• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya siyasətində 3-cü Buş mərhələsi başlayır - PROQNOZ

  • Dünya
  • 11 Fevral 2014 15:45
  • 1 160 Baxış
Dünya siyasətində 3-cü Buş mərhələsi başlayır - PROQNOZ

Hələ də dünya siyasətində ən təsirli ölkə olan ABŞ-da artıq növbəti prezident seçkilərinin ayaq səsləri eşidilir. 2016-cı il noyabr ayında keçiriləcək 58-ci prezident seçkiləri üçün partiyalar və namizədlər arasındakı yarış indidən başlayıb.

Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında sözügedən seçkilərlə bağlı gözləntilər, prezidentliyə iddialı şəxlər və digər məqamların yer aldığı yazı dərc olunub. Həmin yazını təqdim edirik.

Demokratlar və Respublikaçılar: Kim daha şanslıdır?

Hazırkı prezident iki dəfə seçildiyi üçün 2016-cı ildə namizəd ola bilməyəcək. Corc Buşun iki prezidentliyi dövründə sərgilənən təcavüzkar xarici siyasətə görə dünyada və ölkə daxilində sərt bir tonda tənqid olunan, ABŞ-ın yeni demoqrafik (artan ispan və Afrika mənşəli əhali) quruluşu səbəbi ilə problemlər yaşayan respublikaçılar növbəti seçkilərdə olduqca iddialıdır. Respublikaçıların ən əhəmiyyətli kartı , heç şübhəsiz ki, demokratların Obama ilə dünyadakı bir çox problemə hələ də həll yolu tapa bilməməsidir. Dövlət katibi Con Kerrinin böyük səylərinə baxmayaraq, dünyada demək olar ki, daşlaşan siyasi problemləri bir anda həll etmək çox çətindir. ABŞ-ı Yaxın Şərq bataqlığından uzaqlaşdıraraq, Asiya-Sakit okeanı regionunda təsirli gücə çevirmək istəyən Obamanın partiyası üçün seçkilərdə ən böyük problem isə “Ərəb baharı”nın gözlənilən nəticə verməməsidir. Liviyada ABŞ səfirinin öldürülməsi və Suriyada davam edən vətəndaş müharibəsi buna misal ola bilər. Buna görə də respublikaçıların təməl hədəfi İsrail hökuməti və yaxın əlaqələri olduğu bəzi ərəb monarxiyalarının dəstəyi ilə demokratların küncə sıxışdırılması olacaq.

Respublikaçıların ABŞ ictimaiyyətinin dəstəyini təmin etmək üçün "Obamacare" kimi tanınan tibbi sığorta qanunu üzərindən demokratlara hücum etməsi ehtimalı da yüksəkdir. Çünki əslində son dərəcə məqbul və müvəffəqiyyətli bir layihə olan “Obamacare” son aylar ictimaiyyətin dəstəyini itirib. Respublikaçılar həmçinin partiyanın haqsız bir şəkildə ağ amerikalılarla qaynaşan imicini dəyişdirmək üçün də ağıllı bir siyasət aparır. Son dövrdə Hollivudda Respublikaçılar Partiyasının böyük lideri və vətəndaş müharibəsi dövründə köləliyi ləğv edən Abraham Linkolnla bağlı filmlər artmağa başlayıb. Bu filmlər seçkilər öncəsi respublikaçıların imicinə fayda gətirə bilər.

2016-cı il prezident seçkilərində Demokrat Partiyasının əhəmiyyətli üstünlükləri olacaq. Dünya ictimaiyyətdə ABŞ-ın sülhsevər üzü olaraq tanınan demokratlar iki dövrlük iqtidarın yaratdığı yorğunluğa baxmayaraq qarşıdakı seçkilərdə də iddialı görünür. Burada təməl səbəb şübhəsiz ki, Obama iqtidarında yeni müharibələrə icazə verilməməsi, Əfqanıstan və İraq kimi ölkələrdən hərbçilərin çəkilməsi ilə itkilərin azalmasıdır. İlk illərdə iqtisadi böhranla üzləşən Obama rəhbərliyinin son vaxtlar iqtisadi sahədə müvəffəqiyyətli bir tablo ortaya qoymağa başladığı görünür. 2009-cu ildə 2,8 faiz geriləyən ABŞ iqtisadiyyatı, sonrakı illərdə 2,5 (2010), 1,8 (2011) və 2,8 (2012) faiz inkişaf edib. İnkişaf 2014, 2015 və 2016-cı illərdə də davam edərsə, demokratların əli güclənəcək. Demokratların qələbə qazanma ehtimalını yüksəldən digər bir məqam isə namizəd olma ehtimalı yüksək göstərilən Hillari Klintonla bağlı “Amerika tarixinin ilk qadın prezidenti” təbliğatının aparılmasıdır. Təbii ki, respublikaçıların namizədinin Kondaliza Rays olması və hər iki partiyadan da qadın namizədinin yarışacağı halda bu təbliğatın təsiri azalacaq. Demokratların mövqeyini zəiflədən bir mövzu isə son illər radikal islamçı hərəkatların, məsələn “Əl-Qaidə”nin güclənməyə başlamasıdır.

Demokratların əlini gücləndirən məsələlər hələlik yalnız Tunisdə demokratik keçidin müvəffəqiyyətlə tamamlanması və İranla əldə olunan müvəqqəti nüvə razılaşmasıdır. Ancaq Tunisdə də demokratiyanın çökməsi və İranla razılaşmasının davam etməməsi halında Obamanın xarici siyasəti sıfırlanacaq.

Prezidentliyə namizədlər

Demokratların namizədinin amerikalı seçicinin çox yaxşı tanıdığı keçmiş dövlət katibi Hillari Klintonun olması ehtimalları daha yüksəkdir. Klintonun demokratların daha sağ qanadında iştirak etməsi seçkilərdə ona üstünlüyu təmin edəcək ən əhəmiyyətli ünsürlərdən biridir. Ancaq Klintonun bəzi çətinlikləri də var. Liviyadakı ABŞ səfirinin öldürülməsində günahkar olaraq Klinton göstərilir. Klintonun müəyyən bir yaşa gəlməsi və ciddi sağlamlıq problemlərinin olması istər demokrat seçicilər, istərsə də ölkə miqyasındakı seçicilər üçün çətinlik yaradacaq məsələdir. Bir başqa ciddi demokrat namizəd isə ABŞ-ın vitse-prezidenti Co Bayden olacaq. Bayden Obamanın arxasındakı gizli güc olaraq Amerika ictimaiyyətdə olduqca yaxşı tanınır.

O, əvvəlki seçkidə Obamanın seçilməsinin memarlarından biri olaraq göstərilir. Ancaq onun yaxşı bir prezident olaraq işləyə biləcəyi mübahisəlidir. Hazırkı vəziyyət üçün ən məqbul görünən demokratların seçkilərdə Hillari Klintonu namizəd göstərməsidir.

Respublikaçılarda isə vəziyyət daha dolaşıqdır. Son seçkilərdə namizəd olan və heç də pis performans göstərməyən Mitt Romninin namizədliyi seçkilər yaxınlaşdıqca yenidən gündəmə gələ bilər. Respublikaçıları bir başqa vacib namizədi Florida ştatından olan senatoru Marko Antonio Rubiodur. Rubionun latinoamerikan mənşəyi, Florida kimi əhalisi çox olan bir statin senatoru olması əhəmiyyətli məqamlardır. Adı mətbuatda çox çəkilməsə də, respublikaçıların bir başqa ciddi namizədi Corc Buş dövrünün milli təhlükəsizlik məsləhətçisi və dövlət katibi Kondaliza Rarsdır. Xüsusilə, Hillari Klintonun demokratların namizədi olacağı halda respublikaçılar da “ilk qadın prezident” təbliğatına imkan verməməsi üçün Raysı önə çıxara bilər. Respublikaçıların önə çıxacaq bir başqa namizədi isə Florida ştatının keçmiş qubernatoru Ceb Buşdur.

Qubernatorluq təcrübəsi, böyük qardaşı və atasına görə, Ağ Evə yaxın olması və Ağ Evdə təcrübə əldə etməsi, həyat yoldaşı meksikalı olduğu üçün Latın Amerikandan olan seçicilərə yaxınlığı Ceb Buş üçün müsbət sayıla biləcək məqamlardır. Ancaq Buş üçün ən əhəmiyyətli mənfi məqam Buş ailəsinin Amerika seçicisi və dünya əhalisi üçün buraxdığı mənfi xatirələrdir. Atası və böyük qardaşından sonra prezident olmaq istəyən Ceb Buş da favorit namizədlərdən biridir. Adı şəkilən bu namizədlərdən başqa respublikaçıların digər namizədləri Rand Paul, Rik Perri və Arnold Şvartseneggerdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR