Dünya
Dostoyevskinin “Yoxsul insanlar“ı haqqında qeydlər
Bu romana qarşı reaksiyalar, onun oyatdığı maraq və sonradan haqqında yazılan və danışanların yaratdığı əfsanələr bu bəsit, ancaq insanın daxili aləminə sirayət edən əsərin özündən çox-çox məşhur və vacibdir. Dostoyevski "Yoxsul insanlar"ı iyirmi dörd yaşında yazıb.
Hərbi mühəndis olan gənc Dostoyevski iyirmi üç yaşında, məktəbi
qurtarandan sonra, əməlli-başlı ağlı başından çıxıb, ədəbi eşq və
cəsarət tələb edən bir iş görüb – yazıçı olmaq üçün peşəsindən
uzaqlaşıb. Balzakın əsərini tərcümə etdiyi, Şillerin kitablarını
nəşr etməyi düşündüyü, xəyallarla dolu ədəbiyyat sevgisi ilə
alışıb-yandığı vaxtlardan sonra "Yoxsul insanlar"ı bir kənarda özü
üçün yazıb, əlyazmasını da ədəbiyyatçı dostu Qriqoroviçə verib.
Qriqoroviç kitabı oxuyub bəyənən kimi başqa bir yazıçıya –
Nekrasova yollayıb.
Bu iki yazıçı Dostoyevskinin qəhrəmanları – orta yaşlı bir katib
ilə onun uzaq qohumu olan gənc qadının tənha və qəmli əhvalatından
elə təsirlənirlər ki, hisslərini bölüşmək üçün gecənin bir aləmində
Dostoyevskinin evinə tələsib (xatırladaq ki, hələ telefon icad
edilməmişdi), onu oyatmağı yəqinləşdirib gənc yazıçının qapısını
döyürlər. Hələ yuxudan oyanmamış gənc yazıçı səhərə yaxın
qarşısında bu iki həyəcanlı heyranını görüb kitabın nə qədər çox
bəyənildiyini başa düşəndə xoşbəxtlikdən əl-ayağı yerdən
üzülür.
Dostoyevskinin bu möhtəşəm uğurunun ikinci pərdəsini o illərdə
Rusiya ədəbiyyatının yönləndiricisi, böyük düşüncə adamı və
tənqidçi Belinski açacaqdı. Nekrasovun əlyazma şəklində apardığı
"Yoxsul insanlar"ı oxuyan bir qədər solçu və qərbmeylli böyük
tənqidçi də həddindən artıq həyəcana qapılacaq, hələ çap olunmamış
bu "ictimai roman"ın (halbuki, bu gün "Yoxsul insanlar"ı heç də
ictimai roman hesab edə bilmərik) müəllifini hər yerdə
tərifləyəcək, onun haqqında həm haqlı səbəblərlə, həm də müxtəlif
təsadüfü səhvlərlə fikir yürüdəcəkdi.
Bu gün biz "Yoxsul insanlar"ın Dostoyevskinin ən parlaq romanları
arasında yer almadığını xatırlayanda, ya da bu romanı, əsasən,
Dostoyevskinin haqqında hər şeylə maraqlandığımız üçün bir daha
oxumaq fikrinə düşəndə, Belinskinin bu tərifləri bizə daha da
qəribə görünür: Belinski belə deyir: "İki gündür gözümü bu kitabdan
çəkə bilmirəm. Bu yeni bir yazıçının, təzə bir istedadın qələmidir:
onu tanımıram, kimdir, kimə bənzəyir bunu da bilmirəm, amma bu
roman bizə rus həyatının sirlərini elə cəsarətlə nəql edir ki,
bundan əvvəl heç bir yazıçı bu nöqtəyə çatmağı xəyalına belə gətirə
bilməzdi".
Halbuki Belinski də heyran olduğu Qoqolun (sonralar Qoqolun
nihilist mistikası və slavyançılığı onun ümidlərini puça
çıxartmışdı) "Yoxsul insanlar" əsərinə ciddi yaradıcı təsir
göstərdiyini çox yaxşı bilirdi. Bizə aynaların təkrarını
xatırladan, daha da qəribə olan cəhət isə odur ki, hədsiz
təriflərlə onun əlindən tutub ədəbiyyat aləminə tanıdan, romanının
çap olunmasına vasitəçi olan və bir müddət gənc Dostoyevskini sanki
nağıl dünyasına qanadlandıran Belinski sonralar onun yazdığı və
əslində, birinci dəyərli romanı olan "Oxşarlar"ı oxuyanda ona arxa
çevirib, üzünü turşutmuşdu.
Dostoyevski də eynən Qoqol kimi gənclik illərində solçu-liberalizmə
meylli olsa da, müdriklik yaşına dolduqca, xüsusən yaşlı
vaxtlarında bu cür meyillərə arxa çevirdi. Amma iyirmi dörd yaşında
əldə edib, dadını çıxarıb az vaxtdan sonra itirdiyi o şöhrətə,
ad-sana və böyük marağa Dostoyevski ancaq iyirmi il sonra qovuşa
bildi.
"Mənzərədən parçalar" kitabından
Hazırladı: Fərid Hüseyn
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR