Siyasi ekspert: “Azərbaycan riskli addımlardan çəkinməlidir”
Bizi izləyin

Dünya

Siyasi ekspert: “Azərbaycan riskli addımlardan çəkinməlidir”

NATO-nun düşüncə mərkəzi olan Atlantik Müqaviləsi Assosiyasiyasının (Atlantic Treaty Association) proqram direktoru Cüzeppe Belardetti Dağlıq Qarabağda müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Onun “Atlantic Sentinel” saytında yerləşdirilmiş məqaləsində deyilir ki, hətta böyük olmayan insident də Dağlıq Qarabağ münaqişəsi zonasında irimiqyaslı silahlı əməliyyatların alovlanmasına gətirib çıxara bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Publika.Az-a açıqlamasında bildirib ki, indiki situasiyada Azərbaycan və Ermənistanın belə bir riskli addım atması inandırıcı deyil. İranla bağlı bölgədə mürəkkəb bir şəraitin yarandığını deyən ekspert hesab edir ki, Dağlıq Qarabağda başlana biləcək hərbi toqquşma daha çox İranın xeyrinə olar:

“İran bu vəziyyətdən istifadə edib diqqətdən yayına və nüvə fəaliyyətini davam etdirə bilər. NATO eksperti də müharibənin başlama ehtimalından danışarkən çox güman ki, İran amilinə işarə edib. Yəni İran dıqqətdən yayınmaq üçün hər an təxribat törədə bilər”.

Belardetti hesab edir ki, Qarabağda yeni müharibədən istifadə edərək Rusiya Qafqazın işlərinə daha böyük təsir imkanları əldə edə, Cənubi Osetiya və Abxaziyada olduğu kimi Qarabağda da öz hərbi qüvvələrini yerləşdirə bilər.

Belardette ilə həmrəy olan Elxan Şahinoğlunun fikrincə, bu mümkün görünür. Münaqişənin həll olunması ilə Rusiyanın bölgədə varlığının sual altında qala biləcəyini deyən ekspert qeyd edir ki, Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ kimi seperatçı qurumlarının dəstəklənməsi də birbaşa olaraq rəsmi Moskvanın maraqları daxilindədir:

"Aydındır ki, Dağlıq Qarabağda müharibə olsa Ermənistan bunu elə qələmə verəcək ki, toqquşma Ermənistan ərazisinə keçib və Rusiyanın da müharibəyə qoşulmasını istəyəcək. Rusiya da bunda maraqlı olacaq. Bu baxımdan bölgədə vəziyyətin gərgin olduğu məqamda Azərbaycan mümkün qədər riskli addımlardan çəkinməlidir”.

Mütəmadi olaraq müharibə xəbərdarlığı ilə çıxış edən Qərbin münaqişənin həllində ləng tərpənməsinə gəlincə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri söyləyib ki, bu ziddiyyətli mövqe Azərbaycanda anlaşılmır:

“Bir tərəfdən müharibədən ehtiyat edir, digər tərəfdən buna tamamilə zidd addımlar atırlar. ABŞ Azərbaycanın ərazi bütövlüyünü vurğulayarkən, digər tərəfdən Konqres bədnam qərarlar qəbul edir, Dağlıq Qarabağ separatçılarına yardımlar ayırır.

ABŞ Azərbaycanın müttəfiqidir, amma yeganə dövlətdir ki, Dağlıq Qarabağa rəsmən yardım ayırır. ABŞ Minsk Qrupunun üzvü olsa da son illər faktiki olaraq münaqişənin həlli prosesindən uzaqlaşaraq Rusiyanın fəallaşmasına imkan yaradıb. Ola bilər ki, Barak Obama qlobal problemlərdə razılıq əldə etmək naminə Qarabağ kimi məsələləri Rusiyaya həvalə edib”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm