“Ölənlərin cəsədlərini məzardan çıxarıb sərhəddə satırlar” – Suriya mənzərəsi
Bizi izləyin

Dünya

“Ölənlərin cəsədlərini məzardan çıxarıb sərhəddə satırlar” – Suriya mənzərəsi

Türkiyə ordusu “əl-Qaidə”nin qolu hesab edilən “İraq Şam İslam Dövləti"nin maşın karvanını vurmuş və xarici işlər naziri Əhməd Davudoğlu bunu ölkəsinin təhlükəsizliyi ilə izah etmişdi.

“Ərəb baharı” küləyi ilə Yaxın Şərqdə mövqeyini gücləndirən “əl-Qaidə” terror təşkilatı Suriyanı təlim meydanına çevirib. Təşkilat ölkənin şimalında qurduğu düşərgələrdə həm döyüşçüləri toplayır, həm də Avropadan gələn radikalları yeni “11 Sentyabr”lara hazırlayır. “Əl-Qaidə”nin bölgədə güclənməsindən ən çox naharat olan isə heç şübhəsiz ki, Türkiyədir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə ordusu “əl-Qaidə”nin qolu hesab edilən “İraq Şam İslam Dövləti"nin maşın karvanını vurmuş və xarici işlər naziri Əhməd Davudoğlu bunu ölkəsinin təhlükəsizliyi ilə izah etmişdi. Ekspertlər də Türkiyənin “əl-Qaidə” timsalında çox ciddi bir təhdidlə üz-üzə qaldığını bildirir.

Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyənin “Aksiyon” jurnalına danışan və adının açıqlanmasını istəməyən təhlükəsizlik eksperti Suriyada döyüşən radikalların rahat şəkildə Türkiyəyə girib çıxdığını söyləyir.

“Əl-Qaidə”də Rusiyanın agentləri?

“Son Hatay-İstanbul reysində radikallarla birgə uçdum. Ərəb dilində danışan bu insanlar yüz metr kənardan sanki “biz döyüşçüyük” deyərək qışqırırlar”, - ekspert təhlükənin ciddi olduğuna işarə vurur. Adını açıqlamaq istəməməsini isə ekspert Hatayda yaşayan yaxınlarının təhlükəsizliyi ilə izah edir.

Təhlükəsizlik mütəxəssisi hesab edir ki, Suriyada hər keçən gün dərinləşən vətəndaş müharibəsi Türkiyənin məsuliyyətini də artırır: “Türkiyə artıq yeni bir təhdidlə qarşı-qarşıyadır. Suriya “Əl-Qaidə”si deyilən təşkilat bəlkə də bu günlər Türkiyəni birbaşa hədəf seçmir. Ancaq bu, yaxın gələcəkdə Türkiyənin hədəfə çevrilməyəcəyi anlamına gəlmir. “Əl-Qaidə” üzvləri Hatay, Qaziantep, Şanlıurfa kimi sərhəd bölgələrində evlər alıb və xalqa qarışaraq “cihad” təbliğatını aparır. “Əl-Qaidə” sərhəd bölgələrində çox təsirlidir. Təşkilat Suriyada qurduğu düşərgələrlə Orta Şərqdə davamlılığı üçün zəmin yaradır. Suriya böhranı bitsə də, Suriyada qalmaq üçün yollar axtarır”

Vətəndaş müharibəsi səbəbi ilə evlərindən didərgin düşən suriyalı sünnilər üçün “Əl-Qaidə” cazbedicidir. İlk vaxtlarda döyüşçülərə ayda 200-300 dollar verilirdi. Bundan başqa da “Əl-Qaidə”nin Azad Suriya Ordusu ilə müqayisədə daha məşhur olduğu bildirilir. Təşkilat silah-sursat təmini baxımından da problem yaşamır. Çünki, sələfi dünyadan Suriyaya külli miqdarda pul axır. Əfqanıstanda ABŞ kimi bir nəhəngə müqavimət göstərən “Əl-Qaidə” Əsəd rejimini devirəcəyinə də inanır. Buna görə də gənc-radikal suriyalılar üçün “Əl- Qaidə”çi strukturlar cəzbedici görünür.

Hataylı təhlükəsizlik mütəxəssisi “Əl-Qaidə” terror şəbəkəsinin lideri Ayman əl-Zavahirin “Suriya cihadına dəstək verin” çağırışından sonra minlərlə xarici döyüşçünün Suriyaya gəldiyini vurğulayır.

"Suriyadakı xaosu fürsət bilən şəbəkələr insan ticarəti ilə məşğul olur. “Əl-Qaidə” tərəfindən döyüşən gəncləri pul qarşılığında ailələrinə təslim edən şəbəkələr var. Hətta döyüşərkən həyatını itirənlərin cəsədlərini məzarlarından çıxarıb sərhəddə satırlar. Son olaraq rusiyalı bir ailə uşaqlarını bu yolla “Əl-Qaidə”dən aldı. Təşkilat ailələrin tək oğlanlarının “cihad” etməsinə icazə vermir. Ailəsi müraciət edəcəyi halda bu cür döyüşçüləri geri qaytarır. Ancaq “İraq Şam İslam Dövləti” və “Əl-Nüsra” Cəhbəsi bu qaydanı tətbiq etmir. Onlar üçün xarici döyüşçülərin müsəlman olması da əsas deyil. Xarici döyüşçülərin “cihad”ı qəbul etməsi kifayət edir”, - hataylı təhlükəsizlik mütəxəssisi bildirir.

Mütəxəssis Rusiya ilə bağlı maraqlı bir iddia irəli sürüb. Onun fikrincə, bu ölkədən Suriyaya gələnlərin bir hissəsi agentlərdir: “Suriyadakı xarici döyüşçülərin bir hissəsi Rusiyadan gəlir. Rusiya sərhədlərinə hakim güclü bir dövlətdir. İstəsə, bu insanların Suriyaya getməsinə imkan verməz. Aralarında təbii ki, agentləri də var”.

“Şəhidlik” və “cənnət” vədləri

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Fikret Ertan “Əl-Qaidə”nin yalnız Suriyaya deyil, bütün Yaxın Şərq - Şimali Afrika xəttinə nüfuz etdiyini söyləyir. O, “Ərəb baharı”nın əvvəlində Liviyada ortaya çıxan “Əl-Qaidə” döyüşçülərinin sonradan Misir (Sinay yarımadası), Suriya, Əlcəzair, Tunis, Yəmən və Maliyə qədər yayıldığını bildirir. “Əl-Qaidə”nin 1500-2000 nəfərlik əsas heyəti hələ də Əfqanıstan-Pakistan sərhədindəki tayfalar bölgəsindədir(başqa adla Vəziristan –red.). Ancaq bu, təşkilatın Malidəki fəaliyyətinə mane törətmir”, - o vurğulayıb.

F.Ertan “Əl-Qaidə” adı altında Suriyada 4-5 min döyüşçünün olduğunu, bunun “İraq Şam İslam Dövləti” və “Əl-Nüsra” Cəhbəsinin döyüşçüləri ilə birlikdə 20 minə çatdığını söyləyir: “Sayı çox olmasa da, Əfqanıstan təcrübəsindən və ən sadə silahlardan məharətlə istifadə etdiyi üçün cəbhədə təsirli olurlar. Buradakı əsas məqam bu cür radikalların canlarını ortaya qoyaraq döyüşməsidir. Dünyada ölümü gözə alaraq döyüşən insandan daha təhlükəli silah yoxdur. Təşkilat çox cazibədar ifadələr işlədir, “şəhidlik” və “cənnət” vəd edilir. Almaniyadan 20 yaşında bir gənc məhz bunun üçün Suriyaya ölməyə gedir”.

ABŞ və Avropa nədən narahatdır?

“Əl-Qaidə”nin Suriyada güclənən mövqeyi ABŞ-Avropa xəttini də narahat edir. ABŞ Federal Tədqiqat Bürosu (FBI) keçən həftə Suriyada güclənən təşkilatın ABŞ-da ikinci “11 Sentyabr” hücumunu həyata keçirə biləcəyini bəyan etdi. Suriyada döyüşmüş bəzi amerikalı radikalların artıq ABŞ-a daxil olduğunu açıqlayan və “Əl- Qaidə”nin gücünün zirvəsində olduğunu düşünən FBI iddia edir ki, təşkilatın Suriyada təhsil alan amerikalılardan ABŞ-da terror aktlarını həyata keçirməyi istəyib.

2013-cü ilin iyin ayında Avropa İttifaqının Brüsseldə təşkil edilən bir toplantısında 1500-2000-ə qədər avropalı gəncin “Əl-Qaidə” cərgələrində döyüşmək üçün Suriyaya getməsində danışıldı. Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Suriyaya gedən gənc avropalı radikallar arasında 100-150 Belçika vətəndaşı var. Fransanın 184 vətəndaşı hazırda Suriyada döyüşür, 14 vətəndaşı isə döyüşlərdə ölüb. Suriyaya gedən 80-ə qədər fransalının geri qayıtdığı, təxminən 100 nəfərin də Suriyaya getməyə hazırlaşdığı bildirilir. Avropanın xüsusi xidmət orqanlarının hesabatlarında da geri qayıdan radikalların terror aktları təşkil edə biləcəyi qeyd olunub.

Türkiyə həm də “qapı”dır

“Aksiyon”a danışan üst səviyyəli bir səlahiyyətli hazırda 1200-ə qədər Türkiyə vətəndaşının “Əl-Qaidə” tərəfində döyüşdüyünü bildirir.

Türkiyə həm də Suriyaya gedən döyüşçülər üçün bir “qapı” rolunu oynayır. Bu marşrutdan əsasən Avropadan gələn döyüşçülərin istifadə etdiyi deyilir. Türkiyə marşrutunu əlverişli edən əsas faktor Suriyanın şimalının rejim idarəsində olmaması, “Əl-Qaidə” və digər silahlı qrupların nəzarətdə olmasıdır.

2004-2007-cü illərdə Əfqanıstanda koalisiya qüvvələrinin Psixoloji Hərəkat Komandirliyində çalışan keçmiş zabir Esedullah Oğuz hesab edir ki, Türkiyənin Suriyadakı vətəndaş müharibəsisinin ilk aylarında “Əl-Qaidə”çi qruplara dəstək görüntü verməsi məqsədəuyğun olmadı. “Türkiyədə iqtidar kim olursa-olsun, Türkiyə “Əl- Qaidə”nin gözündə islam dünyasına arxasını çevirən bir ölkə olaraq tanınacaq. “Əl-Qaidə” lazım gəldiyində Türkiyəyə hücum etməkdən də çəkinməyəcək. Ancaq heç bir səbəb olmadan Türkiyədəki simpatiyasını antipatiyaya çevirmək istəməz. Məsələn, yaxın gələcəkdə Türkiyə Qərbin təzyiqi ilə Suriyadakı “Əl-Qaidə”çi təşkilatları hirsləndirəcək addımlar atsa, o zaman təşkilat Türkiyəni vura bilər”, - keçmiş zabit söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm