• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Ərdoğanı Putinə qarşı “soyuq müharibə”yə qoşmaq istəyir

  • Dünya
  • 8 Dekabr 2014 11:35
  • 435 Baxış
Avropa Ərdoğanı Putinə qarşı “soyuq müharibə”yə qoşmaq istəyir

Avropa Birliyi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmamasından narahatdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Amerikanın səsi” radiosu yazıb.

Radionun məlumatına görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Frederik Moqerinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə səfər edəcək. “Amerikanın səsi” qeyd edir ki, avropalı diplomatlar Ankaranı sanksiyalara qoşulmağa, yaxud da ən azından məhsullarını Rusiyaya ixrac etməklə vəziyyətdən sui-istifadə etməməyə inandırmağa çalışacaqlar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də ötən həftə Türkiyəyə səfəri öncəsi “Anadolu” xəbər agentliyinə müsahibəsində sanksiyalara qoşulmayan Ankaraya təşəkkürünü bildirib. V.Putin Türkiyənin addımını uzaqgörən adlandırıb.

“Türk partnyorlarımız kənar siyasi ambisiyalara görə öz maraqlarından imtina etmədilər. Hesab edirəm ki, bu həqiqətən də düşünülmüş və uzaqgörən hesablamadır", - Rusiya lideri qeyd edib.

Qərbin çağırışlarına baxmayaraq, Ankara anti-Rusiya sanksiyalarına qoşulmaq niyyətində deyil. Əksinə, Türkiyə Rusiya ilə hazırda 35 milyard dollar olan ticarət dövriyyəsini yaxın illərdə 100 milyard dollara qədər artırmağı planlaşdırır. Təbii ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu planın həyata keçirilməsi üçün real şans yaradır. V.Putin də bildirib ki, Rusiyaya ət, süd və balıq məhsulları, tərəvəz və meyvələrin ixracını artırmaq barədə Türkiyənin niyyətini alqışlayır.

“Biz artıq Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla ticarət dövriyyəsinin 100 milyard dollara qaldırılması haqqında razılaşmışıq”, - Putin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Ankaranın Moskva ilə yaxınlaşmağa vadar edən əsas amillərdən biri Avropanın davranışlarıdır. Rəsmi Ankara 2005-ci ildən Avropa Birliyinə giriş haqqında danışıqlar aparır. Ancaq Kipr problemi, həmçinin Türkiyənin üzvlüyünə qarşı bəzi Avropa Birliyi ölkələrinin, o cümlədən Fransa və Almaniya kimi güclərin etirazı prosesin dalana dirənməsinə səbəb olub.

Avropa Birliyinin nümayəndələrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Ancaq avropalı diplomatların Ankaranı Moskvaya qarşı sanksiyalara qoşulmağa inandıracağına ümid çox azdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR