Prezidentin Seul Nüvə Sammitindəki çıxışı
Bizi izləyin

Dünya

Prezidentin Seul Nüvə Sammitindəki çıxışı

Prezident bu mühüm tədbiri təşkil etdiyinə və sammitdə iştirak üçün Azərbaycana göndərdiyi dəvətə görə Koreya prezidentinə təşəkkür edib: "Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurub. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik.


Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq Azərbaycan, ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadəsi edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir.
Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaradıb. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.

Əfsuslar olsun ki, qonşu Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin davamlı işğalı səbəbindən beynəlxalq səviyyədə tanınmış cənub sərhədimizin 130 kilometrinə və Ermənistan ilə olan sərhədimizin böyük hissəsinə heç bir nəzarət mövcud deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmin ərazilər artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Həmin torpaqlarda Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.

Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Bu yaxınlarda sunami nəticəsində Fukusima Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır.

Bununla belə, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər.

Azərbaycanın qoşulduğu Nüvə Terrorçuluğuna Qarşı Qlobal Mübarizə Təşəbbüsü və Prinsiplər Toplusu çərçivəsində beynəlxalq razılaşmanın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışaraq, biz may ayında BMT-nin Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı yüksək səviyyəli müzakirələrin keçirilməsini planlaşdırırıq. Bu, antiterrorçuluq, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə kimi geniş məsələlər ətrafında müzakirələr üçün münasib fürsət olacaqdır".


Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm