• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Suriya: İrana oxşayan ərəb dövləti – ANALİZ

  • Dünya
  • 9 May 2012 14:15
  • 137 Baxış
Suriya: İrana oxşayan ərəb dövləti – ANALİZ

“Bu gün Suriya əslində bəzi dövlətlərin və siyasi dairələrin təqdim etdiyi kimi “İslam müqavimətinin” ayrılmaz hissəsi yox, İran və Livan (Hizbullah) arasında dəhliz rolunu oynayır”. Yaxın Şərq və ərəb ölkələri üzrə mütəxəssis Rufiz Hafizoğlu Publika. Az-a açıqlamasında belə deyib.

Analitik hesab edir ki, bu dəhlizdən İran vasitəsilə təqdim edilən köməkdən fələstinli qrupların, xüsusən də “İslami-cihad” qruplaşmasının faydalandığını inkar etmək olmaz:

“Suriya hakimiyyəti toqquşmalara başqa don geyindirməyə çalışsa da, ölkədə “Əl-Qaidə” terror təşkilatının və ya digər islamçı radikal qrupların nizami orduya qarşı mübarizə apardığını söyləsə də reallıq bunu əks etdirmir.

Bu gün Suriya küçələrində konkret üç qrup mübarizə aparır: Rəsmi dövlət ordusu, əksəriyyəti ələvilərdən ibarət hakimiyyətə sadiq mülki geyimli dəstələr və nizami ordudan ayrılan, hakimiyyətin fərari adlandırdığı Azad Suriya Ordusu.

Sual yarana bilər: Azad Suriya Ordusunu kim silahlandırır? Son dəfə Suriya müxalifəti ilə görüşüm zamanı müxalifət nümayəndəsi qonşu dövlətlərin silah dəstəyi verdiyini, lakin bunun cüzi olduğunu etiraf edərək Azad Suriya Ordusunun dövlət ordusundan pulla silah aldığını bildirdi.

Suriyada baş verən hadisələrə müxtəlif prizmadan yanaşmaq olar, lakin hesab edirəm ki, Suriya vətəndaş müharibəsinin astanasındadır”.

Ekspert Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti qoruyub saxlama ehtimalından da danışıb: “Hadisələrin bu templə gedişatı Əsədin hakimiyyətdə qala bilməyəcəyini iddia etməyə əsas verir. Hesab edirəm ki, o fürsəti buraxıb”.

Analitikin sözlərinə görə, Tunis istisna olmaqla, nə Liviyada, nə də Misirdə inqilab hədəfinə tam çatmayıb: “Regionun super-güc dövləti olan Misirdə bir çox strukturlarda hələ də Hüsni Mübarək zamanında qalan kadrlardır. Ərəb regionunda demokratikləşmə uzun və ağrılı prosesdir. Bu ölkələr demokratikləşsə belə, bu, bizim düşündüyümüz və Qərbdəki demokratik idarə sistemi olmayacaq”.

Tunisdə, Misirdə və Liviyadakı inqilabi proseslərin Suriya ilə müqayisəsindən söz açan Rufiz Hafizoğlu bildirib ki, həmin ölkələri Suriyadan geosiyasi fərqlər ayırır, bundan savayı etnik və dini tərkib də fərqlidir: “Tunis, Liviya və Misir etnik və dini baxımdan monotondur. Yalnız Misirdə qipti ( xristian misirlilər) amili var.

Suriyada hər şey tam fərqlidir. Suriyada müsəlman və xaçpərəstlər yaşayır, sünni, şiə, ələvi, druiz və təbii ki, kürd amili də mövcuddur. Bu ölkədə yalnız İranın yox, Fars körfəzi dövlətlərinin və Türkiyənin maraqları da kəsişir.

Suriya nə qədər ərəb dövləti olsa da, siyasi strukturu ilə İrana daha yaxındır, hətta Suriya regionda olan “Şiə ayparasının” bir hissəsidir. Təbii ki, ərəb dövlətləri Suriyanı ciddi-cəhdlə, nəyin bahasına olur-olsun İranın təsir dairəsindən çıxarmağa çalışırlar.

Suriya və İran arasında təhlükəsizlik haqqında razılaşma qüvvədədir. Bu razılaşmaya əsəsən Suriya ərazisinə hər hansı hərbi müdaxilə, İrana hərbi müdaxilə kimi qiymətləndirilir. Bu razılaşma qonşu dövlətləri daha ehtiyatlı davranmağa məcbur edir.

Suriyada Bəşər Əsəd rejiminin hələ də hakimiyyətdə qalmasının səbəbləri bununla bitmir. Etiraf etmək lazımdır ki, hazırda Suriya müxalifəti arasında ölkənin gələcək üsul-idarə sistemi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur”.

Ankaranın Suriya məsələsində tutduğu mövqeyə toxunan ekspert bildirib ki, qonşu dövlət olan Türkiyə Suriya qaçqınlarının qəbul edib, onlara humanitar yardım göstərib:

“Suriyada baş verən hadisələrdən əziyyət çəkən xalq Türkiyənin bu təpkisini alqışlayır. Lakin Suriya müxalifəti Ankaradan silahlı dəstək istəyir. Bu isə bir o qədər da asan məsələ deyil.

Əslində regionda Türkiyə və İran arasında ciddi rəqabət gedir. Fikrimcə, Ankara başda Livan olmaqla, İraq və Suriya siyasətində də İrandan geridə qalır”.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR