Ruhani Əhmədi Nejatın tərəfdarlarını "ovlayır" - 20 nəfər nəzarətə götürüldü
Bizi izləyin

Dünya

Ruhani Əhmədi Nejatın tərəfdarlarını "ovlayır" - 20 nəfər nəzarətə götürüldü

İranın sabiq prezidenti Mahmud Əhmədinejatın dövründə sui-istifadə istintaqıyla əlaqədar əvvəlki hökumətin rəhbərliyində üst səviyyədə təmsil olunanlar da daxil, 20 nəfər nəzarətə alınıb.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan Rza Zərrabla əlaqəsi olduğu iddia edilən Babək Zəncaninin də adı bu istintaq materiallarına daxil edilib. İş üzrə həbs olunanların şəxsiyyəti haqqında məlumat verilmədiyindən, onun tutulub-tutulmadığı məlum deyil.

Qeyd edək ki, Babək Zəncani adlı iş adamı 2 ildir ki, sui-istifadə istintaqlarının mərkəzindədir. İranda 70-ə yaxın şirkətdə hissələri olan Zəncani satılan neftdən əldə edilən gəliri İran Mərkəz Bankına əskik köçürməkdə günahlandırılır.

İranın neft naziri Bicen Namdar Zengene onun ölkəyə 2,5 milyard dollardan çox zərər vurduğunu açıqlayıb. Zəncaniyə qarşı ittihamın biri də 1,5 milyard dollar puldan sui-istifadə etməkdir.

Məlumat üçün bildirək ki, Türkiyədə B.Zəncaninin adı “Sui-istifadə və rüşvət” əməliyyatı çərçivəsində iş adamı Rza Zərrabın ifadəsi əsasında gündəmə gəlib. Ümumi varidatının həcmi 13,5 milyard dollar olduğu iddia edilən bu şəxs sürücülüklə, qoyun dərisi satmaqla karyerasına start versə də, iti zəkası sayəsində ABŞ və Avropa Birliyi kimi supergüclərə fırıldaq gəlməklə cəmi 2 ildə dollar milyarderinə çevrilib.

Babək Murtuza Zəncani 1974-cü il martın 21-də Tehranda anadan olub. Mənbələrdə ailəsi haqqında, uşaqlığına dair heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, heç ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetişdirdiyi fədaidir.

Ərəb mənbələrinə inansaq, o, İran konservatoriyasının tələbəsi olub. Gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki,1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü olub.

B.Zəncaninin zənginliyə gedən yolu haqqında irəli sürülən ilk versiya onun qoyun dərisi biznesi ilə məşğul olmasıdır. Yəni, Zəncani pulunu buradan çıxarıb. Lakin özü 13-14 yaşlarında ticarətə atıldığını, zərgərlik və valyutadəyişmə məntəqəsi işlətdiyini iddia edir:

“Ailəm varlı adam olub, “eBay”ın qurucularındandır. Əsgərlikdə olanda Mərkəz Bankın rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü işləmişəm. Hər gün əlimdən 17 milyon dollar gəlib keçirdi. Mində bir komissiya ilə gündə 17 min dolları bazara buraxırdım. Nourbakhsh öləndən sonra Türkiyədə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollardan verirdim. Bir iranlının vasitəsiylə heç tanımadığım adama 4 milyon dollarlıq mal göndərdim. Pulumu ala bilmədim və müflisləşdim. Tehrandakı Evin həbsxanasına atıldım”.

Kifayət qədər əzmli olan Zəncani iki illik həbsxana həyatı dövründə də boş dayanmayıb. Türk dilini öyrənməyə başlayıb. Təbii ki, bu da məqsədsiz olmayıb. Azadlığa çıxdıqdan sonra qaçaq yollarla Türkiyəyə qayıdıb. Sırf 4 milyon dollarını geri qaytarmaq ümidi ilə: “İzmirə getdim. Bir nəfər vasitəsilə bütün çeklərimi geri aldım. Qayıdanda İnqilab Keşikçiləri məni tutaraq yenidən həbsə atdılar. 16 gün yatdıqdan sonra zaminə buraxıldım. Pasport çıxarıb İzmirə yollandım.

Burada böhran idarəçiliyi üzrə həm təhsil aldım, həm də idxal-ixracla məşğul olmağa başladım. Diş pastası, saqqız, ətir, şampun, nə tapsam, İrana göndərirdim. Çox keçmədən Türkiyə pasportu aldım. Kiçik-kiçik onlarla şirkət qurdum. İzmirdə çox böyük bir anbar kirayələyib, iş həcmimi 150 milyon dollarlara çatdırdım”.

Daha sonra B.Zəncani İranda kosmetika fabriki qurmaq istəyib. Lakin banklar pul verməyib. Bu zaman zəlzələdənmi, vəlvələdənmi B.Zəncaninin yenə bəxti gətirib. Bir türk bankirlə tanış olub. Həmin şəxs ona ticarəti banklar üzərindən etməyin daha sərfəliliyini başa salıb. Zəncanin dediklərindən:

“Mənə bu işin, bank kreditini necə ala biləcəyimin yollarını göstərdi. Türkiyədəki şirkətlərimi genişləndirdim. “Kont Kosmetic” şirkətini qurdum”.

Nəzərə çatdıraq ki, B.Zəncani “Kont Kosmetic” şirkəti ilə bərabər “Dış Ticaret Limited” şirkətini də yaradır. Getdikcə fəaliyyət sahəsini kosmetikadan tekstilə, plastikdən qızıl və ləl-cəvahirat idxalına, banklararası pul transfertlərinə qədər genişləndirir.

B.Zəncaninin İran hökuməti ilə əlaqələrinə gəlincə, əslində, hər şey 2010-cu ildə İnqilab Keşikçilərinin mühəndislik bölümü olan Xatəm əl Ənbiyanın ona müraciət etməsiylə başlayır. Zəncani öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. O gündən sonra da dövlət təşkilatları Zəncaniyə müraciət etməyə başlayır. Özünün etirafına görə, bu işi bir neçə gün içində həll edir. Mində 7 komissiya ilə pul transferləri 1 milyard dolları aşır. Beləliklə, İran hökuməti ilə işgüzar əlaqələrə yol açılır. Hətta bundan sonra Zəncaninin İranın kabinet yığıncaqlarına qatıldığı, neft naziri Rüstem Kasiminin işləri onunla birlikdə icra etdiyi deyilir.

Zəncani təkcə İranda deyil, Türkiyədəki şirkətlərdən qazandığı pullarla Tacikistanda, Ərəb Əmirliyində, Malaziyada, Çində iş qurur. İranda “Qeshm Air” hava şirkətinə, eləcə də “Sorinet Group”a (holdinq kosmetika, infrastruktur, bank, otelçilik, kommersiya aviasiya, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), “Rah Ahan” Tehran futbol klubuna, Malaziyada “First İslamic Bankına”, “International Safe Oil”ə, Ərəb Əmirliklərində Sorinet “Commercial Trust Bankers”ə, Tacikistanda “Kont Building” şirkətinə sahiblənir.

Kifayət qədər sirli olan “Bəy Z”nin – kübar cəmiyyət onu belə adlandırır - əlinin böyük pullara çatdığı, Türkiyədə isə onlarla maliyyə şirkəti, hava şirkətində səhmləri, eləcə də bir flot neft tankeri olduğu məlumdur. İddialara görə, Zəncani bütün əlindəki vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, Dubay, Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət olan "hörümçək toru"nu istifadə edərək, milyonlarla barel İran neftini xaricə (Siqapur, Malaziya, Hindistan) satıb. Əldə edilən gəlir Malaziyadakı Zəncaniyə məxsus “First İslamic Bank”ı üzərindən leqallaşdırılıb. Bütün bu əməliyyatlar isə Avropa Birliyi və Amerikanın əllərini qulaqlarının ardına qoyub, sanksiyalarla İranı çökdürəcəklərini düşündükləri zamanda baş verib:

“Mərkəzi Bank pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməyimi, beləcə, sistemin bu pulu istifadə üçün hala gətirməyimi istədilər. İşim sanksiya əleyhinə əməliyyatlarla bağlı idi. Mən işini bacarıqla icra edən adamam. Lakin məni də sanksiya altına aldılar. Ona görə də, 3 milyon barel neft belə sata bilməyiblər”.

B.Zəncaninin iş adamı kimi fərasətləri bununla bitmir. Onun həm də İranın Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ aldığı iddia olunur. Necə?

İrandan başlayaq. İranın embarqo edilmiş neftini xaricə satan işdamı əldə edilən 17,5 milyard dollarlıq gəlirlə beynəlxalq sanksiyalar ucbatından nağd vəsait qıtlığı yaşayan İran Neft Nazirliyinin, İnqilab Keşikçiləri və Mərkəz Bankın valyuta ehtiyatı ehtiyaclarını ödəyib. Özünun etiraflarına inansaq, bütün alverlərindən maksimum 0.007 faiz gəlir götürüb. Tacikistana gəlincə, iş adamının orada təkcə holdinqi yoxdur. Ölkənin dövlət başçısının belə ona borcunun olduğu iddia olunur.

B.Zəncaninin qaz vurub qazan doldurması ötən ilin aprel ayına qədər davam edib. Belə ki, ABŞ və Avropa Birliyinin sanksiya siyahısına daxil edilən Zəncaninin xaricdəki hesabları dondurulduqdan sonra İrana kurs axını kəsilib. Bununla da, o, İran hökumətinə 2.8 milyard dollar borcunu ödəyə bilməyib. Bu tarixdən etibarən Türkiyədən İrana qızıl ticarətinə başlayıb. Türkiyədə məlum qaçaq qızıl ticarəti də məhz ondan sonra genişlənib. Türkiyədə icra edilən 17 dekabr istintaqında Rza Zərrabın ifadəsi əsasında bəlli olub ki, Zəncani Qvineyadan 1.5 ton qızılı qeydiyyat aparmadan Türkiyəyə daxil edib. Bununla belə, Zəncaninin sui-istifadə və rüşvət istintaqındakı yeri hələ qəti olaraq bilinmir.

Yeri gəlmişkən, ABŞ-la Aİ-nin embarqosundan sonra Zəncaninin İranın indiki hökuməti ilə münasibətləri pozulub. Münasibətlərin gərginləşməsində İranın eks prezidenti Mahmud Ahmedi Nejadın dövründəki qaranlıq əlaqələrinin də rol oynadığı deyilir. İş adamının özünə gəlincə, onun məsələyə münasibəti belədir:

“İran Mərkəz Bankına və İran Milli Neft Şirkətinə tətbiq olunan embarqoya baxmayaraq, illərlə ölkəyə pul köçürdüm. Embarqonu yararaq, öz şirkətlərimin və xaricdə ortaqlığım olan şirkətlərin qara siyahıya salınmasını gözə aldım. Əgər amerikalıların əlinə düşsəydim, Quantanamoda olardım. Həbs olunsam, İran – Efiopiya olar. İran Mərkəz Bankına və Neft Nazirliyinə qoyulan embarqoya rəğmən iki milyard dollar köçürməyi bacardım. Ancaq bəzi dairələr vəziyyətdən əleyhimə istifadə edərək, mənimlə şəxsi hesablaşmağa çalışırlar".

B.Zəncaninin şəxsiyyəti ilə bağlı gündəmə gətirilən nüanslardan biri də onun 30 min dollarlıq qol saatı və qara rəngli “Mersedes SL 500” markalı avtomobilidir. Düzdür, iş adamının adı “Forbes” kimi jurnalların siyahısında daxil edilməyib. Amma bildirdiyimiz kimi, o, Malaziyada, Çində, İranda, Dubayda, Tacikistanda, Türkiyədə investisiyalara sahibdir. Zəncaninin hətta Hindistan və digər Asiya ölkələrində sərmayələrinin olduğu istisna edilmir. Sərvətinin bilinən həcmi 13 milyard dollardır. Lakin nəzərə alsaq ki, İran kimi böyük istehsalçının neft satışı onun əlində olub, onun varidatı dünyanın ən varlı adamı Bill Qeytslə müqayisə edilə biləcək səviyyədə də ola bilər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm