• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Turqut Özalın ölümü: “Qan analizləri olan şüşə... düşüb sındı“

  • Dünya
  • 3 İyun 2012 12:00
  • 154 Baxış
Turqut Özalın ölümü: “Qan analizləri olan şüşə... düşüb sındı“

Turqut Özalın ölümü: “Qan analizləri olan şüşə... düşüb sındı“

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümünü araşdıran Prezident Dövlət Nəzarəti Təşkilatının hazırladığı hesabatın əlyazmasını "Aksiyon" jurnalı ələ keçirib. Jurnal hesabatdakı maraqlı məqamları oxucuların diqqətinə çatdırıb

"Toplantı bitdi..."

13 aprel 1993-cü il, axşam vaxtı. Prezident Turqut Özal Türkmənistan səfərində jurnalistlərin suallarını cavablandırır, səfəri qiymətləndirir. Qəflətən onun vəziyyəti pisləşir, prezidentin mətbuat sözçüsü Kaya Toperi ayağa qalxaraq onun qoluna girir. Özalı sanki sürüyərək otaqdan çıxarır və jurnalistlərə: "Toplantı bitdi" deyir.

Prezidentin sonrakı dayanacağı olan Azərbaycana nəzərdə tutulan iki günlük səfər proqramı bir günə endirilir.

Azərbaycandan Ankaraya dönüşündə Özalın yorğunluğu gendən hiss olunur. O, istirahət etmək üçün 16 aprel axşamına olan proqramını ləğv edir. Ancaq Bolqarıstan səfirliyindəki qəbula qatılması üçün ona israr olunur. Bir neçə dəfə rədd etməsinə baxmayaraq, davamlı israrlardan sonra Özal tədbirə qatılır.

Tədbirdə portağal suyu (yaxud limonad) içir, xeyli müddətdən sonra Çankaya Köşkünə dönür. 17 aprel səhəri oyandıqdan sonra isə səbəbi hələ də bilinməyən bir şəkildə həyatını itirir.

Cavabsız suallar

Milyonlarla insanın dindar, vətəndaş və demokratik prezident adlandırdığı, dəfn mərasimində iştirak edib gözyaşı tökdüyü Turqut Özalın ölümü ilə bağlı cavabı bilinməyən suallar ötən müddət ərzində azalmayıb, əksinə artıb.

Xüsusi səlahiyyətli Ankara Baş Prokurorluğunun başladığı istintaq isə getdikcə dərinləşir. Prezident Dövlət Nəzarət Təşkilatı da hesabatını tamamlayaraq prezident Abdullah Gülə təqdim edib.

Təşkilat xeyli sayda rəsmi sənədi nəzərdən keçirib, səyahət qeydləri, sağlamlıq hesabatları araşdırılıb, bəzi sənədləri isə əldə etmək mümkün olmayıb. Özalın xarici səyahəti, Bolqarıstan səfirliyinə aparılması, xüsusilə Çankaya Köşkündəki ilk tibbi yardımdan dəfn olunmasına qədər keçən müddət diqqətlə araşdırılıb.

Prezident Dövlət Nəzarət Təşkilatı Özalın ölümü üçün konkret olaraq "sui-qəsddir" deyə bilməyib, eyni zamanda bir çox suala da cavab tapmaqda aciz qalıb.

Məsələn, Özalın cəsədi niyə yarılmayıb? Xanımı Səmra Özalın buna icazə vermədiyi iddia edilsə də, bu, yetərli hesab olunmur. Şübhəli vəziyyətlərdə, hələ söhbət dövlət başçısından gedirsə, cəsədin yarılması üçün yaxınlarının razılığı tələb olunmur.

Qan və ət kimi nümunələr niyə götürülməyib? Alındığı deyilən qan nümunəsi niyə etibarlı şəraitdə saxlanmayıb? Özalın vəfat etdiyi səhər Çankaya Köşkündə həkimi olmayıb. Prezidentin sağlamlığının qorunması üçün kim cavabdeh idi? Niyə həkim, tibb bacısı və digər tibbi heyət köşkdə olmayıb? Turqut Özal niyə təcili yardımla deyil, içində tibbi ləvazimat olmayan maşınla aparılıb?

Limonad, yoxsa portağal suyu?..

Özalın ölümü ilə əlaqədar istintaqda Prezident Dövlət Nəzarət Təşkilatının üzərində dayandığı məqamlar aşağıdakılardır:

Ölümündən bir gün əvvəl Turqut Özal Bolqarıstan səfirliyindəki qəbula qatılır. Yorğunluğuna və istəməməsinə baxmayaraq tədbirə zorla aparılır. Özalın səfirliyə gedərkən görüntüləri izlənilib. Səfirliyə doğru yol üzüyuxarı idi. Hansı səbəbdən buna icazə verilib?

Özalın qəbulda limonadlı, yaxud portoğallı su içdiyi məlum deyil. Limonadmı, yoxsa portağal suyumu içib? Suyu verən adam kim idi?

Foto və video-görüntülər araşdırıldığı zaman qəbula dəvət edilənlərdən bir çoxunun kimliyi bilinmir. Kimliyi bilinməyən çox saylı insan dövlət başçısı olan tədbirə necə girə bilib? Təhlükəsizlik məsələsinin düzgün qurulmamasına görə məsuliyyəti kim daşıyır?

Özalı xəstəxanaya çatdıran avtomobil ambulans yox, xəstə daşıyan avtomobil olub. Bu, heç bir tibbi təchizatı olmayan 1967-ci il istehsallı "Mersedes" imiş. Köşkün təcili yardım tələbinə baş nazirlik niyə mənfi cavab verib?

Özal Hacattepeyə aparılıb. Şənbə səhərində şəhər tıxacsız imiş. Vəziyyəti pisləmiş ürək xəstəsi təcili olaraq ən yaxın xəstəxanaya aparılmalıydısa, yol üstündə Yüksək İxtisas və Ankara Tibb Fakültəsi vardı. Ürək cərrahlığı sahəsində ən inkişaf etmiş xəstəxana məhz buradır. Bəs hansı səbəbdən Hacattepe seçilib?

Bu vəziyyətdə olan xəstə üçün dəqiqələrin də böyük əhəmiyyəti olur. Özal Hacattepeyə çatdırılanda artıq nəfəs almırdı...

Qan nümunəsi yoxa çıxdı

Özalın həkimi Çingiz Aslan cəsədin yarılmaması səbəbi barədə "ailəsi istəmədi" deyir. Ailə isə bu iddianı rədd eləyir. Qanunlara görə, şübhəli bir ölüm varsa, ailənin icazəsinə ehtiyac yoxdur. Həkim yarılma haqda prokurorluğa xəbər eləyir, prokurorluq isə ailəsinin razılığını almadan belə cəsədin yarılmasına razılıq verir. Niyə belə bir hüquqi prosedura əməl edilməyib?

Qan nümunəsinin alındığı bildirilir, sonradan isə həmin qan nümunəsi itir. Bu necə ola bilər?

Turqut Özalın necə dəfn olunduğu da bəlli deyil. "Tabutla dəfn olundu" deyənlər var, ancaq görüntülərdə tabutun məzardan çıxarıldığı görünür. Hansı səbəbdən Özalın ölümü ilə bağlı şübhələr ortaya çıxan kimi cəsəd çıxarılaraq yarılmayıb?

Özalın müayinəsini özəl xəstəxana aparıb. O, nədən dövlət xəstəxanasında və güclü təhlükəsizlik tədbirləri altında müayinə olunmayıb?

Özalın ölümündən sonra ölüm xəbərinin açıqlanıb-açıqlanmayacağı mübahisə mövzusuna çevrilib. Bəzi səlahiyyətlilər açıqlama üçün həmin dövrün baş naziri Süleyman Dəmirəli gözləməyi niyə israrla vacib sayıblar?

Mərhum prezidentlə dost olmuş keçmiş hərbi məhkəmə hakimi Faik Tarımçıoğlu "Kanal A"ya açıqlamasında deyib ki, Özalın ölümündə kifayət qədər qaranlıq məqamlar var.

O bildirib ki, vəfat etdikdən sonra xəstəxanada Özalın qan analizinin nəticələri gizlədilib: "Bizə dedilər ki, qanın olduğu şüşə həkimin əlindən düşərək sınıb. Bu isə kifayət qədər şübhələrə yol açır. Bu araşdırma Türkiyə tarixinin ən qaranlıq ili olan 1993-cü ilə işıq salaraq bir sıra məqamları üzə çıxara bilər".

Ölüm gətirən zəhər

Qardaşı Qorqud Özal bildirib ki, Turqut Özal zəhərlənərək öldürülüb: "Öldüyü vaxt ağzının köpükləndiyi deyilir, halbuki ürək xəstələrində belə hal müşahidə olunmur. O, öldükdən sonra Türkiyə bataqlığa getdi.

Turqut bəyə 1988-ci ildə sui-qəsd edildi, kim etdiyini də bilirdi, adını da mənə dedi. Qardaşımı zəhərlədilər. Bəli, böyük qardaşımın ölümünə böyük hazırlıq vardı. Birini köşkə daxil edərək qardaşımı öldürdülər. Köşkə gedib çıxa bilən bir təşkilat var. İnfarkt keçirən zaman qardaşıma yardım edilməyib, ya da etdirilməyib. Sanki ölməsini gözləyiblər".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR