ABŞ “soyuq müharibə”yə başlayır, Rusiya raketlərinə güvənir
Bizi izləyin

Dünya

ABŞ “soyuq müharibə”yə başlayır, Rusiya raketlərinə güvənir

“Ukraynanın fonunda Qərb ilə Rusiyanın münasibətləri bütün parametrlər üzrə “soyuq müharibə” dövrünü xatırladır”.


Bunu Axar.az-a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.

O bildirib ki, ABŞ və Avropa İttifaqı ölkələri ilə Rusiyanın qarşıdurması getdikcə daha ciddi hal alır:

“ABŞ bu məsələdə daha öndə gedir. Bu gün Obama ilə Putinin şəxsi münasibətləri heç zaman olmayan səviyyədə soyuqlaşıb. Qarşıdurmalar açıq müstəvidə gedir. Bu kontekstdə ABŞ-ın qəbul etdiyi 758 saylı sənəd prinsip etibarilə Ukrayna böhranı ilə bağlı Moskvaya sanksiyalar tətbiq etməsi baxımından ABŞ Konqresinin əl-qolunu daha çox açmış olur. Rusiyanın vəzifəli şəxslərinin bank hesablarının dondurulması ilə bağlı addımda rəsmi Vaşinqtonun niyyəti ondan ibarətdir ki, bu şəxslər Putinin yaxın əhatəsidir və belə olan halda “X” günündə bu şəxslər Putindən üz döndərə bilərlər. Bu isə ölkə daxilində çox ciddi qarşıdurma mühiti yarada və Putinin legitimliyini məhdudlaşdıra bilər. Qanun prezidentin təsdiqindən sonra qüvvəyə minmiş hesab ediləcək. Nəzər alsaq ki, ABŞ-dakı son aralıq parlament seçkilərində hər iki palatada üstünlüyü respublikaçılar əldə edib, buna görə də bu sənədin rahat keçəcəyini indidən proqnozlaşdırmaq olar. Vaxtilə ABŞ-la Rusiya arasında rusların öz sözüylə desək, “pereqruzka” deyilən bir məsələ var idi. Yəni münasibətlərin yüksüzləşdirilməsi. Ancaq Ukrayna böhranı bunu alt-üst etdi. 1945-ci ildən sonra başlamış “soyuq müharibə” yenidən qayıdır. Bu, dünyada sülhə və təhlükəsizliyə çox ciddi təhlükədir. Vəziyyət o qədər dərinləşib ki, tərəflərdən birinin kompromisə getməsi məğlubiyyət kimi qəbul olunur”.

Politoloqun sözlərinə görə, Rusiya bu gün hələ təsdiqini tapmamış çox ciddi məlumatlar yayır:

“Guya Almaniya hazırda problemin həllini tapmaq üçün yeni təşəbbüslə çıxış edir ki, Ukrayna tərəfi Krımın ilhaqı ilə barışsın və Krıma quru yolu təmin edilsin. Əvəzində isə Donbasın Ukraynada qalması məsələsi öz əksini tapa bilər. Eyni zamanda Ukrayna NATO və Aİ-yə daxil olmaqdan imtina etsin. Ancaq belə bir vəziyyətdə qarşıdurmanın həlli mümkündür. Hesab edirəm ki, bu, hələ təsdiqini tapmamış məlumatdır. Amma Rusiya Almaniyanın adına çıxarılmış bu məlumatı son günlər mətbuatda xeyli tirajlamaqla məşğuldur. Yəni Rusiyanın güzəştə getmək fikri yoxdur. Yəqin ki, Rusiya bu halda ABŞ-la bərabər səviyyədə olan nüvə silahına istinad edir. Kandaliza Rays Buşun vaxtında bildirmişdi ki, biz Rusiyanın gücsüzlüyündən qorxuruq.

Rusiyaya 453 milyon dollar vəsait ayırmışıq ki, bizə tuşladıqları qitələrarası ballistik raketlərini saz vəziyyətdə saxlasınlar. Çünki istənilən an atəş açıla bilər”. Buna görə də hesab edirəm ki, bu nüvə məsələsi Rusiyanın əlində çox ciddi təsir vasitəsidir. ABŞ isə bu reallığı hər zaman nəzərə alır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm