Jirinovskinin yaxın adamı: “Rusiya ordularını Ukraynaya göndərə bilər”
Bizi izləyin

Dünya

Jirinovskinin yaxın adamı: “Rusiya ordularını Ukraynaya göndərə bilər”

Son günlər Rusiya bölgədəki hadisələrə aktiv sürətdə qoşulur. Krımla bağlı açıqlamalar, miqrasiya ilə bağlı vəziyyətin qarışması davam edir. Bu məsələlərin fonunda Vladimir Jrinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyası xüsusilə radikal çıxışlar etməklə fərqlənir. Məsələ ilə əlaqədar LDPR-in üzvü, Rusiya Dumasının deputatı Roman Xudyakov “Axar.az”-a danışıb.

Rus donanması sakit baxmayacaq...

- Krım öz muxtariyyətini itirə bilərmi?

- Məncə, Krım hər şeyə rəğmən öz muxtariyyətini saxlayacaq. Ultramillətçi qrupların açıq-aşkar bu arzularını ifadə etmələrinə baxmayaraq, Ukrayna hakimiyyəti və sadə Krım vətəndaşları öz statuslarını qorumaq niyyətindədirlər. Burada nəyisə dəyişmək elə də asan olmayacaq. Əgər ölkədə hakimiyyət dəyişsə, Krımın muxtariyyətini itirməsi elə də rahat olmayacaq. Bu məsələdə Rusiya da kənarda qalmayacaq. Açığı, bu əyalətdə bizim çoxlu vətəndaşımız yaşayır və bizim hərbi donanmamız da Krımda yerləşir. Krım haqqında atılan istənilən qeyri-qanuni addım bizimlə müzakirə ediləcək.

- Son günlər Krımın Türkiyəyə qaytarılması kimi iddialar səsləndirilməyə başlanıb. Buna səbəb kimi isə Osmanlı imperiyası və Rusiya arasında Krımla əlaqədar imzalanmış müqavilə müddətinin bitməsi göstərilir. Sizcə, Osmanlının qanuni varisi kimi Türkiyə Krımı yenidən geriyə tələb edə bilərmi?

- Bütün bu iddialar ciddi qəbul edilə bilməz. Düşünmürəm ki, Türkiyədə kimsə ciddi şəkildə Krımın yenidən özlərinə geri qaytarılması haqqında danışsın. Bu, sadəcə, piardır. Əgər biz 18-ci əsrdə kimin hansı ərazilərə malik olduğuna nəzər yetirsək və bunu tələb etsək, o zaman gərək bütün dünya öz şəkilini dəyişdirsin. Krımın taleyi ilə bağlı gərək ilk növbədə burada yaşayan vətəndaşların özləri qərar versinlər. Onların özündən soruşmaq lazımdır ki, kiminlə və hansı statusda olmaq istəyirlər. Mən əminəm ki, Krım əhalisini Türkiyədən daha çox Rusiya özünə cəlb edir.

Rusiya ordularını Ukraynaya göndərə bilər

- Jrinovski deyir ki, Rusiya gərək Ukraynaya öz ordularını göndərsin. Bu fikir reallaşa bilərmi?

- Hazırkı məqamda Ukraynada hər şey baş verə bilər. Lakin mənə elə gəlir ki, məsələ orduların bura yeridilməsinə qədər gəlib çatmayacaq. Vladimir Volfofiç əslində bütün vasitələrlə Ukraynada yarana biləcək vətəndaş müharibəsinin qarşısını almaqdan ötrü bunları deyirdi. Təsəvvür edin ki, nə qədər insan həmin ana qədər ölə bilər? Ölkəni nəyə çevirərlər? Bu konfliktin qarşısını doğulmazdan öncə almaq daha yaxşı olardı. Təbii ki, Rusiya bu məqamda bütün beynəlxalq hüquq normalarını əsas tutacaq.

- Bəs miqrantlarla problem necə həll oluna bilər? Sizin partiya, deyəsən, bu istiqamətdə çox radikal mövqeyə malikdir.

- Rusiyada miqrantlarla bağlı problem artıq müddəti keçmiş məsələdir və yalnız həlledici qərarlar vəziyyəti xilas edə bilər. Hazırda Moskva və Sankt-Peterburqda hansı situasiya hökmranlıq edir? Burada etnik cinayətkarlıq çox yüksək səviyyədədir. Gecə küçədə qarət olunacağam və ya öldürüləcəyəm qorxusu ilə küçəyə çıxmaq mümkün deyil. Vətəndaşlar bütün gücləri ilə çalışırlar ki, istənilən bazar və tikintidən yan keçsinlər. Bizim partiya məhz qeyri-qanuni miqrasiya və Rusiyaya xuliqanlarla cinayətkarların gəlməsinə qarşı çıxış edir. Biz başqa ölkələrin xoşniyyətli, qanunlara əməl edən vətəndaşlarına qarşı heç bir iddia ilə çıxış etmirik.

Mənim təklifim əsasında qeyri-qanuni miqrasiyanın həll edilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu hazırladığım layihəyə əsasən tez bir zamanda qeyri-şərtsiz olaraq miqrasiya haqqında qanunvericiliyi pozmağa görə cərimələri artırmaq lazımdır. Hər hansı bir şəxs Rusiya Federasiyasına gəliş zamanı baş vermiş qayda pozuntuları üçün 50000 rubl cərimə ödəyəcək. Qanunu pozan xarici vətəndaşlar sərhəd kənarına çıxarılacaq və 15 il geri qayıda bilməyəcəklər. Qeyri-qanuni miqrantlara iş verən bütün iş adamlarına 1 milyon rubl cərimə kəsiləcək. Xüsusilə bazarlara diqqət etmək lazımdır ki, burada əsas üstünlüyü yerli satıcılar qazansınlar. Bax, bütün bunlar həyata keçiriləndən sonra Rusiyanın qarşısında bu problemlə bağlı heç bir təhlükə qalmayacaq.

Qarabağ konflikti Rusiyanın iştirakı ilə həll olunmalıdır

- Rusiya Qarabağ və Dnesteryanı kimi seperat rejimləri tanıya bilərmi?

- LDPR həmişə konfliktlərin sülh yolu ilə həll olunması üçün çıxışlar edib. Bu ərazilərdə yaşayan xalqlar mütləq məsələ ilə əlaqədar mövqelərini deməli və dinlənilməlidirlər. Qarabağ və Dnesteryanı məsələləri bir-birindən fərqlənir və onlara bir yerdə nəzər yetirmək doğru olmaz. Oradakı tarix və hazırda davam edən situasiya da fərqlidir. Onların statusu bütün konflikt tərəflərinin, beynəlxalq vasitəçilərin, birinci növbədə isə Rusiyanın iştirakı ilə beynəlxalq qanunvericilik çərçivələri əsasında həll olunmalıdır.

Məsələn, mən Moldovanın tərkibində olan Qaqauziya Muxtariyyətində keçirilən referendumda müşahidəçi kimi iştirak edirdim. Buradakı insanların 98%-i Moldovanın hazırkı siyasətindən narazı olduqlarını bildirdilər və Gömrük İttifaqına daxil olmaq üçün səs verdilər. Faktiki olaraq bütün xalq öz fikrini deyib. Mənə elə gəlir ki, biz buna göz yuma bilmərik. Dnesteryanıda isə məsələ tam aydındır. Hələ 90-cı illərin əvvəllərində Moldova hakimiyyəti zorla vətəndaşları rumın olmağa məcbur edirdi. İndiki zamanda Dnesteryanı de-fakto özü-özünü idarə edir. Mən özüm də əslən oralıyam və tez-tez orada oluram. Sizi əmin edə bilərəm ki, buranın vətəndaşlarının heç biri Moldova ilə yenidən bir arada olmaq istəmir. Onlar sonradan Rusiyanın tərkibinə daxil olmaq üçün müstəqillik istəyirlər və biz LDPR olaraq onları tam dəstəkləyirik. Dnesteryanının bütün tarix boyu Moldova ilə heç bir ortaq nöqtəsi olmayıb. O zaman sual verirəm: niyə onlar buna görə əziyyət çəkməlidirlər?

Putindən sonra Jrinovski Prezident ola bilər

- Putindən sonra Rusiyanın prezidenti Jrinovski ola bilərmi?

- Birincisi, Rusiyada Prezident seçkisinə hələ çox var. Bunun haqqında düşünmək tezdir. Bizim çoxlu savadlı, intellektual siyasətçilərimiz və dövlət xadimlərimiz var. Təbii ki, Vladimir Jrinovski də bu siyasətçilər sırasında yer alır. Fikirləşirəm ki, Jrinovski onu dəstəkləyən xalq üçün çox gözəl prezident olardı.

-

Deyilənə görə, LDPR nasist partiyasıdır. Bununla razısınızmı?

- Söylənilənlərin hamısı yalandır. Vətənpərvərliyi millətçiliklə qarışdırmaq lazım deyil. LDPR – rus xalqı və onun maraqlarının müdafiəsi üçün mövcud olan partiyadır. Nədənsə bizi arzulamayanlar hər dəfə bizi ləkələməyə çalışırlar. Bizim nizamnaməni oxusanız, orada nasistliklə bağlı heç bir bənd görməyəcəksiniz.

- Azərbaycandakı həmkarlarınıza nə isə demək istəyirsinizmi?

- Bizim partiya hər zaman Azərbaycandakı həmkarlarım ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Rusiya üçün dost ölkə və vacib partnyordur. Bütün Azərbaycan xalqına rifah və firavanlıq arzu edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm