• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran, Rusiya, ABŞ, İsrail yarımfinalı- ANALIZ

  • Dünya
  • 6 Aprel 2012 10:33
  • 160 Baxış
İran, Rusiya, ABŞ, İsrail yarımfinalı- ANALIZ

İranla bağlı yaranmış situasiya ziddiyyətli məqamlarla zənginləşir. İranın nüvə silahı əldə etmək cəhdləri, İsrail-ABŞ tandeminin bu ölkəyə təcavüz etmək planları, Suriya problemi kimi məsələlərdə beynəlxalq rəy də birmənalı deyil. Son günlərdə Atlantikin o tayından səsləndirilən bəzi açıqlamalar proseslərin təhlil edilməsini xeyli mürəkkəbləşdirib.

ABŞ rəsmilərinin son günlər verdikləri bəyanatlar və açıqlamalar beynəlxalq rəyi aldatmağa, İranı arxayın saxlamağa hesablanıb, yoxsa Vaşinqton həqiqətən də bu məsələdə mövqeyini dəyişir?

Bu suala aydınlıq gətirmək üçün vəziyyəti təhlil etməyə çalışaq.

ABŞ İranın vurulmasının əleyhinə çıxır?

"İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”. "Fars" xəbər agentliyinin məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton ABC telekanalına açıqlamasında belə deyib. Onun sözlərinə görə, ABŞ və İsrail bütün sahələrdə yaxından əməkdaşlıq edir: “ABŞ prezidenti Barak Obamanın da İsrail rəhbərliyinin diqqətinə çatdırdığı kimi, biz qətiyyətlə belə bir halın heç kimin xeyrinə olmayacağına inanırıq".

H.Klinton deyib ki, İran məsələsinin həlli üçün diplomatik yoldan istifadə etmək daha faydalıdır: "Biz İranın mübahisəli nüvə proqramı ilə bağlı yaranmış problemi aradan qaldırmaq istiqamətində son nəticə əldə etmək və beynəlxalq ictimaiyyətin anlaşılmazlıqlarına son qomaq əzmindəyik. Məsələləri diplomatik yolla həll etmək üçün hələ vaxt var. Bunun üçün bir pəncərə açıqdır".

Xanım Klinton nəyi deməyə çalışır? Təbii ki, bu qarşıdurmanın müharibəyə çevrilməsi İranla yanaşı, ABŞ və İsrailə də ağır zərbə vuracaq. Bu səbəbdən, ABŞ İranın nüvə silahı əldə etmək cəhdlərinin dayandırılması üçün diplomatik yolu üstün tutur.

Lakin bununla yanaşı, Klintonun açıqlamasında gizli çalarları hiss etmək olur. Vurğulanır ki, "HƏLƏ VAXT VAR". Yəni, bu vaxt başa çatanda amerikan-yəhudi cütlüyünün istəyi təmin olunmasa, hərbi müdaxilə ediləcək.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı məsələlər bu ay müzakirə olunacaq. Göründüyü kimi, əslində ABŞ İranın vurulmasının əleyhinə deyil, sadəcə İranın bu işdən könüllü əl çəkməsini daha məqbul hesab edir. Çünki, bu zaman ABŞ müharibənin ağır əks-təsirlərini öz üzərində hiss etməyəcək.

İran güclü olduğu üçün təhdid edilir?

İslam Respublikasına qarşı tətbiq olunan embarqo onu xeyli zəiflətsə də, Tehran əzmlə öz siyasətini həyata keçirir. Bu aspektdən baxdıqda, ABŞ-in İran siyasətində bir qədər loyal mövqe nümayişə etdirməsi, İsrailin daha da sərtləşməsi fonunda bir qədər qəribə görünür.

İranın dini lideri ayətulla Əli Xamneyi aprelin 5-də sərt açıqlamalarla çıxış edib. Dini lider qeyd edib ki, İran güclü olduğu üçün düşmənləri tərəfindən təhdid edilir. İranın İraqdakı rejimə qarşı 8 illik mübarizədə böyük təcrübə əldə etdiyini qeyd edən Xamneyi "Dünya ölkələrinin əksəriyyəti İranın qarşısında durdular və silahlarını İraq hakimiyyətinə verdilər" - deyə vurğulayıb.

Bu açıqlama Klintonun çağırışına cavab kimi qiymətləndirilə bilər. ABŞ-in vasitəçiliyini edən Türkiyə baş nazirinin Tehrana səfərindən sonra həm İrandan, həm də ABŞ-dan qarşıqlı bəyanatlarda bir qədər yumşalma hiss olunur.

Burda nəsə gizli razılaşmanın ola biləcəyi ehtimalı da var. Lakin bəzilərinin düşündüyü kimi, belə bir hal varsa belə, bu İsrailin xəbəri olmadan baş verə bilməz. Görəsən, Ərdoğan "Ağ Ev"in adından Tehrana nə söz verib?

İran üzünü Rusiyadan ABŞ-a döndərir?

Yeri gəlmişkən, bu arada cənubdan qəribə açıqlama səslənib. İranın keçmiş prezidenti, ölkə məsləhət şurasının sədri Əli Əkbər Rəfsəncani İslam Respublikasının ABŞ-la münasibətlərinin dalana dirənmədiyini söyləyib.

"Interneşnl Studiya Jurnal"-ının rəhbərliyi ilə görüşündə Rəfsəncani iki ölkə arasında danışıqların başlamasının vacibliyini vurğulayıb: "Rusiya, Çin, Avropa kimi ABŞ da dünyanın aparıcı gücüdür. Əgər biz onlarla razılaşırıqsa, onda nədən Amerika ilə birbaşa danışıqları qurmayaq. Danışıqlar ABŞ-ın marionetkası olmağımız demək deyil. Əgər onlar bizim, biz onların mövqeyini qəbul etsək, o zaman danışıqlarımız uğurlu olar".

Xatırladaq ki, o, hələ ötən ay yerli "Avrasiya” araşdırma mərkəzinin saytına müsahibəsində İran ilə Rusiya arasında münasibətlərin "çox kövrək" olduğunu söyləmişdi.

Son illərdə əlaqələrin "soyuduğunu" deyən Rəfsəncaninin sözlərinə görə, buna səbəb Rusiya xarici siyasətinin "ikili xarakterli" olmasıdır: "Rusiya ilə İran arasındakı əlaqələrdə olan dəyişiklik Moskvanın yeni xarici siyasi kursu ilə bağlıdır".

Onun fikrincə, əvvəllər Kremlin xarici siyasəti Tehranınkı ilə ümumi maraqlar və təhlükəsizlik məsələləri baxımından biri-birinə bənzəyirdi, ancaq indi Moskva Qərblə əməkdaşlığa üstünlük verən, öz iqtisadi inkişafını və milli maraqlarına uyğun xarici siyasət kursu yerdir (lent.az).

İrana zərbə ən uzağı payızda endiriləcək

Tehranın Moskvadan inciməsi nə ilə bağlı ola bilər? Təbii ki, həm nüvə məsələsində, həm Suriya məsələsində Rusiyanın son vaxtlar ortaya qoyduğu mövqe İranı qane etmir. Lakin, fikrimizcə, iki ölkə arasında incikliyin əsası bundan xeyli qabaq qoyulub.

Belə ki, Rusiya İsrailin hava zərbələrinə məruz qalacağı ehtimalı çox yüksək olan İrana S-300 raketlərini stmaqdan imtina etdi. Məlum olduğu kimi, bu barədə razılıq çoxdan əldə olunmuşdu, amma Moskva bunu uzada-uzada oynadı və bu silahları Tehrana vermədi. Halbuki, Rusiya Azərbaycan və Ermənistana bu silahları satıb.

Ümumiyyətlə, İran ətrafında yaranmış situasiya ziddiyyətli məqamlarla doludur. Tehran nəyəsə bərk arxayındır ki, ABŞ və İsraildən qorxmayaraq cəsarətli mövqe ortaya qoyur. ABŞ-ın hərbi ritorikanı azaltması və guya İrana hərbi müdaxiləyə razı olmaması imitasiyası da zidiyyətli məqamların çoxaldığını göstərir.

O ki qaldı İsrailə, aydındır ki, İsrail İranın qatı düşmənidir və Tehranın nüvə silahı əldə etməsinə heç bir vəchlə razı olmaz. Bu səbəbdən, fikrimizcə, yaxın bir neçə ayda Tehran geri çəkilməsə, yayda, uzağı payızda İrana zərbə endiriləcək.

Bunu "Ağ Ev"də də yaxşı bilirlər, məhz bu üzdən Tel-Əvivi sakitləşdirməyə çalışırlar. Üzdə etiraf etməsə də, Vaşinqton təcavüzü birbaşa özü yox, İsrail tərəfindən reallaşdırılmasını istəyir. Xüsusilə də, İran müdaxilə olacağı təqdirdə ABŞ-da zərbə endiriləcəyini bəyan edəndən sonra.

Tehranın okeanın o tayına çatası raketləri olmasa da, başqa variantlarla ABŞ-a ciddi zərbələr vura bilər. "Ağ Ev"də hesablamalar həmişə dəqiq və stateji əhəmiyyətli olur. Deyəsən, nəticələrin ağır olacağı hesablanıb. Vaşinqtonun yumşalmasının arxasında bu amil dayansın gərək.

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR