Türkiyəni Somalidə sevdirən nədir? - FOTO
Bizi izləyin

Dünya

Türkiyəni Somalidə sevdirən nədir? - FOTO

Moqadişo limanını əvvəllər çulğalayan xaos və münaqişə başa çatıb və xarici investorlar Somaliyə gəlməyə başlayıblar. Türkiyə bu investorların arasında birincisidir. Bəs görəsən, bu iki ölkəni bir-birinə bağlayan nədir? - BBC-nin müxbiri Meri Harper yazır.

- Bir vaxtlar, uğrunda düşmən silahlıların döyüşdüyü körpülərdə, indi sement, avtotexnika, un məmulatları və düyü ilə dolu konteynerləri daşıyan gəmilər boşaldılmalarını gözləyir. Nəhəng kranların qolları qalxır və enir. Körpülərin bəzilərini türklər, digərlərini isə somalilər işlədirlər.

Konteynerin bir az xatalı kimi başımın üzərində yelləndiyi bir vaxtda, limanın əhvalı şən türk meneceri danışır ki, onun şirkəti sentyabr ayından bu limanı işlətməyə başlayandan bəri port ayda 4 milyon dollar gəlir gətirir və bu gəlir artmaqda davam edir. Əldə olunan gəlirin 55 faizi birbaşa Somali hökumətinin büdcəsinə gedir.

Di gəl şəklini çəkməyə qoymur. “Çox çirkinəm” – deyir.

Söhbət təkcə portdan getmir. Türkləri Moqadişonun hər yerində görmək olar. Elə bayraqlarını da. Bu səfər zamanı mən burada Somali bayrağından daha çox Türkiyə bayraqları gördüm.

Türklər həm aeroportu idarə edir, həm də yeni terminalın tikintisini həyata keçirirlər. İndi Türkiyə Hava Yolları Moqadişoya həftədə dörd dəfə uçuşlar edir. Bu Moqadişoya son iyirmi ildə uçan ilk beynəlxalq hava şirkətidir.

Türklər tərəfindən tikilmiş bərq vuran xəstəxanada əyinlərinə sadəcə ağ rəngli polo köynəkləri geyinmiş türk həkimlər çalışırlar. Köynəklərin bir qolunda Türkiyə bayrağının şəkli var. Başqa qolda isə Somali bayrağının şəkli.

Bayır tərəfdə Türkiyəli inşaatçılar 2000 insanın ibadət edə biləcəyi Osmanlı üslublu məsçid binasında son tamamlama işlərini görürlər. Məsçidin tavanına zəngin mavi, qırmızı və qızılı boyaların vurulması üçün rəngsazları bura Türkiyədən gətiriblər.

Hətta zibildaşıyan maşınlar da 20 ildən qalan tör-töküntünü yığışdırmaq üçün Türkiyədən gətirilib. Mən belə maşınlardan birini intihar partlayışından sonra iş başında gördüm. Maşın ətrafa səpələnmiş qan və dağıntını təmizləməyə çalışırdı.

Hər şey 2011-ci ilin aclığından başlanıb. O vaxt Türkiyənin baş naziri olan Prezident Erdoğan Somaliyə gəlmişdi. Somlaliyə aid işlərini təhlükəsizlik mülahizələri ilə qonşu Keniyadan görən başqa əcnəbilərdən fərqli olaraq, o Moqadişonun küçələrini gəzirdi. Əyində adi kostyum vardı. Zirehli jilet də geyinməmişdi.

Somalilər mənə onun üst-başı kirli, ac-yalavac uşaqları necə qucağına almasından, onun xanımının alçaldılmış etnik azlıq icmalarının adamlarını necə öpməsindən danışırlar.

Elə bu sevda da o vaxtdan başlanıb. Somali camaatı oğlanlarına Erdoğan, qızlarına İstanbul adı verir.

Xarici ölkəyə belə vurğunluq Somaliyə heç xas deyil. Somalilər adətən gəlmələri sevmir, onlara yüz cür ad qoşurlar. Lakin mən Türkiyəni pisləyən bir Somali sakini də tapa bilmədim. Bircə şikayət edirlər ki, türklər Moqadişoda tikdikləri yeni yollara drenaj qoymurlar və ölkənin başqa hissələrinə kifayət qədər kömək etmirlər.

Şəxsi söhbətlərdə Qərb diplomatları deyirlər ki, Türkiyə öz işini başqa donorlarla əlaqələndirmir və bu, çox birtərəfli hərəkətdir.

Əlbəttə, Türkiyə də bir çox başqa ölkələr kimi Afrikanın təbii sərvətlərindən, qitə inkişaf etdikcə yaranan yeni bazarlardan faydalanmağa çalışır. Lakin Türkiyə bu bazara girmək üçün çətin yer seçib. Somali dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur.

Moqadişodakı türklərin təhlükəyə münasibəti fərqlidir. İntiharçı partlayışının baş verdiyi gün məni Britaniya səfiri ilə görüşmək üçün gəldiyim möhkəm istehklamlı aeroporta buraxmadılar.

Lap yaxınlıqda yüngül silahlanmış bir-iki yerlinin mühafizə etdiyi türk məktəbi var. Türk uşaqlar burada, həyətdəki papaya ağacları arasında gizlənpaç oynayırlar. Onlar Somali uşaqları ilə bir yerdə oxuyurlar. Müəllimlər deyirlər ki, yerli uşaqlar kompüter və dil dərslərində xüsusilə fərqlənirlər.

Təhlükəsizliyə olan belə arxayın münasibətin yaranması üçün türklər çox iş görməli olublar. İslamçı əl-Şəbab qruplaşmasının basqınlarında öldürülən və yaralananlar olub. Bəzilərini pul və başqa şeylərə görə düşən mübahisələr zamanı öldürüblər.

Ertəsi gün aeroport şəhərciyinə daxil olmaq çətinliyinin öhdəsindən gələ bildim. Burada səliqə-sahmanlı boz konteynerlərdə mənzillənmiş BMT ilə görüşdüm.

Öz qələmimin olmamasına bir az pərt oldum, lakin BMT-dən olan xanım nəzakətlə mənə bir karandaş verdi. Karandaşı qaytarmağı unutmuşdum və sonradan Somalidən olan bir dostuma verdim.

O isə, karandaşı saymazyana yellədə-yellədə “baxın, bu da 20 ildən, milyonlarla dollardan sonra BMT-nin bizə verdiyi” - deyib dostlarının yanına qaçdı.

“Türklərsə, bizim xaraba qoyduğumuz bu Moqadişonu cəmi üç il ərzində, dirçələn şəhərə çeviriblər” – deyə bildirir.

Əlbəttə, bütün bunlar deyildiyi qədər də asan başa gəlmir. BMT və başqa donorlar Somalidə əmin-amanlıq yaradılmasına kömək etdiklərinə görə Afrika İttifaqının əsgərlərinə pul ödəyirlər.

Türklər burada çox nəzərəçarpan layihələrə başlayıblar.

Türk Hava Yollarının reysi ilə dönüş uçuşumda şux görkəmli stüardessanın təklif etdiyi “rahat-hülqum”dan yeyə-yeyə düşünürəm ki, görəsən dünya, türklərin bu xaraba Moqadişo şəhərində etdiklərindən nəsə öyrənə bilərmi?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm