İsrail “Hizbullah”ın “S-300” zenit-raket komplekslərini məhv edib
Bizi izləyin

Dünya

İsrail “Hizbullah”ın “S-300” zenit-raket komplekslərini məhv edib

İsrail ordusunun dekabrın 7-də Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hədəfləri vurmasını İsrail hərbçiləri hələ də şərh etməyib. Mediada gedən informasiya isə bundan ibarətdir ki, İsrail raketlərinin hədəfi Dəməşq beynəlxalq aeroportu və Suriya paytaxtı ətrafındakı Ad-Dimas adlanan ərazidəki hərbi anbar olub.

Publika.az-ın verdiyi xəbərə görə, Londonda çıxan ərəbdilli “Al-Qudr al-Arabi” nəşri şok bir iddia ilə çıxış edib.

Nəşrin Suriyadakı mənbələri güman edir ki, İsrail aviasiyası “Hizbullah” təşkilatı üçün nəzərdə tutulan müasir Rusiya raketlərini məhv etməyə çalışıb. Mənbə iddia edir ki, söhbət “S-300” zenit-raket komplekslərindən gedir.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bəyanatında İsrailin aviazərbələrindən dərin narahatçılıq ifadə edilib. Bəyanatda qeyd olunub ki, dövlətlərarası münasibətlərdə güc tətbiqi qəbuledilməzdir. Bundan əvvəl isə İsrailin müdafiə naziri Moşe Yaalon Suriya ərazisində baş verənlərə görə prezident Bəşər Əsədin məsuliyyət daşıdığını bildirib və İsrailə qarşı terror əməliyyatları hazırlayan qruplaşmalarla əməkdaşlıq edən Dəməşqə xəbərdarlıq edib.

CNN qeyd edir ki, dörd İsrail desantçısı bu ilin mart aylında Colan təpələrində öldürülmüşdü. İsrail artilleriyası bundan sonra Suriya ərazisinə hava zərbələri vurdu. Bundan daha əvvəl – 2013-cü ilin oktyabrında İsrail hərbi təyyarələri Suriyanın liman şəhəri olan Latakiya yaxınlığındakı hərbi bazanı bombardman etdi. İddiaya görə, hədəf “Hizbullah”a verildiyi güman edilən raketlər idi.

Ancaq son aviazərbələrlə bağlı irəli sürülən fərziyyələrə görə, İsrailin hədəfi Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri ola bilər. Baxmayaraq ki, sözügedən zenit-raket komplekslərinin Suriyaya çatdırılması barədə indiyə kimi rəsmi məlumatlar yoxdur. Noyabr ayının sonunda Suriyanın dövlət nəşri “Al-Vatan” bildirirdi ki, Moskva nəhayət Bəşər Əsəd ordusu üçün “S-300” zenit-raket komplekslərini verməyə razılaşıb. Ancaq Kremldə bu informasiyanı təsdiq etməyiblər.

“NEWSru Israel” nəşrinin yazdığına görə, Dəməşq və Moskva 900 milyon dollarlıq “S-300”ün dörd batareyasının satışı haqqında hələ 2010-cu ildə razılaşıb. Bəzi məlumatlara görə, saziş üzrə ödəniş Rusiyanın "Xarici iqtisadiyyat bankı" vasitəsilə 2013-cü ildə edilib.

BBC isə xatırladır ki, 2013-cü ilin mayında Bəşər Əsəd Livan telekanalına müzahibəsində zenit-raket komplekslərinin birinci partiyasını aldığını bildirib. Ancaq bir həftə sonra Rusiya prezidenti Vladimir Putin bildirdi ki, zenit-raket komplekslərinin çatdırılması müqaviləsi reallaşdırılmayıb.

Amerika xəbərlər portal “The Daily Beast” hesab edir ki, Suriya paytaxtının ətrafına endirilən aviazərbələr İsrail Suriya, Rusiya və İran rəhbərliyinə ünvanladığı xəbərdarlıqdır. Potal xüsusi olaraq xatırladır ki, İsrail-Livan sərhədində son bir neçə il sakitlik hökm sürür. Amma yaxın vaxtlarda “Hizbullah” və İsrailin şifahi qılınc oynatmalarının fəallaşdığı deyilir.

“Hizbulah”ın əsas müttəfiqlərindən hesab olunan İran ordusunun yüksək vəzifəli zabiti dekabrın 5-də lovğalandı ki, “Hizbullah” raketləri İsraili torpaqla bərabərləşdirməyə qadirdir. Dekabrın 7-də isə “Times of Israel” nəşri xəbər verdi ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bir müddət əvvəl “Hizbullah”ın lideri Həsən Nəsrullah ilə görüşüb. İsrailin nəşrinin iddiasına görə, görüşdə Suriyada sabitliyin əldə olunması və cihadçı qruplaşmalarla mübarizə aparmaq üçün Rusiya silahının “Hizbullah”a çatdırılması müzakirə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm