Əl dəyişən süpürgə, yaxud Rusiyada miqrant çatışmazlığı
Bizi izləyin

Dünya

Əl dəyişən süpürgə, yaxud Rusiyada miqrant çatışmazlığı

“Rusiya rublunun dəyərinin sürətlə zəifləməsi bu ölkəni miqrantlar üçün artıq cəlbedici olmayan ölkəyə çevirir. Rusiya şəhərləri ucuz işçi qüvvəsindən məhrum ola bilər. Miqrantlara zəifləyən rubla işləmək sərfəli deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “newsru.com” saytında dərc olunan “Zəif rubl miqrantları Rusiyadan qovur” başlıqlı yazıda bildirilir.

Sayt qeyd edir ki, rusiyalılar artıq küçələrdə Orta Asiyadan gələnlərlə qarşılaşmayacaqlar. Onlar həm də süpürgəni əllərinə götürməli olacaqlar. Birləşmiş Millət Təşkilatının (BMT) 2013-cü ilə olan məlumatına görə, Rusiyada 11 milyon miqrant yaşayır. Bu göstərici üzrə Rusiya dünyada ikinci yeri tutur. Birinci yerdə isə 45,8 milyon miqrantla ABŞ dayanır.

Yazıda bildirilir ki, Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullinanın xəbərdarlığı da təsadüfi deyil. Bankın rəhbəri rublun iflası ilə əlaqədar rusiyalılara xəbərdarlıq edib ki, onlar yeni reallıqda yaşamağı öyrənməli olacaqlar.

“Vətəndaşlar Rusiya mağazalarında qiymətlərin artması, əcnəbilərin sayı ilə bağlı dünənki və bugünkü gün arasındakı fərqi hiss edə bilirlər. Amma rublun iflası yalnız iqtisadiyyatın artım sürəti baxımından faciəli nəticələr doğurmayacaq. Yeni reallıq rusiyalıların adət etdiyi adi məişət qaydalarını da ciddi şəkildə dəyişdirə bilər. Belə ki, Rusiya şəhərləri ucuz işçi qüvvəsindən məhrum olacaq. İflas edən rubl üçün işləmək miqrantlara sərf etmir. Əgər onlar Moskvada bu yaxınlara qədər bir ay ərzində 600-800 dollar qazana bilirdisə, hazırda bu maksimum 300 dollardır. Miqrantlar qeyd edirlər ki, hazırda Rusiya valyutası hətta qırğız valyutasından da ucuzdur. Nəticədə, onlar ailələrinə heç nə göndərə bilmirlər. Əgər vəziyyət dəyişməsə, onlar vətənlərinə qayıtmalı olacaq”, - yazıda qeyd olunub.

Ekspertlər də bildirirlər ki, miqrantların əks-axını gözlənilir. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, son bir il ərzində miqrantların ölkəyə axını bir milyon nəfər azalıb və azalma tendensiyası davam edir.

Mütəxəssislər hesab edir ki, bu halda boş qalmış vakans yerləri rusiyalıların özləri tutmalı olacaq.

“Nəticədə, dalandar işinə münasibət dəyişə bilər. Halbuki, Rusiyada bu iş Orta Asiyadan gələn insanların işi hesab edilirdi. Bu və digər işləri rusiyalıların özləri görməyə başlayanda onların qiyməti artacaq”, - "Matorin" şirkətlər qrupunun başçısı Andrey Kuznetsov hesab edir.

Qeyd olunur ki, miqrantlara əvəz axtarmaq üçün müxtəlif üsullara müraciət edilə bilər. Məsələn, cərimələri vaxtında ödəməyən avtoxuliqanlar həyətləri süpürməyə məcbur ediləcək. Qanuna əsasən, onları məcburi işlərin görülməsinə məcbur edə bilərlər. Lakin miqrantlar Rusiya Federasiyasından tamamilə yox olmayacaqlar. Ekspertlər xatırladır ki, miqrantların vətəndaşı olduğu bəzi ölkələrdə həyat səviyyəsi Rusiya ilə müqayisədə daha aşağıdır.

Bu günlərdə "Kommersant” qəzeti bildirirdi ki, rublun dəyərinin kəskin aşağı düşməsi ilə əlaqədar MDB ölkələrindən olan əmək miqrantlarının vətəninə etdiyi pul köçürmələri azalıb. Daha gözəçarpan azalma Özbəkistan istiqamətində qeydə alınıb. Köçürmələrin azalması həmçinin Ukraynaya ciddi şəkildə toxunub. Ümumilikdə isə MDB ölkələrinə Rusiyadan pul köçürmələri 10 faiz azalıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6,4 milyard rubl azdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm