İran səfirliyindən açıqlama; Milli Məclisdən sərt münasibət
Bizi izləyin

Dünya

İran səfirliyindən açıqlama; Milli Məclisdən sərt münasibət

İran səfirliyi, səfirin geri çağırılması barədə rəsmi açıqlama yayıb. Bu barədə səfirliyin ictimaiyyətlə əlaqələr bölməsindən Publika.Az-a daxil olan məlumatda bildirilir.


Məlumatda görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili cənab seyyid Əhməd Neməti bildirib ki, Dini müqəddəslər təhqir olunduğuna görə, cənab səfirMəhəmmədbağır Bəhrami lazımi məsləhətləşmələrin aparılması üçün dünən axşam ( 21 may 2012-ci il tarixində) Bakıdan Tehrana yola düşüb.

Bu arada Azərbaycan Parlamenti İran səfirinin geri çağırılmasına münasibət bildirib. Bu barədə Publika.Az "Mediaforum"-a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, mayın 22-də Milli Məclisin iclasında çıxış edən, hakim Yeni Azərbaycan Partiyasından deputat Mübariz Qurbanlı Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsinə toxunaraq deyib: “Çox təəssüf ki, bəzi dairələr - erməni lobbisi və İrandakı dairələr bunun əleyhinə gedirlər. İranda anti-Azərbaycan mitinqi təşkilı edənləri pisləyirəm. Adında islam sözünü daşıyan ölkə müsəlmanların qanını içən Ermənistanla dostluq eləməməli idi, amma elədi. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı vətənpərvər gənclərin də Bakıda İran səfirliyi qarşısında keçirdiyi mitinqdə böyük həqiqət var.

İşğalçı ölkə ilə həmkar olan İran bu gün bölgənin təhlükəsizliyini tamamilə təhlükə altına alıb. Tehranın bu hərəkəti İranla imzaladığımız sənədlərə də ziddir. Elədikləri azmış kimi İran Azərbaycandakı səfirini də geri çağırır. Səfirin bu şəkildə geri çağırılması da münasibətlərimiz üçün xoşagələn deyil”.

“Media forum” saytının məlumatına görə, deputat Qənirə Paşayeva da söz alaraq bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir: “İranda “Avroviziya” mahnı müsabiqəsinin islam dini əleyhinə olmasını deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç reaksiya bildirmədilər. Din pərdəsi arxasında bəyanat verənlər Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi haqda heç bir bəyanat vermədilər. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur”.

"İranın səfirini qovmaq lazımdır"

Parlamentin 22 may iclasında danışan Milli Məclisin sədri Oqtay Əsədov İrandan söz açıb.

“Media forum” saytının məlumatına görə, Oqtay Əsədov deyib: “İranda başlanan təbliğat start götürməzdən qabaq bu haqda erməni saytlarında anons verilir. Bir neçə il qabaq bir İran rəsmisi ilə görüşdə soruşdum İran Konstitusiyasında bir bənd var ki, zəif ölkələrə kömək etmək lazımdır, bu, Ermənistan üçün yazılıb? Cavab verdilər ki, bu, “Quran”dan götürülüb. Soruşdum bəs onda müsəlman ölkələri?”.

Bitərəf deputat Azay Quliyev çıxışında İranın öz problemlərini həll etmək əvəzinə əsas hədəf kimi Azərbaycanı seçdiyini bildirib: “Bu hal qəti şəkildə pislənməlidir. Bu gün ən çox narahatlıq doğuran odur ki, Azərbaycana qarşı təbliğatda Təbrizdə yaşayan azərbaycanlılardan istifadə etmək istəyi var. Mən bütün Təbrizdəki bacı -qardaşlarıma səslənirəm ki, İran rejiminin əlində alətə çevrilməsinlər”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov İranın azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırıldığını deyərək qeyd edib ki, həmin səfirin fəaliyyətində iki ölkə arasında sülh yaratmaq missiyası görünmür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qeyd edib ki, Tehran Bakını gey-paradın keçirilməsi ilə ittiham edir, amma əgər gey-parad keçiriləcəksə, elə İranda keçiriləcək: “İranda bir dövlət rəsmisi demişdi ki, qızların 25 faizindən çoxu sulu qəlyan çəkir, həm də əksəri ailə həyatı qurana qədər “ailə həyatı” yaşayır. Belələrinin Azərbaycana əxlaq dərsi keçməyə haqqı yoxdur. Deyirlər ki, İran səfiri Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq lazımdır”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm