• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ARDNŞ mühafizəçiləri: “Üstümüzə süvari gəldi“

  • Dünya
  • 23 May 2012 09:43
  • 209 Baxış
ARDNŞ mühafizəçiləri: “Üstümüzə süvari gəldi“

Binəqədi rayonunun Sulutəpə ərazisində baş vermiş hadisələrlə bağlı ARDNŞ-də yaradılmış komissiya açıqlama yayıb. Publika.Az-ın məlumatına görə, komissiyanın açıqlamsında deyilir:

"Neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün ARDNŞ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində özbaşına tikililərin qarşısının alınması istiqamətində cari ilin aprelin 18-də Binəqədi rayonundakı Sulutəpə ərazisində keçirilmiş tədbirlərdə baş vermiş hadisələri, o cümlədən "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasovun xəsarət alması faktını araşdırmaq məqsədilə ARDNŞ-nin 19 aprel 2012-ci il tarixli əmri ilə yaradılmış komissiya araşdırmalarını başa çatdırıb.

ARDNŞ-nin Hüquq İdarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucov bununla əlaqədar aşağıdakıları bildirib:

- ARDNŞ tərəfindən yaradılmış komissiya öz səlahiyyətləri çərçivəsində baş vermiş hadisənin təfərrüatlarının, o cümlədən İdrak Abbasovun hansı səbəbdən və kim tərəfindən xəsarət alması faktının araşdırılmasına xüsusi diqqət yetirib. Bununla əlaqədar olaraq ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin (bundan sonra “Tİ”) 18 aprel tarixində Sulutəpə ərazisində keçirdiyi tədbirdə iştirak etmiş əməkdaşları ilə söhbətlər aparılıb, hadisə ilə bağlı ətraflı məlumat toplanıb və iştirakçıların izahatları alınıb.

Bundan başqa, Komissiya qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq ARDNŞ nümayəndələri, eləcə də komissiyanın üzvü Şahin İsmayılov iki dəfə İdrak Abbasovun müalicə aldığı xəstəxanada ona baş çəkmiş, onunla geniş söhbət aparıblar. Söhbətin əsas məqsədi İdrak Abbasovun hansı şəraitdə xəsarət alması, tərəflər arasında münaqişənin hansı zəmində yaranması, jurnalistə xəsarət yetirilməsində ARDNŞ əməkdaşlarının iştirak dərəcəsi və s. məsələlərin aydınlaşdırılması olub.

Onunla birlikdə hadisəni əks etdirən müxtəlif fotoşəkillər, video-materiallar diqqətlə nəzərdən keçirilib. Həmin gün İdrak Abbasovu ziyarətə gələn "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva da qeyd olunan materialları izləyib və hadisənin şahidi kimi müəyyən şəxslərin kimliyini xatırlamağa çalışıb.

Jurnalistlərin iştirakı ilə baş verən hadisələr təhlil edilib, onların bildirdikləri ARDNŞ əməkdaşlarının verdiyi izahatlarla müqayisə olunub, həqiqətin üzə çıxarılması istiqamətində araşdırmalar aparılıb.

İdrak Abbasovun şübləhəndiyi Tİ-nin iki nəfər əməkdaşı ARDNŞ-nin Baş Ofisinə dəvət edilib, qanunvericiliyin yol verdiyi hədlərdə onlardan da izahat alınıb. Müəyyən edilib ki, həqiqətən də həmin şəxslərlə jurnalist İdrak Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə yaranıb və nəticədə həm ARDNŞ əməkdaşları, həm də İdrak Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Tİ-nin iki əməkdaşının verdiyi izahata əsasən, hadisə belə olub: İdrak Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlədib, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlib və münaqişəyə qoşulublar. Bəzi sakinlər tərəfindən Tİ əməkdaşlarına daş və digər əşyalar atılıb.

Bununla da gərginlik yüksək həddə çatıb və Tİ əməkdaşları ilə İdrak Abbasovun da içərisində olduğu qrup arasında dava başlayıb. İzahatı alınan Tİ əməkdaşları İdrak Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməyib, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər.

Komissiyaya o da məlum olub ki, həmin ərazidə İdrak Abbasovun, onun atasının və qardaşının qanunsuz tikililəri mövcuddur. İzahatları alınan işçilərin verdiyi məlumatlara əsasən, İdrak Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı olmayıb, şəxsi maraqlarına xidmət edib. Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olub.

Hüquq İdarəsinin rəisi Eldar Orucov xatırladıb ki, ARDNŞ bu məsələnin ciddiliyini nəzərə alaraq, ictimaiyyətin məlumatlandırılması işində daim KİV nümayəndələrinin dəstəyinə böyük önəm verib. Onlarla birlikdə dəfələrlə Sulutəpə ərazisinə səfərlər təşkil olunub, orada keçirilən görüşlərdə və səyyar brifinqlərdə həmin torpaq sahələrinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye kateqoriyalı dövlət torpaqları olduğu təkrar-təkrar bəyan edilib.

Hadisədən təxminən bir həftə əvvəl - aprelin 10-da İdrak Abbasovun şəxsən iştirak etdiyi tədbirdə, habelə aprelin 11-də Sulutəpə ərazinə keçirilmiş reyddə də həmin torpaqlarda tikinti işlərinin aparılmasının qadağan olunduğu, ARDNŞ tərəfindən belə halların qarşısının alınacağı jurnalistlərin diqqətinə çatdırılıb. Bu məsələlər haqqında kifayət qədər məlumatlı olmasına baxmayaraq, İdrak Abbasov tərəfindən jurnalist peşəsi ilə bir araya sığmayan hərəkətlərə yol verilməsi, onun şəxsi məqsədləri üçün əhalini zorakılığa səsləməsi, təhqiramiz ifadələr işlətməsi jurnalist etikası baxımından dərin təəssüf doğurur.

Sakinlər tərəfindən hüquqazidd hərəkətlərə gəlincə, Eldar Orucov qeyd edib ki, baş verən qarşıdurmada Tİ-nin əməkdaşlarına daşlar, içərisi benzinlə dolu şüşələr atılıb, xüsusi hazırlanmış atlı süvarilər onların üsərinə hücum çəkiblər. Əvvəlcədən təşkil olunmuş bu hücumdan sonra ARDNŞ-nin əməkdaşları hadisə yerini tərk etməyə məcbur olub, bu zaman onların bəziləri baş və bədənlərinin müxtəlif yerlərindən xəsarətlər alıblar.

Eldar Orucovun sözlərinə görə, bütün bu xüsusatlar nəzərə alınaraq, hadisənin daha obyektiv, ədalətli araşdırılmasının təmin olunması məqsədi ilə komissiyanın topladığı bütün məlumatlar ARDNŞ rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib.

Aprelin 18-də baş vermiş hadisə ilə əlaqədar fakt üzrə daxili işlər orqanları tərəfindən cinayət işi başlanılıb, hazırda Daxili İşlər Nazirliyi tərəfindən istintaq aparılır. Bundan sonra hadisəyə hüquqi qiymət verilməsi, eləcə də hadisənin hansı şəraitdə baş verməsi, hadisəni törədənlərin konkret dairəsinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun cəzanın müəyyən edilməsi DİN-in araşdırması əsasında müvafiq məhkəmə tərəfindən həyata keçiriləcək.

Eldar Orucov ARDNŞ-nin mövqeyinin dəyişməz olaraq qaldığını söyləyib:

- Şirkətimizin mövqeyi hadisələrə düzgün hüquqi qiymətin verilməsindən ibarətdir. ARDNŞ hər cür zorakılığı pisləyir, belə halların öz əməkdaşları tərəfindən meydana gəlməməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Sulutəpə ərazisində baş verən hadisədən sonra Tİ əməkdaşları ilə bir daha maarifləndirici işlər aparılıb, onlara qanunvericiliyə ciddi əməl etmələri, münaqişəli hallarda maksimum həssas olmaları tapşırılıb.

Komissiya gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasında mövcud şirkətdaxili normativ sənədlərə müəyyən dəyişikliklər edilməsi zərurəti barədə tövsiyyələr işləyib hazırlayıb və baxılması üçün ARDNŞ-nin prezidentinə təqdim edib.

ARDNŞ mədən ərazilərində yarımçıq tikililərin bundan sonra məhkəmə vasitəsilə mübahisələndirilməsi işini daha kütləvi şəkildə davam etdirmək məqsədi ilə Binəqədi rayon icra hakimiyyətinə nümayəndə ayrılması üçün müraciət edib.

Bundan başqa, ARDNŞ sahibliyində olan torpaq sahələrinin hüdudlarındakı ərazilərə dair verilmiş bələdiyyə qərarlarını məhkəmə qaydasında mübahisələndirmək üçün aidiyyəti bələdiyyələrə də müraciət edib və həmin qərarların surətlərini istəyib.

Eldar Orucov bir daha bildirib ki, ARDNŞ bundan sonra da sənədi olmayan yarımçıq tikintilərin qarşısının alınmasında qətiyyət göstərəcək, Tİ əməkdaşlarının işini daha sistemli, operativ şəkildə təşkil etmək üçün lazımi tədbirləri görüləcək. Mədən ərazilərində qanunsuz olaraq həyata keçirilən tikinti işlərinin qarşısı alınacaq.

Bundan başqa, görülən tədbirlər çərçivəsində qanunsuz tikililərlə bağlı işlərin məhkəmə qaydasında aparılması istiqamətində də tədbirlər genişləndiriləcək. ARDNŞ öz sahiblik hüquqlarını özgələrinin qanunsuz hərəkətlərindən qorumaq üçün lazımi addımlar atır və bundan sonra da atacaq.

ARDNŞ-nin nümayəndələri müvafiq icra hakimiyyətinin nümayəndəsi ilə birgə yarımçıq tikili müəyyən etdiyi təqdirdə dərhal bu barədə akt tərtib olunacaq, tikinti işləri aparanın şəxsiyyətinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək. Tikintini aparanın şəxsiyyəti müəyyən edildiyi halda mübahisə baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək, onun şəxsiyyəti müəyyən edilməzsə, ARDNŞ mülki qanunvericiliyin tələbinə görə öz sahiblik hüquqlarının müdafiəsi üçün yarımçıq tikili barəsində lazımi tədbirlər görəcək.

Bununla əlaqədar ARDNŞ bir daha bəyan edir ki, görülən tədbirlər Şirkətin daimi istifadəsinə verilmiş torpaq sahələrinə dair sahiblik hüququnun müdafiəsi ilə əlaqədardır və ölkə qanunvericiliyinin yol verdiyi hədlərdə hərəkət edilir.

Nəzərə alınmalıdır ki, həmin ərazilərdə neft-qaz əməliyyatlarının aparılmasına dair ARDNŞ ilə xarici investorlar arasında Hasilatın Pay Bölgüsü üzrə Sazişlər (HPBS) imzalanıb, Milli Məclis tərəfindən patifikasiya olunub və qanuni qüvvəyə minib".

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR