Kuba barədə tarixi addım: Obama açıqladı
Bizi izləyin

Dünya

Kuba barədə tarixi addım: Obama açıqladı

ABŞ prezidenti Barak Obama 50 ildən çoxdur diplomatik əlaqələrinin olmadığı Kuba ilə əlaqədar tarixi bir addım atıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti ilə onun kubalı həmkarı Raul Kastro iki ölkə arasındakı əlaqələrin normallaşdırılması barədə bəyanatlar verib.

B.Obama Kuba xalqına səslənərək "Amerika dostluq əlini uzadır" deyib. ABŞ prezidenti ölkəsinin Kubaya qarşı tətbiq etdiyi sanksiyaları “gərəksiz məhdudiyyətlər” adlandırıb.

Məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi pozulan diplomatik əlaqələri yenidən qurmaq üçün ən qısa müddətdə danışıqlara başlayacaq. ABŞ-ın yaxın aylarda Havanada səfirlik açacağı bildirilir. ABŞ Kubaya tətbiq olunan embarqonu da yüngülləşdirmək niyyətindədir. İki ölkə arasında 1961-ci ildən diplomatik münasibətlər yoxdur.

Qeyd edək ki, bu gün Kuba və Amerika arasında münasibətlərin normallaşmasına kömək edəcək hadisə baş verib. Kuba hakimiyyəti ABŞ vətəndaşı Alan Qrossu beş illik həbsdən sonra azad edib.

ABŞ vətəndaşı Kubada 2009-cu ildə həbs edilib. Kubanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdə ittiham olunan Qross 2011-ci ildə 15 il azadlıqdan məhrum edilmişdi. Rəsmi ittihama görə, Qross Kubadakı yəhudi icmasına müasir elektron avadanlıqlarını çatdırıb. Onun sözlərinə görə, avadanlıqlardan ölkədə internet şəbəkəsinin genişləndirilməsi üçün istifadəsi nəzərdə tutulurdu. Kuba hesab edib ki, Qross avadanlıqlardan casusluq fəaliyyətində istifadə etməyi planlaşdırırdı.

ABŞ uzun müddət idi ki, Qrossun azad edilməsi üçün Kuba hakimiyyəti ilə danışıqlar aparırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm