ABŞ və İsrail hüquqi baxımdan müttəfiq deyillər
Bizi izləyin

Dünya

ABŞ və İsrail hüquqi baxımdan müttəfiq deyillər

İsrail ərazisində 5 milyon nəfərdən bir qədər çox olan bir xalqın - yəhudilərin sayı 1 milyard 300 min nəfərə çatmış (dünyada 22 ərəb dövləti və bütövlükdə 56 müsəlman ölkəsi var) müsəlman dünyasına qarşı duruş gətirə bilməsi nə nəzəri, nə də praktik baxımdan mümkündür. Deməli, İsrailin ABŞ-ın simasında güclü dayaq tapmasının motivləri məntiqidir və anlaşılandır.


Bəs hansı motivlər İsraili ABŞ üçün belə cəlbedici edib və onu Yaxın Şərq regionunda fövqəldövlətin əsas müttəfiqinə çevirib? Aydınlaşdırmağa çalışaq.

Hələ 1977-ci il may ayının 12-də ABŞ-ın eks-prezidenti Cimmi Karter mətbuat konfransında İsrail dövləti ilə bağlı belə demişdi: "Bizim İsraillə xüsusi münasibətimiz var. Qoy heç kim ölkəmizdə, o cümlədən dünyada İsrailin mövcudluq hüququnu müdafiə etməyin bizim üçün Yaxın Şərqdə bir nömrəli vəzifə olduğuna şübhə etməsin".

Müxtəlif variantlarda bu tezis ABŞ-ın sonrakı liderləri tərəfindən də dəfələrlə təsdiqlənib.
O da maraqlıdır ki, adətən müttəfiq dövlətlər qarşılıqlı yardım haqqında müqavilələr imzalayır, lakin ABŞ və İsrail arasında belə bir müqavilə yoxdur. İsrail hər hansı hərbi bloka daxil deyil və ümumiyyətlə elə bir hüquqi-normativ sənəd yoxdur ki, ABŞ-ın İsrailin müdafiəsinə qalxması öhdəliyini özündə ehtiva eləsin. ABŞ-ın İsraili birmənalı olaraq müdafiə etməsi bir sıra amillərlə izah oluna bilər. Bəziləri hesab edir ki, ABŞ-da 6 milyonluq yəhudi icması var və bu toplumun real imkanlarının olduqca böyüklüyü ABŞ-ın İsrailə olan məlum münasibətini şərtləndirir.

Zənnimizcə, burada bir vacib nüansı nəzərdən qaçırmaq olmaz. Əgər söhbət iqtisadiyyatdan gedirsə, bu bir həqiqətdir ki, ABŞ kapitalizminin dayaqları sayılan iki nəhəng qruplaşmada – hərbi-sənaye kompleksində və neft inhisarında "yəhudi kapitalı"nın xüsusi çəkisi heç zaman aparıcı olmayıb. Düzdür, yəhudilər administrasiyada geniş təmsilçilik imkanlarına malikdirlər, lakin Senatda onların sayı ən yaxşı halda 10 nəfərə çatır. Əslində məsələ heç də rəqəmlərdə və ya yəhudilərin ictimai həyatın müxtəlif sahələrində hansı kəmiyyət və keyfiyyət göstəricisi ilə təmsilçiliyində deyil. Məsələ ondadır ki, ABŞ ictimai fikri bütövlükdə İsrailə rəğbət bəsləyir və onu müdafiə etməyə hazırdır.

Yəhudi əhalisinin çox az olduğu ştatlardan seçilmiş konqresmenlərin İsraillə bağlı məsələlərin müzakirəsi zamanı göstərdikləri siyasi davranış həmin icmanın böyük əksəriyyət təşkil etdiyi Nyu-York, Kaliforniya, Florida və Nyu-Cersidən olan və deməli, daha çox bu icmanın seçici səsindən asılı olan konqresmenlərin siyasi davranışından seçilmir.

Deməli, burada psixoloji məqamı qətiyyən nəzərdən qaçırmaq olmaz. Fikrimizi əsaslandıraq. Amerikalıları "dindar xalq" hesab etmək olar. ABŞ-ın ilk prezidenti C. Vaşinqtonun 135 sözlük andiçmə (inaqurasiya) nitqinin son kəlamının “Allah mənə kömək olsun” şəklində ifadəsi də bir təsadüf sayıla bilməz. O vaxtdan bu ifadə ABŞ-ın bütün sonrakı prezidentlərinin inaqurasiya nitqinin sonuna bir formul kimi daxil edilib.

ABŞ-da Bibliyaya olduqca böyük hörmət var. Xristianlığın isə qədim yəhudi tarixi ilə sıx əlaqəsi heç kimə sirr deyil.
Bundan başqa, digər mədəniyyətlərdə olduğu kimi, anqlo-sakson əxlaqı və düşüncə tərzində də daha zəif və gücsüzə himayə göstərmək meyli öz-özünə, təbii qaydada yaranan bir prosesdir. ABŞ ictimai fikrində 5 milyonluq İsrail 100 milyonluq ərəb dünyası ilə üz-üzə dayanmağa məcbur və məhkum bir qüvvə qismində qavranılır.

Belə bir fakt da nəzərdən qaçılmamalıdır ki, ABŞ-da Xolokost haqqında informasiya olduqca geniş yayılıb və İsrail dövləti həmişə qovulan və təhqirlərə məruz qalan yəhudi xalqını bir araya gətirən ocaq kimi qəbul edilir. Ərəblər isə əksinə, yəhudiləri həmin ocaqdan məhrum etməyə çalışan qüvvə kimi qarşılanır. Bundan savayı, ərəblər Qərbə düşmən olan iki "mənfi qüvvə" timsalında assosiasiya olunur. Bunlardan biri sovet kommunizmidir (son zamanadək), digəri isə "islam təhlükəsi"dir.

Eyni zamanda Amerika-İsrail İctimai İşlər Komitəsi, İsrailin Müdafiəsi üzrə Xristian İctimai Fəaliyyət Kompaniyası, Amerika Sionist Təşkilatı və Amerikalılar İsrailin Təhlükəsizliyi Uğrunda kimi olduqca məqsədyönlü və ardıcıl siyasi təbliğat və təşviqat kampaniyası aparan yəhudi təşkilatları son nəticədə İsrailin lehinə amerikalıların ictimai fikrinin formalaşdırılması missiyasının öhdəsindən uğurla gələ biliblər.

Nəhayət, son dərəcə zəngin enerji ehtiyatlarına malik Yaxın və Orta Şərqin rəsmi Vaşinqtonun xarici siyasət prioritetlərində ön mövqedə dayandığını nəzərə alsaq, İsrailin ABŞ üçün vaciblik əmsalının motivlərini anlamaq mümkündür.

Bu səbəblərdən də yəhudi dövlətinin təhlükəsizliyinin təminatı ABŞ-ın ümummilli ikipartiyalı prioritetlər kateqoriyasına daxil edilən məsələlərdən olub və indi də belədir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm