Lavrov nöqtəni qoydu: Moskva Krımda nüvə silahını yerləşdirəcək
Bizi izləyin

Dünya

Lavrov nöqtəni qoydu: Moskva Krımda nüvə silahını yerləşdirəcək

Rusiya Krımda nüvə silahının yerləşdirilməsini istisna etmir.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov rusiyalı jurnalistlərin “Rusiya Krıma nüvə silahının yerləşdirilməsi üçün yer kimi baxıla bilərmi” sualına cavab olaraq “Rusiya dövləti beynəlxalq hüquqa və öz maraqlarına, eyni zamanda beynəlxalq hüquq öhdəliklərinə müvafiq olaraq özünün qanuni nüvə arsenalı ilə bağlı göstəriş vermək hüququna malikdir” cavabını verib.

Qeyd edək ki, Krım ərazisində nüvə silahının yerləşdirilməsi yarımadanın Rusiyaya birləşdirilməsindən bu yana ölkədə aktual müzakirə mövzusuna çevrilib. Rusiyanın hərbi ekspertləri hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Amma onlar Rusiyanın Krımda güclənməsi üçün daha təhlükəli variant irəli sürürlər. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirilməsi ola bilər. Ekspertlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Qərbə nüvə hədəsini məhz Krımdan etməsi təsadüf sayılmır.

Rusiya İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur.

“1996-cı ilə qədər Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendumunu və onun Rusiyaya birləşməsini tanımayıb”, - V.Yevseyev qeyd edir.

ABŞ və NATO-nun hərbi potensialının Rusiyanın hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yerləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.

Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər: “Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə mane olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə, yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm