Ərdoğan-Xamneyi görüşünün gizli təfərrüatları
Bizi izləyin

Dünya

Ərdoğan-Xamneyi görüşünün gizli təfərrüatları

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla İranın ali dini lideri Seyid Əli Xamneyi arasında keçirilən görüşün gizli təfərrüatları açıqlanıb.

Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Cənubi Koreyada Nüvə Təhlükəsizliyi toplantısından dərhal sonra səfər etdiyi İrana ABŞ prezidenti Barak Obamanın mesajlarını çatdırıb. İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "debeka" saytı bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Ərdoğan Xamneyi ilə görüş zamanı ona Obamanın 6 xəbərdarlığını çatdırıb.

Obamanın 6 xəbərdarlığı:

1.Tehran rejimi nüvə görüşlərinə ciddi və razılaşmağa hazır bir şəkildə gəlməlidir.

2. İranın tərs mövqeyi pərdəarxası aparılan İran-ABŞ müzakirələrinin rəsmi müzakirələri içərisinə daxil olmasına gətirib çıxarır. Bu da sanksiyaların azalmasına yönəlik qeyri-rəsmi danışıqları sona çatdıra bilər.

3. Əldə olunacaq razılaşma nüvə bazalarının ortadan qaldırılması olmasa da, Xamneyinin proqramın dayandırılmasını öz öhdəsinə götürməsini əks etdirməlidir. Heç bir yeni layihəyə başlanılmamalı və bütün nüvə araşdırmaları dayandırılmalıdır.

4. Obama Ərdoğandan Xamneyiyə şəxsi mesaj da göndərib. Xamneyinin yeni ildə etdiyi: “Nüvə silahımız yoxdur və olmayacaq” çıxışından təsirləndiyini bildirən Obama dini liderin başqa bir açıqlamasına da münasibətini çatdırıb.

Xamneyi Məşhəddə verdiyi açıqlamasında bildirmişdi ki, əgər amerikalılar İran xalqını yox etməklə təhdid edirlərsə, bu, ölümcül bir səhv olacaq. Obama da ABŞ-ın belə bir niyyətinin olmadığını bildirib.

5. Tehran anti-ABŞ çıxışlardan və ABŞ-ı “Böyük Şeytan” adlandırmaqdan imtina etməlidir. İranın anti-ABŞ siyasətinin dəyişdiyinə dair mesajlar Obama tərəfindən təqdirlə qarşılanacaq.

6. ABŞ hökumətinin İranın nüvə proqramı ilə Suriya böhranı məsələlərindəki strategiyaları bir-birinə bağlıdır. Bu bağlılıq bu günə qədər Suriyaya müdaxilənin qarşısını alıb. Vaşinqton, Pekin, Tehran və BMT-nin Suriya problemində göstərdiyi ortaqlıq İranın nüvə məsələsindəki problemi həll etməyə yardımçı olacaq.

"Debeka" İran mənbələrinə istinadən bildirb ki, Xamneyi hələ də Ərdoğanın gətirdiyi mesajlara cavab verməyib.

Elə həmin mənbələr sayta Tehranın Ankaranın acığına nüvə müzakirələrinin İstanbulda keçirilməsindən imtina etdiyini bildiriblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm