• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

RLS danışıqlarında gözlənilməz situasiya

  • Dünya
  • 5 Aprel 2012 12:35
  • 152 Baxış
RLS danışıqlarında gözlənilməz situasiya

Ermənistanın baş naziri Tiqran Sarkisyan "Kommersant" qəzetinə müsahibəsində respublika ərazisində radiolokasiya stansiyasının tikintisi haqqında məsələni Rusiya ilə müzakirə etməyə hazır olduqlarını bildirib: "Əgər bizim ərazimiz belə maraq kəsb edirsə, onda biz bu məsələni müzakirə etməyə hazırıq. Hesab edirəm ki, burada hətta üstünlük də ola bilər, çünki Ermənistan dağlıq ölkədir. Əhatə geniş ola bilər".

Bu təklifin məhz indi - RLS danışıqlarında gəriginliyin yarandığı bir vaxtda səsləndirilməsinin arxasında nə dayanır?

QISA ARAYIŞ: 1985-ci ildə Qəbələ rayonunda istifadəyə verilən "Daryal" tipli stasionar radiolokasiya stansiyası SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. RLS 6000 km radiusdakı ərazisini nəzarətdə saxlamağa qadirdir.
Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən etmək, əks-raket buraxılması üçün koordinatları mərkəzə göndərmək imkanına malikdir.
SSRİ dağıldıqdan sonra RLS Azərbaycanın mülkiyyətinə keçib və 2002-ci ildə Rusiyaya 10 il müddətə illik 7 milyon dollara icarəyə verilib. Hazırda stansiyada 1400 nəfər Rusiya hərbçisi qulluq edir.
RLS-in icarəsinin daha 10 il müddətinə uzadılması haqqında saziş 2002-ci ildə imzalanıb. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır. Hazırda stansiyanın icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə danışıqlar aparılır.

Bakı nəyin müqabilində güzəştə gedə bilər?

Azərbaycan tərəfinin illik icarə məbləğini 300 milyon dollaradək artırmaq istəməsi haqda Rusiya mətbuatında materiallar yayımlanır. "Kommersant" qəzeti Qəbələ RLS-lə bağlı danışıqlarının dalana dirəndiyini yazıb. Qəzetin iddiasına görə, Bakı stansiyasının icarə haqqını ildə 7 milyon dollardan 300 milyon dollara qaldırmaq istəyir: "Moskva isə bu rəqəmlə razılaşmır və Bakını Qəbələ RLS-i tərk etməklə hədələyir. Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirir ki, Moskva Azərbaycanın istədiyi məbləğin qat-qat aşağı salınmasına çalışır".
Rusiyalı ekspertlər də Qəbələ RLS-in mövcudluğu barədə fikirlər, təkliflər söyləməkdədirlər. Siyasi şərhçi Andrey Rayevski deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər: "Azərbaycan bu məsələdə sərtlik göstərə bilər. Bakı cəsarətlə icarə haqqını 140 milyon dollara qədər artıra bilər".
Ekspertin sözlərinə görə, Azərbaycan "Baykonur" kosmodromunun icarə haqqını ildə 115 milyon dollar səviyyəsinə qədər qaldıran Qazaxıstandan nümunə götürə bilər: "Bütün əlavə xərcləri nəzərə alaraq Rusiya hər il öz dövlət büdcəsindən "Baykonur"a 315 milyon dollar vəsait ayırır. Bu, hətta Rusiya üçün böyük məbləğdir. Buna görə də Azərbaycan məsələni qəti şəkildə qoymalıdır: ya biz icarə qiymətini 10 dəfə artırırıq, ya da Moskva bizə Qarabağ məsələsini həll etməkdə kömək edir, o zaman icarə haqqı əvvəlki səviyyədə qalır və ya hətta aşağı düşür".

Bakının yeni müqavilə
üçün hansı təklifləri var?


Azərbaycan XİN konkret məbləğ açıqlamasa da, icarə haqqının dəfələrlə artırılmasının vacibliyini bəyan edib. Xarici işlər nazirinin müavini Araz Əzimov da hazırki icarə məbləğinin stansiyanın verdiyi dividentlərə uyğun olmadığını deyib: "Bu gün Rusiyanın Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi $7 mln. məbləğində vəsait bir tərəfdən, RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik üçün dəyəri və vacibliyinə adekvat deyil.
Digər tərəfdən isə, bu məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil. Deyilənləri nəzərə alaraq, RLS-in icarə haqqı bir neçə dəfə artırılmalıdır. Digər ölkələrin, həmçinin Rusiyanın başqa ölkələrdə belə obyektlərlə bağlı təcrübəsi ödənişlərin dəfələrlə artırılmasının zəruri olduğunu deməyə əsas verir.
Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycanın RLS-lə bağlı yeni müqaviləyə bir sıra başqa təklifləri də var. Bu təkliflər sırasında, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar göstərməsi, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi kimi məsələlər var.

Tiqran Sarkisyanın
təklifi nəyə hesablanıb?


Azərbaycanın RLS-in icarə haqqını xeyli artırmaq istəyi Moskvada müsbət qarşılanmayıb. Ermənistan baş nazirinin "yeni RLS tikintisi üçün Rusiyaya yer verə bilərik" mesajının mahiyyətində də Kremlin maraqları dayanır.
RF xarici işlər naziri S.Lavrovun iki ölkə arasında diplomatik münasibətlərinin 20 illiyi münasibətilə Yerevana və Bakıya səfəri zamanı aparılan danışıqlarında diqqət mərkəzində olan məsələlərdən biri də Qəbələ RLS-in icarə müddətinə dair yaranmış vəziyyətlə bağlı olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, erməni baş nazirin mesajı Lavrovun səfərindən dərhal sonra səslənib. Ehtimal çoxdur ki, bunu Tiqranın qulağına Sergey pıçıldayıb. Bunun Azərbaycana təzyiq vasitəsi kimi təşkil olunduğu aydındır. Amma Ermənistanın təklifi uğursuzdur.
Əvvəla ona görə ki, bu RLS quraşdırılmazdan əvvəl müvafiq qurumlar Qafqazı ələk-vələk ediblər və ən ideal yeri seçiblər. İkincisi, Rusiya Qəbələ RLS vasitəsilə Azərbaycanda hərbi mövcudluğunu saxlayır. Üçüncüsü, ruslar stansiyanı tərk etsə, Azərbaycan onu öz mülkiyyəti kimi başqa dövlətə icarəyə verə bilər.
Bunları nəzərə aldıqda Bakı öz mövqeyində israrlı ola bilər, çünki Moskva heç bir halda böyük hərbi-siyasi əhəmiyyət daşıyan belə strateji obyekti əldən verməz. Ona görə də, ən pis halda Rusiyadan başqa ölkələrdəki analoji obyektlərə ödədiyi qədər icarə haqqı ödəməsini tələb etmək lazımdır.
Qarabağ probleminin istər sülh, istər də hərbi yolla həll edilməsində son sözü Rusiyanın deyəcəyi aydındır. Bunu nəzərə alsaq, maliyyə məsələsində Moskvaya bəzi güzəştlər etmək mümkündür, amma əvəzində Qarabağ məsələsində siyasətin dəyişməsini tələb etmək olar.

Elçin Bayramlı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR