• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lukaşenko:“Belarusu Rusiya bazarına möhtac qoymayın”

  • Dünya
  • 12 Dekabr 2014 22:53
  • 431 Baxış
Lukaşenko:“Belarusu Rusiya bazarına möhtac qoymayın”

“Satış bazarlarının diversifikasiyasını ölkənin sağ qalması məsələsidir”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus preizdenti Aleksandr Lukaşenko ölkənin xarici işlər naziri Vladimir Makeyemlə görüş zamanı bildirib.

Belarus prezidenti ölkənin xaricdəki səfirlərini ixracın diversifikasiyasına kömək etməyə çağırıb.

“Lazımdır ki, hər bir səfir ixracın diversifikasiyası məsələsinin həlli ilə məşğul olsun. Biz məhsullarımısın yarısını Rusiya bazarına ixrac edirik. Bu bizim əsas bazarımızdır. Amma bu bazarda nələrin baş verdiyini hamınız görürsünüz”, - A.Lukaşenko vurğulayıb.

Belarus prezidenti həmçinin ölkənin məhsulları üçün əsas bazarlardan olan Qazaxıstanda vəziyyətin çətin olduğunu, Ukraynada isə qeyri-stabil vəziyyətin davam etdiyini deyib.

Qeyd edək ki, Rusiya və Belarus 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq Avrasiya iqtisadi İttifaqın üzvü olsa da, Moskva son vaxtlar Belarus məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

Belarusun 8 müəssisəsindən Rusiya bazarı üçün ərzaq məhsulunun tədarükünə tətbiq edilmiş qadağa 24 noyabrdan qüvvəyə minib. Ayın 26-da isə siyahıya Belarusun daha 10 müəssisəsi daxil edilib. Qadağa nəticəsində Belarusdan Rusiyaya idxal edilən ət məhsulunun, demək olar ki, bütün həcmi - təxminən 400 min ton ət qadağa qərarının təsiri altına düşüb. Rusiya Belarusdan idxal edilən qida məhsullarının Rusiya və Gömrük İttifaqı standartlarına cavab vermədiyini, həmin məhsul növlərində zərərli mikroorqanizmlər və antibiotiklərin aşkar edildiyini iddia edib.

Belarus prezidenti isə Rusiya tərəfinin iddialarını rədd edir. Lukaşenkonun sözlərinə görə, Moskvanın səsləndirdiyi səbəb yalnız Belarusda deyil, istənilən rusiyalıda da gülüşü doğurur. O, Rusiya ərzaq məhsullarının təhlükəsizlik baxımından Belarus məhsullarından qat-qat geri qaldığını dilə gətirib.

“Rusiya Belarus müəssisələrinin istehsal etdiyi ərzaq məhsullarının idxalını qadağan etməklə özünü ədəbsiz apardı. Rusiya Gömrük Şurasında nail olduğumuz razılaşmalara qarşı getdi”, - Lukaşenko deyib.

Daha əvvəl Belarus məhsullarının Rusiyaya çatdırılması ilə bağlı yaranan vəziyyətdən yorulduğunu dilə gətirən Lukaşenko Minskin cavab addımları atacağını istisna etməyib.

“Rusiya hakimiyyətinin davranışı məni nəinki təəccübləndirir, həm də məyus edir. Əgər yaxın vaxtlarda iki ölkə arasında ticarət normallaşdırılmasa, biz reaksiya verməyə məcbur olacağıq. Bu cür davranış nə üçündür?" - Lukaşenko vurğulayıb.

Qeyd edək ki, rəsmi Minsk uzun müddətdir ki, Belarus məhsulları üçün Qərbdə bazarlar axtarır. Bunun nəticəsidir ki, Rusiya-Qərb münasibətlərinin gərgin olduğu bir vaxtda – bu ilin sentyabrın 22-də Nyu-Yorkda Belarus-Amerika investisiya forumu keçirildi. Belarus hakimiyyəti Amerika investisiyalarının cəlb edilməsinə bel bağlayır və iqtisadi layihələrin irəliləyişinə əvəz olaraq siyasi məsələlərin müzakirəsinə söz verirlər. Belarus 2008-ci ildən başlayaraq potensial xarici partnyorlar üçün öz biznes imkanlarını nümayiş etdirməyə başladı. İlk belə forum Londonda, daha sonra Berlində keçirilib. Belarus ABŞ-da bu ilk dəfə biznes imkanlarını nümayiş etdirməyə çalışıb.

“Onlar xaricə konkret təkliflər aparırlar ki, investorların pulu ilə harada, hansı məbləğə və nəyi tikmək istəyirlər. Bütün bunlar isə KİV-də aktiv kampaniya ilə müşayiət olunurdu. Təəssüf ki, bu cür tədbirlərin məhsuldarlığı qısamüddətli oldu. Siyasi risklər investorları dayandırırdı. Amma hazırda Minskin Brüssel və Vaşinqtonla münasibətlərində istiləşmə başlayıb", - siyasi müşahidəçi Roman Yakovlevski deyir.

Ekspertlər hesab edirlər ki, Minsk investisiyalara əvəz olaraq prezident seçkiləri ərəfəsində demokratiya və liberallaşdırma proseslərini təqlid etməyə çalışacaq. Ekspertlər həmçinin qeyd edir ki, Qərbin Rusiya üçün yaratdığı iqtisadi və maliyyə maneələri Moskvanın əsas strateji və iqtisadi tərəfdaşı olan Minski biznes üçün yeni imkanları axtarmağa itələyirlər.

Bununla belə, rusiyalı siyasi müşahidəçilər hesab edir ki, Belarusun da təmsil olunduğu Avrasiya İqtisadi İttifaqında xoşagəlməz proseslər gedir. Onlar hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqı ilə bağlı verilən Qərbin “uğursuz qurum” proqnozları özünü artıq doğrultmaqdadır.

“Nezavisimaya qazeta” nəşri planların əksinə olaraq, Rusiya, Belarus və Qazaxıstanın ittifaq çərçivəsində daha az inteqrasiya olduğunu bildirir.

“Hələ vahid valyuta, maliyyə, sosial siyasət, enerjidaşıyıcısıların ticarəti, real fövqəlmilli idarəetmə orqanlarının yaradılmasından söhbət getmir. Ən həssas məsələlər - nef, qaz və maliyyə üzrə məsələlər həll edilməmiş qalır. Bu məsələlərin isə 2025-ci ilə qədər həll edilməsi gözlənilir. Yəni, proses çox ləng gedir”, - Rusiya nəşri qeyd edir.

Avrasiya İqtisadi İttifaqı ölkələrin iqtisadi müstəqilliyin bir hissəsinin fövqəlmilli strukturlara etibar edilməsini nəzərdə tutur. Rusiya daxil olmaqla qurumun üzvləri bu prosesin olduqca ağır şəkildə getdiyini etiraf edirlər. Hələ ki heç kim milli müstəqillik prinsiplərindən keçmək istəmir. Avropa İttifaqı nümunəsi, yəni üzv ölkələrin iqtisadi, hərbi, maliyyə və digər milli müstəsna hüquqlardan könüllü şəkildə imtina etməsi Avrasiya İqtisadi İttifaqı iştitrakçılarına xoş gəlmir.

“Nezavisimaya qazeta” bildirir ki, MDB ölkələrinin Rusiya ilə daha sıx inteqrasiyaya etibar etməməsi çoxillik imperiya və keçmiş SSRİ təcrübəsi ilə izah olunmalıdır: “MDB ölkələrində ciddi qorxular var ki, iqtisadi inteqrasiya mütləq siyasi müstəqilliyin itirilməsinə gətirib çıxaracaq. Bununla belə, müasir dünyada dərin iqtisadi inteqrasiya olmadan yaşamaq mümkün deyil. Əgər Rusiya, həqiqətən də, keçmiş respublikalarla uzunmüddətli əməkdaşlığa köklənibsə, o halda sübut etmək lazımdır ki, Avrasiya İqtisadi İttifaqı layihəsi siyasi müstəqilliyin saxlanıldığı, ərazi bütövlüyü, tarix, dil, mədəniyyət, mentalitet və partnyorların bərabərliyə əsaslanan inteqrasiya birliyidir. Əlbəttə ki, bəzi qərarlar bu və ya digər tərəfin maraqlarına zidd ola bilər və hər bir iştirakçı ölkə istənilən qərara veto qoymaq imkanına malik olmalıdır. Bu, iqtisadi inteqrasiyanın ciddi impulsudur”.

Ənənəvi inteqrasiya isə Rusiya üçün çox baha başa gəlir. Rusiya 2000-2013-cü illər ərzində Belarusa maddi yardımlar və dotasiyalar şəklində 70 milyard dollar ödəməli olub. Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibətlərin gərginləşdiyi bir dövrdə Moskva Belarus və Qazaxıstandan kömək umur. Rusiya Qərbin sanksiyalarına cavab vermək üçün bir sıra qərarlar qəbul edib və cavab sanksiyalara Astana ilə Minskin də qoşulmasını gözləyir. Nazarbayev və Lukaşenko isə bildirdilər ki, ittifaqda Kreml tərəfindən təklif edilən münasibətlər modeli onların xoşuna gəlmir və Rusiyanın cavab sanskiayalarına qoşulmaq niyyətində deyillər.

Təbii ki, nə Astana, nə də Minsk Qərbdən gələn sanksiyaların Rusiya ilə bərabər daşımaq niyyətində deyil. Nazarbayevin artıq bir neçə dəfə Kremlin üzünə ağ olmasından sonra onun belaruslu həmkarı Lukaşenkonun da okeanın o tayına boylanması təəccüb doğurmamalıdır. Görünür, Belarus və Qazaxıstan liderləri hansısa təhlükəli proseslərin baş verəcəyini yəqin ediblər.

Belarusun ABŞ-a “iqtisadi layihələrin irəliləyişinə əvəz olaraq siyasi məsələlərin müzakirəsinə söz verməsi” isə Moskava üçün ciddi siqnal olmalıdır. Lukaşenko “Minskin cavab addımları” isə heç şübhəsiz ki, Minskin ABŞ-la əməkdaşlığını da nəzərdə tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR