İşğalçı üçün daha bir qapı bağlanır: diaspor İrəvandan niyə küsüb?
Bizi izləyin

Dünya

İşğalçı üçün daha bir qapı bağlanır: diaspor İrəvandan niyə küsüb?

Noyabrın sonunda ABŞ-ın Kaliforniya ştatında “Hayastan" Fondu növbəti telemarafonu keçirdi. Toplanan 12 milyon 399 min dolların “Ermənistan və Dağlıq Qarabağın inkişafı üzrə xüsusi proqramlar"ın reallaşdırılmasına yönəldilməsi planlaşdırılır.

Kaliforniyada keçirilən telemarafonda Fransa, Almaniya, Belçika, Yunanıstan və digər Avropa ölkələrinin erməniləri iştirak etdilər. Avropadan toplanılan məbləğ isə təxminən 1,37 milyon avro oldu.

Hayastan” Fondunun Qəyyumlar Şurasının sədri Ermənistan prezidenti Serj Sərkisyandır. Fond ümummilli layihələrin reallaşdırılması üçün 1992-ci ildə yaradılıb. Fond 1996-cı ildən sonra hər il noyabr ayının sonunda Los-Ancelesdə telemarafon keçirir. Bildirilir ki, tədbirin hədəfi yalnız vəsait yığımı deyil, həm də ermənilərin vahid ideya ətrafında birləşməsidir. Ötən müddət ərzində keçirilən telemarafonlarda yığılan vəsait hesabına bir çox layihələrin həyata keçirildiyi bildirilir.

Amma “vestikavkaza.ru” saytında son telemarafonla bağlı yazı dərc edən erməni yazar Susanna Petrosyan ianələrin həcminin əvvəlki illərlə müqayisədə olduqca az olduğunu diqqətə çatdırıb. Məsələn, 2013-cü ildə keçirilən telemarafonda 22 milyon 661 min dollar vəsait toplanılıb.

Bir başqa yeni bir tendensiya isə ondan ibarətdir ki, telemarafon ərəfəsində Los-Ancelesdə etiraz aksiyası keçirilib. Erməni etirazçıları “Biz “Hayastan” Fonduna etiraz edirik. İanələr deyil, vergi yığın” yazılmış köynəklər geyiblər.

“Biz bu vəsaitin toplanmasına qarşıyıq. Qoy Ermənistan hökuməti oliqarxlardan lazımi qaydada vergiləri toplasın. Ödənilməmiş vergiləri ianələr hesabına kompensasiya edirlər. Ermənistanın ianələrə deyil, normal rəhbərliyə ehtiyacı var”, - etiraz aksiyasının iştirakçılarından olan Ara Manukyan bildirib.

"Qnçak" Sosial Demokrat Partiyası Mərkəzi İdarəsinin üzvü Ambik Sarafyan hesab edir ki, diasporada hər il məyusluq artır. Onun fikrincə, ianələrin həcminin azalmasında Ermənistan rəhbərliyinə etibarın olmaması, daxili siyasi vəziyyət, Ermənistanda hökm sürən cəzasızlıq və haqsızlıq mühiti, inhisarçılıq və oliqarxların böyük təsiri əhəmiyyətli rol oynayır.

Susanna Petrosyan hesab edir ki, diasporun erməni hakimiyyətindən narazılığın artmasının kökündə Ermənistanı son 10-20 ildə tərk edənlərin diasporada xüsusi çəkisinin artması dayanır.

“Bundan başqa, kommunikasiya vasitələri dəyişib. Diaspora Ermənistanla bağlı informasiyaları daha tez əldə edir. Hər gün internet vasitəsilə İrəvanda keçirilən çoxminli mitinqlərə baxmaq olar. Diaspora Ermənistandakı vəziyyətdən kifayət qədər məlumatlıdır”, - erməni yazar bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm