real şanslara malikdirlər. Bu həmçinin Kreml tərəfindən işğal edilmiş kiçik qardaş xalqlara - dağıstanlılara, osetinlərə və abxazlara siqnaldır: silahı ələ götürmək və torpaqları azad etmək lazımdır”.

Ekspertin sözlərinə görə, Qroznıda baş verənlər bütövlükdə real münaqişədir: “Bu, Rusiya və Kreml üçün çox pisdir. Yaxınlaşan və qaçılmaz dağılma əlamətidir. Hücumların sayı gec-tez Kremli vuracaq. Ehtimallardan biri isə budur ki, Çeçenistan paytaxtındakı hadisələr “kadırovçular” və Rusiya xüsusi xidmət orqanlarının “daxili irini” açmaq məqsədi ilə həyata keçirdiyi birgə əməliyyatdır. Məqsəd isə Ukrayna ilə müharibədən diqqəti yayındırmaq ola bilər. Amma bu, Rusiya üçün daha pisdir. Çünki Kreml bu halda ikinci cəbhəni öz əlləri ilə açır və yuxarıda sadaladığımız siqnallar zəncirini yaradır. Amma hər iki halda Qroznıdakı hadisələr çox ciddi zəngdir, böyük miqyaslı problemlərin yaxınlaşdığını göstərən siqnallar zəncirinin başlanğıcıdır”.

“Krımın zəbt edilməsi, Donbas hövzəsində oyuncaq respublikalarının yaradılması və Ukraynaya qarşı müharibə müharibənin yeni mərhələsini yaratdı. Yeni müharibə Rusiyanın öz ərazisində başlayıb. İnsanlar məhv olur, binalar yanır, ağır silahdan istifadə olunur. Bu müharibədir və görünür Rusiyanın daha çox ərazilərini əhatə edəcək. Və Rusiya üçün yaxşı yol görünmür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm