Obama xilas oldu
Bizi izləyin

Dünya

Obama xilas oldu

ABŞ-da federal hökumətin bağlanmasının qarşısını alan büdcə qanunu Konqresin Nümayəndələr Palatasında gecə saatlarında qəbul edilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mübahisəli büdcə qanununu federal hökumətin rəsmi olaraq bağlanmasına 2 saat yarım qalmış təsdiqləmək mümkün olub.

1,1 trilyon dollarlıq büdcə qanunun lehinə 219, əleyhinə isə 206 konqresmen səs verib. Qanunu dəstəkləyənlərdən 162-i respublikaçı, 57-i isə demokratdır. Ağ Evin sözçüsü Coş Ernest də gündəlik mətbuat konfransında prezident Barak Obamanın bir qədər tərəddüd etməsinə baxmayaraq, qanunu təsdiqləyəcəyini bildirib.

Mübahisəli büdcə qanununda diqqəti çəkən əsas məqam İŞİD terror qruplaşması ilə mübarizəyə 5 milyard dolların ayrılmasıdır. Qanun həmçinin Ebola ilə mübarizə üçün 5,4 milyard dolların xərclənməsini nəzərdə tutur.

Qanun Obamaya imzalanması üçün göndərilməzdən əvvəl Senatda da qəbul edilməlidir. Respublikaçıların Senatda da üstünlük təşkil etməsi qanunun hər hansı bir maneə olmadan burada da qəbul olunacağına əsas verir.

Xatırladaq ki, ötən il Konqresdə büdcə qanunu ilə bağlı razılaşmanın əldə olunmaması federal hökumətin 1-17 oktyabr tarixlərində bağlı qalmasına səbəb olmuşdu. Bunun nəticəsində isə federal təşkilatlarda çalışan təxminən 800 min nəfər 16 gün ərzində işə çıxmamış, minlərlə mühafizəçi və polis isə maaş almadan çalışmışdı. Ölkəyə təxminən 24 milyard dollara başa gələn büdcə böhranı demokratlar və respublikaçılar anlaşması ilə 17 oktyabrda başa çatmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm