“13 yaşında Dubaya aparılan qızcığaz günahkar ola bilməz”
Bizi izləyin

Dünya

“13 yaşında Dubaya aparılan qızcığaz günahkar ola bilməz”

Publika.Az-ın ROOM kafesində baş tutan " Ev havası" layihəsinin növbəti qonağı qadın hüquq müdafiəçisi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.

-Qadın haqlarının müdafiəsi sizin həyat kredonuza çevrilib. Hər şey necə başladı?

-İnsan haqlarının müdafiəsini qadına, kişiyə ayırmağı düzgün hesab etmirəm. Mənim üçün insan haqları var. Sadəcə olaraq qadınların hüquqlarının müdafiəsinə daha çox ehtiyac var. Qadın adətən hüquq pozuntusu törədən tərəf yox, hüquqları pozulan tərəfdir. Fəaliyyətimin başlanması o illərə təsadüf edir ki, müharibə yeni bitmişdi. Psixoloji gərginlik, maddi problemlər ailədə tərəflər arasındakı problemləri qızışdırırdı. Şəxsi həyatımda ciddi problemlər var idi. Gördüyüm zorakılıqlar məni sındırmaq üzrə idi. Bir də baxdım ki, daxilimdə özümə inamım sarsılır, "mən" itir. Düşündüm ki, ayağa qalxmaq lazımdır.

-Deməli hər şey özünüzdən başlayıb...

-İnsanın özünə kömək etməyə gücü çatmırsa, başqalarına köməyi mümkün deyil. Bu daha çox təyyarədə qəza vaxtı xilas olunmağın yolları haqqında məlumata bənzəyir. Orda deyilir ki, "oksigen maskasını əvvəlcə özünüz geyinin, başqasını xilas etmək üçün əvvəlcə siz sağ qalmalısınız". Doğurdan da belədir. Yaxınlarına, cəmiyyətə faydalı insan olmaq üçün həm daxilən, həm də gündəlik həyatında problemləri az olan insan olmalısan.

-Sizi çoxlarının çəkindiyi addımları atan hüquq müdafiəçisi kimi tanıyırlar...

-Ola bilər. Biz başlayanda Azərbaycanda hüquq müdafiəçiliyi anlayışı hələ ki, yox idi. Bu anlayış yeni gəlmişdi. Baxmayaraq ki, o vaxtdan uzun zaman keçib, o zamankı işlərimiz də indi üçün təkrarlanmayıb. Qadın haqları, insan alveri qurbanlarının hüquqlarının müdafiəsi... Bu anlayışları bizdə qəbul etmək asan deyildi.

-Dəstək görmüsünüzmü?

-Mane olmaq istəyənlər çox olub. Mən inandığım işlə məşğul olmuşam. Mane olmaq istəyənlərin bütün cəhdləri boşa gedib ki, hələ də fəaliyyətimi davam etdirirəm. Lakin, dəstək verənlər də çox olub. Bizim təşkilatın ailədaxili zorakılıq və insan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağı var. Sığınacağın sakinləri üçün tez-tez paltar toplayırıq. Və yaxud da, hüquqi, tibbi yardımlar üçün müraciətlər edirik. Çox vaxt da müsbət cavab alırıq. Saman çöpü boyda da dəstək bizim üçün vacibdir. İllərdir fəaliyyət göstəririk. Saysız-hesabsız qadınlara dəstək olmuşuq. Daha çox insana dəstək olmaq istəyirik. Bu sahədə bəzən problemlərimiz olur. Mənəvi dəstəklə yanaşı, maddi dəstəyə də ehtiyacımız var. Türkiyədə qadın təşkilatları və sığınma evləri çoxdur. Sığınacaqların yerini hamı tanıyır. Çünki, kifayət qədər siyasi dəstəkləri və reklamları var. Siyasi dəstək və böyük reklam imkanlarımız olsaydı, xidmətlərimizdən daha çox qadın xəbər tutub yararlanardı.

-Qadını kişimərkəzçi cəmiyyətdə müdafiə etmək çətin deyil ki?

-Qadının müdafiəsinə elə kişimərkəzçi cəmiyyətdə ehtiyac var. Etiraf etməliyik ki, bizdə qadın haqları, ailədaxili zorakılıqla bağlı vəziyyət ürəkaçan deyil. Qadınlar gündəlik həyatın hər anında diskriminasiya, zorakılıqla qarşılaşmaq ehtimalından tam sığortalanmayıblar.

-Zorakılıq nədir?

-Zorakılığa çox tərif vermək olar. Mənim fikrimcə, zorakılığın ən böyük səbəbi hökmranlıq etmək istəyidir. Hər iki tərəf özünü sübut etməyə çalışır ki, idarəçi odur. Axı niyə belə olmalıdır? Ailə onun üçün qurulmur ki, kimisə öz hökmranlığın altına alıb idarə edəsən. Ailə iki tərəfin bir yerdə xoşbəxt yaşaması üçün qurulan izdivacdır. İki insanın bir-birinin həyatını zəhər etmək üçün bir yerə gəlməsi ağılsızlıqdır.

-Ailədaxili zorakılığa nə təkan verir?

-Gəlin, təhlil edək. Bizdə ailədaxili zorakılıq qurbanları əsasən qadınlardır. Ümumiyyətlə tarix onu göstərir ki, cəmiyyətdəki bütün yaxşı və pis dəyişikliklər ilkin olaraq qadına təsir edir. Cəmiyyətin güzgüsü qadındır. Qadın hansı vəziyyətdədirsə, cəmiyyətin ümumi əhval-ruhiyyəsində bu sezilir.

Bir də stereotiplər, mental dəyərlər kimi bizə təqdim edilən, lakin heç bir əsası olmayan qaydalar qadına qarşı zorakılığa şərait yaradır.

-Bakirəlik mövzusunu da bura aid etmək olarmı?

-Bu çox intim məsələdir. Bakirəlik məsələsi hər yerdə, hamı tərəfindəm müzakirə olunursa, deməli bakirəliyin özü bakirəliyini itirib. Bakirəlik əxlaq üçün ölçü vahidi deyil. Əsas odur ki, bu məsələdə də insanlar iküzlülük edirlər. Buna görə bəzi ailələr ikiüzlülük, yalan üzərində qurulub. Qadınlar bəzən özlərini olduğu kimi təqdim etməkdən çəkinirlər. Qorxurlar ki, qarşı tərəf onu anlamaz və qəbul etməz. Kişi əgər hansısa qadınla bakirə olmadığı üçün evlənmək istəmirsə, qadın niyə yalan danışmalıdır? Niyə ailə yalan üzərində qurulmalıdır? Heç kim istəməz ki, ona yalan danışsınlar. Bakirəlik tələbi təbii istəkdir. Hər hansı bir səbəbdən qadın bunu itiribsə, bunu faciəyə çevirmədən qarşı tərəfə demək lazımdır. Səni qəbul etmirlərsə, bunun üçün yalan danışmaq lazım deyil.

-Qadınlar çoxmu yalan danışır?

-Yalanı da qadına-kişiyə bölmək doğru deyil. Sadəcə olaraq, qadınlar bəzən sevilmək, xoşa gəlmək istəyi ilə olmadıqları kimi görünməyə çalışırlar. Elə qadınlar var ki, əks cinsin nümayəndəsini görən kimi hətta səsini də bir ton incəldir. Cəmiyyət qadından ağıllı, savadlı olmaqdan çox xoşagələn olmağı tələb edir. İşə götürən işçidən cavan, gözəl olmağı əsas şərt kimi tələb edirsə, qadın nə etsin?! Həm əmək hüquqları tapdanılır, həm də süni şəkildə qadını cinsinə görə qiymətləndirmək meydana çıxır.

-Olmadığı kimi görünmək xüsusiyyəti kişilərdə də var axı.

-Əlbəttə. Hamı ətrafa xoş gəlməyə çalışır. Kişilərdə isə tamam fərqli səbəblərdir. Hədəfdəki qadını tora salana qədər dünyanın ən yaxşı, ən mədəni, hətta ən pullu insanına "çevrilirlər".

-İqtisadi vəziyyətin zorakılığa təsiri nə dərəcədədir?

-Zorakılığa zəmin yaradan səbəblərdən biri elə budur. Qadının maddi cəhətdən asılılığı onu gücsüzləşdirir. Bu da qarşı tərəfin onun üzərindəki hökmranlıq etmək istəyini təmin edir. Düzdür, qadının kişidən iqtisadi baxımdan asılı olması ona zorakılıq göstərilməsinə, hökmranlığa əsas vermir. Lakin, kişidə elə düşüncə var ki, əgər pulu o qazanıb gətirirsə, onun qadına mülkiyyəti kimi yanaşmaq haqqı verilir. Əslində isə, heç bir tərəf bir-birindən asılı olmamalıdır.

-Təhsilin rolu bu məsələdə də özünü biruzə verirmi?

-Bizim çox pis xüsusiyyətimiz var ki, o da qız uşaqlarının təhsilinə ailələr tərəfindən sərmayə qoyulmamasıdır. Qız uşaqlarının təhsilinə ailələri tərəfindən şərait yaradılsa, inanın ki, çox şey fərqli olar. Öz ayaqları üzərində dayana bilən qadın zorakılıqla daha asanlıqla mübarizə yolu tapa bilir. Bu yaxınlarda bir hadisənin şahidi olmuşdum. Ailədə problem var, ər qadını döyüb evdən qovub. Uşaqlarla görüşməyə icazə vermir, evə buraxmır. Ər deyir ki, evə ancaq o vaxt girə bilərsən ki, anamın ayaqlarının altını yalayasan. Bu insanlıq adına ləkədir. İnsanı alçaltmağın son yoludur. Qadın isə o qədər təhsilsiz, dünyagörüşü olmayan biridir ki, elə düşünür ki, başqa variantı yoxdur.

Lakin, təhsilli olmaq da o demək deyil ki, təhsilli qadın bizim cəmiyyətdə zorakılığa məruz qalmır. Qadın alim, siyasətçi, bəstəkar və.s ola bilər. Evdə o əri üçün adi qadındır. Qadının bu keyfiyyətləri kişi üçün həmişə əhəmiyyət daşımır. Bu da münasibətləri alt-üst edir.

-Qadınların işgüzarlığına kişilər birmənalı yanaşmır...

-Təəssüf ki, belədir. Ağıllı kişi təhsilli, kariyerasında uğur qazanan həyat yoldaşı ilə fəxr etməlidir, ona dəstək olmalıdır. Qadının uğurunu özününkü bilməlidir. Başa düşməlidir ki, o yalnız özü üçün işləmir, həm də ailə büdcəsinə kömək edir. Qadın daxilən güclü olduğu qədər də həssasdır. Ona dəstək olmayan, əksinə uğurlarına mane olmağa çalışan kişi onda ruh düşkünlüyü yaradır. Tezliklə sarsılıb həvəsdən düşür. Evliliyə qədər işgüzar, dayanmadan uğur qazanan, cəmiyyətə yararlı qızlarımız var ki, ailə həyatı qurduqdan sonra onları tanımaq olmur. Qadağalar, onun bacarığına qarşı yuxarıdan aşağı münasibət əlini işdən soyudur.

-Qadın haqlarının müdafiəsi, hətta bu haqda danışmaq çox vaxt "kişi düşmənçiliyi" kimi qəbul edilir.

-Bu əsla doğru deyil. Cəmiyyət yalnız qadından ibarət deyil, hər bir fərdin haqları bərabər qorunmalıdır. Natamam cəmiyyət zərərlidir. Qadın da, kişi də güclü olmalıdır ki, qurulan ailələr sağlam düşüncəli övlad yetişdirsin. Zəif kişi qadına maraqlı deyil. Balans pozulan kimi problem olur. Güclü kişi heç vaxt vaxtını qadını ilə mübarizəyə sərf etməz. Kariyerasında uğur qazanmaq, ailəsini daha yaxşı dolandırmaq üçün mübarizə aparar. Ümumiyyətlə güclü insanlar heç vaxt kəllə-kəlləyə gəlməz, bir-birlərinə dəstək verib irəli addımlayar.

-Əvvəllər niyə belə deyildi?

-Əvvəllər ictimai qınaq var idi. Heç kim cəsarət etməzdi ki, uşaqlarının anasına əl qaldırsın və bunu aləmə kişilik nümunəsi kimi təqdim etsin. Hamı yerini və ailədə üzərinə düşən vəzifələri bilirdi. İndi elə bil o sistem dağılıb. Hörmət hissi sevgidən də yüksəkdir. Bir də tərəflərin arasında hörmət, pərdə itdisə, hər şey darmadağın olur. Bir neçə il əvvəl kiməsə desəydilər ki, vaxt gələcək ər öz həyat yoldaşının namus, ismətinə ləkə yaxacaq və sonra da barışıb heç bir problem olmamış kimi həyatlarına davam edəcəklər, buna heç kim inanmazdı. İndi elə bil bu dəb düşüb. Boşanmaq üçün ərizəsini verən kişi deyir ki, həyat yoldaşım əxlaqsızlıqla məşğuldur. Nəticədə isə görürük ki, bu böhtandan başqa bir şey deyil. Münasibətlərin bu həddə çatması da səbəbsiz deyil. İndi qadınların iş, irəli getmək imkanları daha çoxdur. Kişilərdə də belə xüsusiyyət var. Edilən yaxşılığın qarşılında qadından intim yaxınlıq tələb edirlər. Bu da cəmiyyəti pozur. Arvadını işə yollayan ər başqasının qadınına nə vaxtsa göstərdiyi münasibəti başqa bir kişinin onun da arvadına göstərəcəyindən qorxur. Hər nə olursa olsun, bu əsas deyil. Bir yastığa baş qoyduğu qadına ləkə atmaq kişinin öz mənliyinin ləkəsidir.

-Boşanmaların sayı durmadan artır. Həyəcan təbili çalmağın vaxtı deyilmi?

-Doğrudur. İndi insanlar boşanmaya normal hadisə kimi yanaşır. Bir neçə il əvvəl boşanan qadını barmaqla göstərirdilər. İndi o qədər adi hal alıb ki, heç kim buna pis baxmır. Ailədə zorakılıq yoxdursa, xırda problemlər üstündə söz-söhbətlərə görə ailə dağıtmaq olmaz. İkinci dəfə qurulmuş ailələr çox nadir hallarda uğurlu olur. Mən demirəm ki, zorakılığa qadın dözüb otursun. Lakin, insanlara bəzən KİV-dən yalnış mesajlar verilir. Boşanmanı normal hal kimi təqdim edirlər. Və ya bir də görürsən ki, kimsə efirdən deyir ki, problem varsa boşanın. Həmin adamlar boşanmanı təklif etdiyi qadına hansı alternativləri təklif edirlər? Boşanan qadının həmişə gedəcək yeri və işi olmur. Düşünmürlər ki, o boşanıb hara gedəcək. Əgər sənin ona təklif edəcəyin daha yaxşı həyat yoxdursa ,deyə bilməzsən ki, get boşan. Çünki, boşanan qadının inkişafı, özünü saxlaması üçün hansısa resurs yoxdur. Boşanmaq problemdən qaçmaq deyil, yeni problemlər tapmaqdır.

-Saysız, hesabsız ailə, qadın problemləri görmüşünüz. Doğurdanmı bütün bədbəxt ailələr müxtəlif, bütün xoşbəxtlər isə eynidir?

-Son 3-4 ildə ailələrdə elə problemlər görürəm ki, dünya şöhrətli, istedadlı heç bir yazıçı onları düşünüb yaza bilməz. Problemlər müxtəlifdir, onları yaradan səbəblər isə eynidir. Bir də baxırsan ki, illərlə bir-birinə aşiq olan iki gənc evlənib. İki aydan sonra isə elə problemləri var ki, o heç vaxt onların ağıllarına da gəlməzdi. Problemə hazırlıqsız olmaq münasibətləri dramatikləşdirir. Hər bir problemə hazırlıqlı olmaq lazımdır. Kökünə gəlincə isə səbəb çox vaxt iki şəxsin dil tapa bilməməsi olur. İnsan hər şeydən əvvəl qarşısındakını olduğu kimi qəbul etməlidir ki, onunla yaşaya bilsin. Ətrafdakılar isə bu perioda dəstək olmaq yerinə, çox zaman mane olurlar. İki şəxs bir-birini tanımadan yollarını ayırır. Boşanmaq indi əvvəlki kimi faciə deyil. Lakin, daxili sarsıntı və həyat yolunda müəyyən müddətlik bəzən sınan, bəzən də əyilən xəttdir.

-İnsan alveri qurbanını, seks-biznes işçisinin hüquqlarını müdafiə etmək böyük cəsarət tələb edir.

-"Fahişə" sözünü ürək ağrısı ilə qarşılayıram. Bu qadının təhqir olunması üçün son yoldur. Heç bir qadın bu yola öz istəyi ilə seçmir. Mən insanı müdafiə edirəm. Qadını fahişə görmək ən acı vəziyyətdir. Bunu görmək istəmədim. Bu işdə mənə yuxarıdan aşağı baxanlar, təhqir edənlər, hətta özümü bu işdə günahlandıranlar olub. Ancaq mən gördüyüm işə inanıram. 13 yaşında, qonşusu tərəfindən müalicə olunmaq adı ilə Dubaya aparılıb cinsi istismar olunan epilepsiya xəstəsi qızcığaz heç vaxt günahkar ola bilməz. İnsan alveri qurbanlarına təziq göstərib onları cəmiyyətdən uzaqlaşdırmaq yerinə, hamı həmrəy olub onların reabilitasiya və reinteqrasiya işinə dəstək verməlidir. İnsan kimi cəmiyyətə faydalılığına şərait yaratmalıdır. Heç kim insan alveri qurbanı olmaqdan sığortalanmayıb. Hamı bu məsələdə həssas olmalıdır. Çünki insan alverçiləri adətən ailəyə yaxın qonşular və qohumların içərisindən olur. Ona görə də, başına belə bir hadisə gəlmiş insanı qınamaq, alçaltmaq yerinə, ona əl uzatmaq lazımdır.

-Qadın polislərin yetişdirilməsi üçün layihə hazırlamısınız. Qadın polislərin sayının artırılması nələri dəyişəcək?

-Çox şeyi dəyişəcək. Heç bir sahədə diskriminasiya olmamalıdır. Stereotiplər elə edib ki, sanki, müəlliməlik, katibəlik qadınların boyuna biçilib. Ancaq qadın yaxşı polis, yaxşı mühəndis də ola bilər. Qadının daxilindəki ədalət, dəqiqlik hissi ona hər işdə uğur qazanmasına kömək edər. Yetər ki, ona bir addımlıq yol açılsın. Başqa bir məsələ də var ki, ailədaxili zorakılıq məsələlərində qadın polisin rolunu dünya təcrübəsi artıq qəbul edib. Çünki, bu məsələyə qadınla kişinin yanaşması fərqlidir. Zorakılıq görmüş qadın öz dərdini asanlıqla həmcinsinə danışa bilər. Qadın polisin yanaşması da təbii ki, məsələyə daha fərqli olar. Zorakılıq ilkin mərhələdə qanuni müstəvidə həll olunar. Bəzən olur ki, zorakılıqla bağlı polisə müraciət edən qadına kişi polis ağır cavab verir. Hətta polisə ərindən şikayət etdiyi üçün onu qınayıb evinə göndərən polislər də var. Nəticəni düşünmək lazımdır. Cəzasızlıq zorakılıq edən kişinin əl-qolunu daha da açır. Kim tərəfindən edilməsindən aşlı olmayaraq zorakılıq elə zorakılıqdır. Hər şey qanuni çərçivədə həll olunmalıdır. Mən qadını da, kişisi də xoşbəxt, güclü cəmiyyət görmək istəyirəm.

-Sonda xoşbəxt cəmiyyət haqqında düşüncənizi paylaşmağınızı istəyərdim.

-Düşünürəm ki, indi insansevərlik əvvəlki kimi deyil. İnsanı sevmək, insana hörmət etmək, hamıya yaxşılıq arzulamaq daxilən saf insan olmaq deməkdir. Daxilən saf insanlar isə sağlam düşüncəli cəmiyyət deməkdir. Çox istərdim ki, insanlar bir-birlərini sevsin. Hamı kömək etməyə can atsın, zorakılığa, ev yıxmağa yox.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm