• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Sarkozi çətin sınaq qarşısında...“ - ANALİZ

  • Dünya
  • 20 Aprel 2012 15:20
  • 156 Baxış
“Sarkozi çətin sınaq qarşısında...“ - ANALİZ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Publika.Az-a verdiyi açıqlamada, 22 apreldə Fransada keçiriləcək prezident seçkisini dəyərləndirib.

Elxan Şahinoğlunun fikrincə, hazırkı prezident Nikola Sarkozini ciddi sınaq, hətta məğlubiyyət də gözləyə bilər: “Rəqabət əsasən iki namizəd arasında gedəcək. Biri hazırki prezident Nikola Sarkozi, digər isə Sosialist Partiyasının təmsilçisi Fransua Ollanddır. Bir ay əvvəl Sarkozi özünü nisbətən rahat hiss edə bilərdi, çünki sorğular onun irəlidə olduğunu göstərirdi. İndi isə durum fərqlidir, Olland sorğularda az da olsa irəli çıxıb”.

Sarkozinin daha çox tərəfdar toplamaq məqsədilə son aylarda millətçi şüarla çıxış etdiyini xatırladan Elxan Şahinoğlu bunun onun reytinqinə müsbət təsiri olmadığını vurğulayıb: “Sarkozi mühacirlərin Fransaya axınına qarşı çıxış edir, Avropa Birliyinin sərhədlərini üçüncü ölkələrin sakinlərinə qapatması gərəkliyini söyləyirdi. Bunun ardından Fransanın Tuluza şəhərində ərəb mənşəli gənc bir neçə nəfəri qətlə yetirdi və sanki bu olay Sarkoziyə əlavə xal qazandırmalıydı.

Ancaq bu olay millətçi elektoratı fəallaşdırmadı. Çünki Fransanın bügünkü əsas problemi mühacirlər deyil, iqtisadi tənəzzüldür, iş yerlərinin azalması və sosial təminatların daralmasıdır. Sarkozi isə iqtisadi nəticələri ilə öyünə bilməz. Belə bir durumda Sarkoziyə radikallaşan sağ və millətçi elektorat kömək etməyəcək”.

Elxan Şahinoğlu Fransada prezidentin böyük ehtimalla ikinci turda müəyyənləşəcəyini bildirib: “İkinci tur ərəfəsində hər iki namizəd tərəfdarlarının sayını çoxaltmaq üçün sağa, sola yağlı vədlər verəcəklər. Hətta erməni lobbisini də unutmayacaqlar.

Düşünürəm ki, hər iki namizəd Fransa Konstitusiya Şurasının rədd etdiyi “erməni soyqrımının” inkarına görə cəza qanununu yenidən gündəmə gətirəcəklərini deyəcəklər. Ancaq hər iki namizəd erməni lobbisinə nə vəd versələr də, hakimiyyətə gəldikdə bunu gerçəkləşdirmək çətin olacaq.

Fransa və ya ABŞ-da erməni lobbisinin inkanlarından yalnız səs qazanmaq üçün istifadə edirlər. Erməni lobbisi sadəcə alətdir. Çünki hakimiyyətə gələn siyasi fiqurlar sonrakı mərhələdə dövlət maraqlarını üstün tutmağa məcbur olurlar. Götürək ABŞ prezidenti Barak Obamanı. O da prezident seçilməmişdən öncə ABŞ-dakı erməni lobbisinə müxtəlif vədlər verir, “soyqırımı” tanıyacağını deyirdi. Ağ Evə gəldikdən sonra isə fərqli reallıqla üzləşdi. Bu reallıq isə ondan ibarətdir ki, ABŞ-ın dövlət və təhlükəsizlik maraqları Türkiyə ilə strateji tərəfdaşlığı diqtə edir”.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR