Taleyinə “ölüm batalyonları”nda vuruşmaq yazılan çeçenlər – VİDEO, FOTO
Bizi izləyin

Dünya

Taleyinə “ölüm batalyonları”nda vuruşmaq yazılan çeçenlər – VİDEO, FOTO

Ukraynanın Donbas hövzəsində Rusiya meylli separatçıların tərəfində yüzlərlə çeçen vuruşur.

Publika.az-ın verdiyi xəbərə görə, “Reuters” xəbər agentliyi bu barədə Donbasda vuruşan çeçen batalyonunun komandir müavini ilə danışıb.

Çeçen döyüşçünün şərti adı “Stinqer”dir. Onun sözlərinə görə, çeçenlərin könüllü “ölüm batalyonu”nda Çeçenistan Respublikasından gələn 300-ə döyüşçü vuruşur. Onların çoxu isə xüsusi təyinatlı dəstənin keçmiş üzvləridir. O, həmçinin deyib ki, “ölüm batalyonu”ndakı insanların çoxu 1994-96 və 1999-2000-ci illərdə çeçen müharibələrində döyüş təcrübəsi keçib.

“Stinqer”in sözlərinə görə, “ölüm batalyonu” döyüşçülərindən bəziləri birinci və ikinci Çeçenistan müharibələrində federal güclərə qarşı vuruşub. Ancaq sonradan müqavimətdən imtina edən döyüşçülər hazırkı prezident Ramzan Kadırovun atası Əhməd Kadırov tərəfindən əfv edilib.

Xəbər agentliyinin yazdığına görə, hərbi birləşmənin 40 yaşlı komandir müavini öz adını açıqlamayıb. O, deyib ki, batalyonda olan döyüşçülərin hərbi stajı 10-20 il təşkil edir. Onların bəziləri isə hətta 1995-ci ildən başlayaraq döyüş təcrübəsi keçiblər. Agentlik qeyd edir ki, “Stinqer” güclü Qafqaz ləhcəsi ilə danışıb. Batalyon Donetsk ətrafındakı düşərgədə yerləşib. “Reuters”in jurnalistləri düşərgədə Çeçenistan qeydiyyat nömrəsi olan bir neçə avtomobili də görüblər.

Eyni zamanda sosial şəbəkələrdə üzərində Çeçenistan Respublikasının bayrağının təsviri olan forma ilə ondan çox çeçen döyüşçünün görüntüləri yayılıb. Ləhcəsiz rusca danışanlardan biri videoçarxda “Stinqer”in sözlərini təkrarlayıb. O, da Donbas hövzəsində təxminən 300 çeçenin vuruşduğunun və onların döyüş təcrübəsinin 10 ildən 20 ilə qədər olduğunu deyib. Döyüşçü həmçinin bildirib ki, onlardan 70 faizi xüsusi təyinatlı dəstənin keçmiş döyüşçüləridir. O, Donbas hövzəsində vuruşan bütün çeçenlərin buraya könüllü gəldiyini iddia edib.

Mətbuat daha əvvəllər bildirilirdi ki, çeçenlər Ukrayna ordusunun tərəfində öz həmyerlilərinə qarşı vuruşurlar. Oktyabr ayında sosial şəbəkədə yayılan videoda Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayev adına batalyondan və onun komandiri İsa Munayevdən danışılırdı.

Qeyd edək ki, Moskva Ukraynadakı döyüş əməliyyatlarında Rusiya hərbi qulluqçularının iştirakı faktını qəti surətdə inkar edir. Ancaq Ukraynada Rusiya döyüşçülərin həlak olması barədə informasiyalar dəfələrlə Rusiya mediasının səhifələrinə çıxıb. İddiaları bir neçə dəfə rədd edən Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da çeçenlərin Ukraynada döyüşdüyünü sübut edən videokadrların yayılmasından sonra müəyyən qədər geri çəkilməli oldu. Amma o, çeçenlərin könüllü olaraq Ukraynaya getdiyini, heç kimin döyüşə məcbur göndərilmədiyini bildirib.

“Donetsk Xalq Respublikası” separatçı qurumu da silahlı konfliktdə Çeçenistan Respublikasından olan döyüşçülərin iştirakını dəfələrlə təsdiqləyib. Separatçı qurum da Ramzan Kadırov kimi onların könüllülük prinsipi əsasında döyüşdüyünü bildirir. Ancaq Rusiya hərbçilərinin, o cümlədən Çeçenistandan olan hərbçilərin Ukraynaya göndərilməmişdən əvvəl şantaj edilərək müqavilə imzalamağa məcbur edildiyi bir neçə dəfə üzə çıxıb. Bu barədə şikayətlərdən birini Rostov vilayətinin Əsgər Anaları Komitəsinə hərbçilərdən birinin valideyni bildirib.

Rusiya Federasiyasından kənarda vuruşan çeçenlər haqqında bu gün Almaniyanın “Frankfurter Allgemeine” qəzeti də yazıb. Amma burada Ukrayna deyil, Yaxın Şərqdə vuruşan çeçenlərdən söhbət gedir. Qəzetin əməkdaşı Markus Veneranın yazdığına görə, Suriya və İraqda vuruşan çeçenlərin burada xüsusi hörməti var: “Çünki onlar təcrübəli döyüşçülərdir. Onlar Rusiya ordusu ilə toqquşmalarda döyüş təcrübəsi qazanıblar”.

Alman nəşri xüsusi olaraq “Yunud al-Şam" ( “Suriyanın əsgərləri") hərəkatının 42 yaşlı komandiri Müslüm Abu Valid haqqında danışır. Onun əsl adı Murad Marqoşvilidir. Amerika mənbələrinin məlumatına görə, Rusiya və Gürcüstan vətəndaşlığına malikdir. ABŞ Marqoşviliyə qarşı sentyabr ayında sanksiyalar qəbul edib. Məqalə müəllifinin sözlərinə görə, Marqoşvilini bəzən “Vikinq” adlandırırlar. Almaniyadan cihada yola düşən müsəlmanların çoxu ona pərəstiş edirlər.

Xüsusi xidmət orqanlarının məlumatına görə, Suriya və İraqda minlərlə çeçen, həmçinin Şimali Qafqazın başqa xalqların nümayəndəsi vuruşurlar. Onlar hesab edirlər ki, buradakı döyüş Rusiya ilə mübarizənin davamıdır. Çünki Suriya prezidenti Bəşər Əsəd Kremlin müttəfiqidir.

Bundan başqa, çeçenlər “İslam Dövləti”ində (İŞİD) xüsusi hörmətə malikdir. Markus Venera nümunə olaraq Abu Ömər əl-Şişaninin adını çəkir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm