“Amerikanın fikri Ermənistan üçün maraqlı deyil”
Bizi izləyin

Dünya

“Amerikanın fikri Ermənistan üçün maraqlı deyil”

“Ermənilər cəbhədə təxribat törətməklə ABŞ-dan çəkinmədiyini göstərdilər”.

Publika.Az-ın məlumatına görə, bu fikirləri millət vəkili Fuad Muradov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana işgüzar səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, H.Klintonun səfəri zamanı ermənilərin Azərbaycanla cəbhə xəttində törətdiyi təxribat onların Amerikadan qorxmadığını, arxalarında daha güclü qüvvələrin olduğunu göstərdi:

“Hillari Klintonun səfəri zamanı cəbhə xəttində qanlı insident yaşandı. Bundan çox təəssüflənirəm. Allah şəhid olan bütün əsgərlərimizə rəhmət etsin. Ermənilər hər zaman olduğu kimi Hillari Klintonun səfəri zamanı da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdılar. Ermənistan hərəkətləri ilə beynəlxalq aləmə mesaj göndərdi ki, Amerikanın fikri onlar üçün maraqlı deyil. Bu, açıq-aşkar Dağlıq Qarabağ münaqişəsinin həllinə olan maneçilikdir. Ermənilər hətta Hillari Klinton Qafqazda ola-ola göstərdilər ki, Azərbaycan ordusunun əsgərlərini öldürürlər. Bu davranış ermənilər tərəfindən beynəlxalq aləmə çox ciddi bir mesajdır. Biz yenə də öz səylərimizi davam etdirməliyik”.

ABŞ rəsmisinin Azərbaycana səfərini müsbət qiymətləndirən millət vəkili Hillari Klintonun Qarabağla bağlı yeni təkliflər irəli sürdüyünü bildirib. Deputatın fikrincə, beynəlxalq ictimaiyyət hazırkı durumda status-kvonu dəyişmək istəyir:

“Qeyd edim ki, ABŞ dövlət katibinin Azərbaycana gəlməsi, NATO-nun Çikaqo sammitində qəbul edilən bəyannamələr göstərir ki, beynəlxalq ictimaiyyət indiki status-kvonu dəyişmək istəyir. Bu da o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və ermənilər dərhal işğal etdikləri torpaqlardan çıxarılacaqlar. Təbii ki, belə bir vəziyyətdə ermənilər ancaq təxribata getməlidirlər. Onlar bu baxımdan belə gərginlik yaradaraq məsələlərə mane olmağa çalışır. Burada təkcə Ermənistan deyil, eləcə də başqa qüvvələr var ki, onlar bu məsələnin həllini istəmirlər. Hesab edirəm ki, ABŞ dövlət katibinin səfəri Azərbaycan üçün çox uğurlu alındı. Onların mövqeyindən bilindi ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın yeni təklifi var. Bu təkliflər münaqişənin həlli ilə bağlıdır. Hətta xarici işlər nazirlikləri də bununla bağlı görüş də planlaşdırıblar. Buna görə də, ermənilər təxribatlar həyata keçirməyə çalışırlar. İstənilən halda yeni müzakirələr olacaq”

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm