Taliban intiharçı uşaqları necə yetişdirir? - ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Taliban intiharçı uşaqları necə yetişdirir? - ŞOK FAKTLAR

Soyuq qış günlərindən birində Pakistanın Bəlucistan əyalətində qohum-qonşular 10 yaşlı Naqibullahı görmək üçün onun dayısının palçıqdan tikilmiş evinə göz aydınlığına gəlirlər.

Naqibullah Bəlucistanda oxuduğu mədrəsədən müəmmalı şəkildə yoxa çıxmışdı.

Beş ay idi ki, ondan xəbər çıxmırdı və bir gün qəfildən Əfqanıstan televiziyasına baxan qonşu, Qəndəhar şəhərində yaxalanmış qiyamçıların cərgəsini göstərən süjetdə Naqibullahı tanıyıb.

“Tez qaçıb Naqibullahın dayısına xəbər verdim ki, elə indicə onu televizorda görmüşəm və o, Qəndəharda intiharçı bomba partlayışı törətməyə hazırlaşarkən həbs edilib” deyir qonşu Əbdül Əhəd.

Naqibullahın təsirli hekayəti Talibanın və başqa yaraqlı qrupların uşaq intiharçılarını necə “yetişdirdiklərini” nümayiş etdirir.

Kövrəkləri seçirlər

Əfqanların vüqarlı bir döyüşçü ənənəsi var. Lakin intihar partlayışları heç vaxt bu ənənəyə daxil olmayıb. Bununla belə, 2005-ci ildə İraq müharibəsindən qəbul olunmuş bu taktika indi Əfqanıstanın ən ölümcül reallığıdır.

2001-ci ildə devriləndən bəri Talibanla hökumət və beynəlxalq qüvvələr arasındakı Əfqanıstan münaqişəsində uşaqlar ölçüyə sığmayacaq dərəcədə iztirab çəkirlər. Uşaqlardan uzun müddət ərzində əldəqayırma partladıcı qurğuların işə salınması, Əfqanıstan və NATO əsgərlərinin, təhlükəsizlik xidməti zabitlərinin, hökumət rəsmilərinin izlənməsi və onlar barədə informasiya toplanması üçün istifadə edilib.

Yeniyetmələri yaralı talibançıları sürüyəndə, yerə tökülmüş silahları toplayanda, hətta döyüşəndə belə görmək mümkündür. Əfqanıstan rəsmiləri bildirirlər ki, son 10 ildə belə əməllər üstündə 250-dək uşaq həbs edilib.

Narahatedici regional meyl bundan ibarətdir ki, uşaq intiharçılardan istifadə artmaqdadır. Uşaqları sadəcə, uşaq olduqlarına görə səfərbər edirlər.

Əfqanıstan təhlükəsizlik qüvvələrinin qüdrəti artıb və yetkin yaşlı intiharçılar üçün hədəfləri vurmaq getdikcə daha çətin olur. Bu mənada uşaqlar “səfərbərliyə daha münasib” kimi görünürlər. Onları basqın etmələri üçün asanlıqla yola gətirmək olur. Təhlükəsizlik qüvvələri isə uşaqlardan o qədər də şübhələnmirlər.

Mədrəsə və səfərbərlik

Naqibullahı da yüzlərlə və minlərlə başqa uşaq kimi, atası öləndən bəri ona baxan dayısı dini mədrəsəyə qoyub. Pakistan və Əfqanıstanda kasıb ailələr uşaqlarının təhsil alması və yatacaq yerlərinin olması üçün onları belə mədrəsələrə göndərirlər.

Elə Taliban üçün də belə mədrəsələr əsl səfərbərlik yeridir. Həbs olunmuş uşaqlarla söhbətlərdən aydın olur ki, onları küçələrdən və həyətlərindən də apara bilərlər.

Bir çox hallarda valideynlər və qəyyumlar bundan xəbərləri olmadıqlarını bildirirlər.

Qız səfərbərlər

Qızlar da nadir hallarda səfərbərliyə alınır.

10 yaşlı qız uşağı – Spojmay beynəlxalq medianın diqqət mərkəzinə 2014-cü il, yanvarın 6-da cənubi Helmand əyalətində həbs olunanada gəlib. O deyirdi ki, qardaşı onun özünü polis məntəqəsi yaxınlığında partlatmasını istəyir.

2011-ci ildə mərkəzi Uruzqan əyalətində öz parça çantasında polisin yoxlama-buraxılış məntəqəsinə uzaqdan idarə olunan partladıcıları daşıyan 8 yaşlı qızcığaz həlak olub.

Pakistan - təlim meydanı

Əfqan rəsmilər deyirlər ki, hazırda həbs edilmiş potensial intihar bombaçısı olan yeniyetmələrin 90 faizini Pakistanda “təlimləndirmiş, beyinlərini yalanla doldurmuş və ya bu əməllərə vadar etmişlər”.

Lakin təlimlərin Əfqanıstanın Taliban nəzarətində olan yerlərində də keçirildiyinə dair dəlillər var. Ötən il Əfqanıstanın şimal şəhəri olan Gunduzda bir ata öz yeniyetmə oğlunu polisə təslim edib.

“Ona görə belə etdim ki, bəlkə də bir neçə aylıq yoxa çıxdığı vaxt onu radikallaşdırıblar” – deyib 50 yaşlı ata. Onun ailəsi Pakistandan bir il əvvəl qayıdıb.

Onlardan bəziləri Pakistanda intiharçı bomba partlayışlarını törədə biliblər. 2011-ci ilin fevralında Mərdan şəhərində əyinində məktəbli forması olan 12 yaşlı uşaq üstündəki bombanı partladaraq 30 nəfərin ölümünə səbəb olub.

Cənnətin açarı

Naqibullah deyir ki, ona cənnətə gedəcəyini və bütün çətinliklərinin həll olunacağını söyləyirmişlər.

Rəsmilər deyirlər ki, vaizlər uşaqlara yoxsulluğun girdabından qurtarmaq üçün yol göstərirlər: “Onlar cənnətin mənzərəsindən bəhs edirlər. Deyirlər ki, orada süd və bal çayları axır. Lakin bunlara yetişmək üçün intihar bombaçısı olaraq canını qurban verməlisən”.

Doğrudur, bəzi hallarda uşaqlardan alınmış ifadələr etibarsız ola bilər, ancaq onların polisə söylədikləri, belə əməllərə necə vadar edildiklərini göstərir.

Onlara deyirlər ki, “xarici müdaxiləçilər” əfqan qadın və qızlarını zorlayırlar və amerikalılar Quranı yandırırlar. “Kafir” koalisiyaya müqavimət göstərmək onların dini borcudur və bunu etsələr, özləri də valideynləri də cənnətə düşəcəklər. Öldürmək istədikləri əfqanlar ölməyə layiqdirlər, çünki onlar həqiqi müsəlman yox, Amerikanın əlaltılarıdırlar.

Buna baxmayaraq, uşaqlara onların hədəflərinin kim oldğunu və nə üçün öldürüldüklərini çox nadir hallarda izah edirlər.

Bəzi hallarda onları sadəcə olaraq aldadırlar. Bəzilərinə içində Quran ayələri yazılmış dualar verir və bu duaların onları sağ saxlayacağına inandırırlar. Bəzi uşaqların boğazından açar asıb deyirlər ki, bununla cənnətin qapılarını açacaqlar.

Taliban inkar edir

Uşaqalardan münaqişələrdə istifadəni qadağan edən beynəlxalq qanunlar, əlbəttə, vardır.

1989-cu il Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsinə əsasən 18 yaşından aşağı olanlar uşaq hesab edilirlər. Əfqanıstan qanunları da uşaqların silahlı qüvvələrə və polisə səfərbər olunmalarını qadağan edir.

Taliban sözçüləri adətən uşaqlardan, xüsusən də qızlardan istifadə olunmasını inkar edirlər. Taliban 2001-ci ildə hakimiyyətdən salındıqdan sonra qəbul edilmiş yeni nizamnaməsinə görə saqqalı hələ çıxmamış cavanların öz sıralarına qoşulmasını qadağan edib.

Lakin bir Taliban rəsmisi bildirir ki, özbaşına hərəkət edən yerli komandirlər bu qaydaları poza bilərlər. Çoxları üçün dəqiq yaş mühüm deyil. Həddi-büluğa çatmış və ağlı başında olan hər bir uşaq döyüşə münasib sayılır.

Uşaqların reabilitasiyası

Əfqanıstan təhlükəsizlik rəsmilərinin məlumatına görə, üsyanla bağlı olmaqda ittiham edilən 30-dək uşaq hələ də saxlama düşərgələrindədir. Kasad vəsait reabilitasiya işlərini mürəkkəbləşdirir. Bir şahidin dediyinə görə, bir çox uşaqlar reabilitasiya mərhələsindən keçə bilsə də, bəziləri intihar missiyası zamanı ölmədiklərinə görə təəssüf edirlər.

Naqibullah başına gələnləri belə nəql edir: “Onlar məni bir neçə ay başqa mədrəsədə saxladılar. Sonra başqa kişilər gəlib məni Qəndəhara apardılar… Bir gün onlar mənə ağır bir jilet verib maşına oturtdular və mənə hansısa əsgərləri nişan verdilər” – deyir uşaq.

Lakin o qurşağındakı bombanı partlatmaq istəyərkən polis tərəfindən saxlanıb və onu göndərənlər yaxınlıqdakı maşından baxa-baxa qalıblar.

Naqibullahı azad elətdirmək üçün dayısı yerli tayfa ağsaqqalarına, üləmalara ağız açıb, əfqan rəsmilərini lobbi edib.

Naqibullahın özü isə evlərinə göz aydınlığına gələnlərə qayıtdığına nə qədər sevindiyini söyləyir.

Davud Azami,

BBC Dünya Xidməti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm