Putin: “Qərarımı 2018-ci ildə verəcəyəm” - - YENİLƏNİB
Bizi izləyin

Dünya

Putin: “Qərarımı 2018-ci ildə verəcəyəm” - - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı başa çatıb. Rusiya prezidenti 3 saat 10 dəqiqə ərzində 39 jurnalistin sualına cavab verib.

***

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında 2018-ci il prezident seçkilərinə namizədliyini verib-verməyəcəyi və ölkənin iqtisadi vəziyyətinin onun qərarına təsir edib-etməyəcəyi sualına cavab verib. Rusiya prezidenti bu barədə qərar verməyin hələ tez olduğunu deyib: “Bu barədə 2018-ci ildən tez qərar vermək düzgün deyil. Hər şey ölkənin hansı nəticələr göstərəcəyindən asılı olacaq”.

Putin etiraf edib ki, ölkə rəhbərliyində səhvlər həmişə var. Amma o, bütövlükdə Mərkəzi Bank və hökumətin Rusiyanın qarşılaşdığı problemlərin öhdəsindən gəldiyini vurğulayıb.

***

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, "Rosneft" şirkətinin prezidenti İqor Seçinin maaşının məbləği barədə sual verilib. Putin bildirib ki, Seçin nə qədər maaş aldığını bilmir. O əlavə edib ki, ona verilən maaşın miqdarını da bilmir və saymadan bank hesabına köçürür.

Prezident hesab edir ki, Seçin effektiv menecerdir və yaxşı işləyir.

Putin inandırıb ki, o, reytinqi saxlamaq barədə düşünmür: “Konkret işlə məşğul olmağa üstünlük verirəm və iş üslubunu saxlayacam”.

***

Rusiya prezidenti gürcü malları üçün bazarın liberallaşdırılmasına kömək etməyə hazır olduğunu deyib.

Putin əlavə edib ki, Rusiya Gürcüstanın rəhbərliyinin nümayəndəsini Moskvada görməkdən sevinərdi.

***

Dekabrın 1-də Türkiyəyə səfərini xatırladan Rusiya prezidenti bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən də bəzi gizli detalları açıqlayıb.

Ərdoğanla söhbətində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulub-qoşulmaması mövzusunu müzakirə etdiklərini deyən Putin həmkarı barəsində yüksək fikirlər söyləyib: “Mən ona bildirdim ki, bu məsələni çox açıb-ağartmayaq. Ərdoğan isə cavabında bildirib ki, hər şeyi açıqlayacağıq. O, çox möhkəm kişidir”.

Şəxsi həyatı ilə bağlı suala cavab olaraq Putin inandırıb ki, şəxsi həyatında "hər şey qaydasındadır".

***

Putin ofşor zonalardakı kapitala amnistiya verdi

Rusiya prezidenti ofşor zonalardakı kapitala növbəti dəfə amnistiya təklif edib. O qeyd edib ki, əfv edilən kapitallar barəsində təqsirsizlik prezumpsiyası qüvvədə olacaq. Prezident kapitalın amnistiyası ilə bağlı bütün zəmanətlərin yerinə yetirilməsini şəxsən izləyəcəyinə söz verib.

***

Vladimir Putin jurnalist Ksenya Sobçakın "Çeçenistan prezidenti Ramzan Kadırovun bu ölkədə terrorçuların qohumlarının da cəzalandırılacağı ilə bağlı bəyanatına münasibətiniz necədir" sualına cavab verib.

Putin Ramzan Kadırova xəbərdarlıq edib: "Hamı Rusiya qanunlarına əməl etməlidir. Məhkəmə qərarı olmadan heç kim cəzalandırıla bilməz. Qroznıda 14 polisin qətlindən sonra Ramzan Kadırovun emosiyalarını anlayırıq. Amma hesab edirik ki, emosiyaları bu şəkildə ifadə etmək hüquqlarına malik deyil”.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, ölkədə heç bir saray çevrilişi olmayacaq, çünki Rusiyada saray yoxdur. O, ölkədəki sabitliyin xalqın dəstəyinə söykəndiyini bildirib. Putin hakimiyyət orqanlarının nümayəndələrindən heç birinin müxalifət təşkilatlarının təqibi ilə məşğul olmadığını qeyd edib.

***

Putin: “Poroşenko Ukraynada tək deyil”

Putin qeyd edib ki, Rusiyadakı indiki iqtisadi situasiyanı Krımın birləşdirilməsinin cavabı olduğunu hesab etmir.

Ukraynadakı Maydan hadisələrini “dövlət çevrilişi” adlandıran Rusiya prezidenti Kiyev hakimiyyətinin Ukraynanın şərqində cəza əməliyyatını apardığını vurğulayıb. O, əlavə edib ki, Rusiya Ukraynada siyasi dialoqda vasitəçi kimi çıxış etməyə hazırdır.

Putin Donbas hövzəsində əsir düşənlərin mübadiləsinin məhz Kiyev hakimiyyətinin günahı üzündən dayandığını deyib. O, qeyd edib ki, əsirlərin dəyişdirilməsi “hamı hamı ilə” prinsipi əsasında həyata keçirilməlidir: “Minsk razılaşmaları yerinə yetirilməlidir. Poroşenko münaqişənin nizama salınmasına cəhd edir, amma o, Ukraynada tək deyil. Böhran hərbi və blokada ilə deyil, yalnız siyasi vasitələrlə həll edilməlidir. Rusiya hesab edir ki, Ukraynada ümumi siyasi platforma bərpa olunmalı və buna hər iki tərəf cəhd etməlidir”.

***

Putin: “Ruslar Ukraynada öz borcunu yerinə yetirirlər”

Rusiyanın iqtisadi vəziyyəti barədə danışan Rusiya prezidenti daha sonra geosiyasi məsələlər və Qərblə hazırkı münasibətlərdən bəhs edib.

Putinin sözlərinə görə, Rusiyanın böhran vəziyyətləri üzrə sərt mövqeyi partnyorlara təhlükəsizliyin ümumi məkanını qurmaq lazım olduğunu anlamağa imkan verməlidir: “Qərb Berlin divarı əvəzinə bu gün yeni divarlar tikməyə başlayıb. NATO-nun Şərqə doğru irəliləməsi, raket hücumundan müdafiə sisteminin yaradılması onu göstərir ki, bizim partnyorlarımız dayanmayıblar, onlar özlərini qalib hiss edirlər”.

Rusiya muzdlularının Donbas hövzəsində vuruşmasına gəlincə, Putin onların muzdlu olmadığını, öz ürəyinin çağırışı ilə könüllü olaraq Ukraynanın şərqində borcunu yerinə yetirdiyini deyib. Putin həmin insanların pul qarşılığında döyüşmədiyini bildirib.

Putin Ukrayna təyyarəçisi Savçenko günahsız olacağı halda dərhal buraxılacağını deyib: “Əksinə, onun günahı sübut olunarsa, cəzasını çəkəcək”.

****

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransını ölkənin iqtisadi vəziyyəti barədə fikirləri ilə başlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin 2014-cü ilin ilk 10 ayı ərzində Rusiyanın ümumi daxili məhsul artımının 0,7 faiz təşkil etdiyini bildirib.

Putin ilin nəticələrinə görə, aqrar kompleksdə artımın 3,3 faiz təşkil edəcəyini deyib. O qeyd edib ki, 2014-cü ildə federal büdcəsi profisitlə icra olunacaq. Putin bunun ümumi daxili məhsulun 1,9 faizini təşkil edəcəyini qeyd edib.

“Bugünkü vəziyyət hər şeydən əvvəl xarici amillərlə bağlıdır”, - prezident deyib.

Rusiya prezidenti Vladimir Putin ölkənin düşdüyü böhranlı vəziyyətdən çıxacağı vaxtı açıqlayıb.

Publika.az-ın məlumatına görə, Putin Mərkəzi Bankın öz ehtiyatlarını düşünmədən yandırmaq niyyətində olmadığını deyib: “Rusiyada valyuta ehtiyatlarının ümumi həcmi 8,3 trilyon rubldur (təxminən 200 milyard dollar). Rusiyanın iqtisadiyyatına əlverişsiz vəziyyətdən çıxmaq üçün 2 il lazım olacaq. Vəziyyət artıq gələn ilin birinci rübündə düzəlməyə başlayacaq. Amma xeyli qeyri-müəyyən amil var”.

Rusiya prezidenti dövlətin bütün sosial öhdəlikləri yerinə yetirəcəyinə söz verib. Putin bildirib ki, neftin qiymətinin düşməsi mütləq iqtisadiyyatın yenidən strukturlaşdırmasını tələb edəcək. O bildirib ki, 2008-ci ilin metodlarından istifadə etməklə indiki vəziyyətdən çıxışı istisna etmir. Rusiyada real qeyri-enerji biznesinin yaradılmasının çətin olduğunu deyən Putin hələlik energetika sektorunun ölkəyə böyük gəlir gətirdiyini vurğulayıb.

****

Rusiya prezidenti Vladimir Putin onuncu illik mətbuat konfransına başlayıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, mətbuat konfransı üçün reqlament müəyyən edilməyib.

Dövlət başçısının mətbuat katibi Dmitri Puskov bildirib ki, Putin lazım bildiyi qədər suallara cavab verəcək. Puskov inandırıb ki, heç kimin rekord arxasınca düşməyib. Putinin arxada qalan 9 illik mətbuat konfransları tarixində rekord 2008-ci ildə qeydə alınıb. Gürcüstan-Rusiya müharibəsinin baş verdiyi ildə keçirilən mətbuat konfransı isə 4 saat 40 dəqiqə davam edib. 2013-cü ildə isə bu müddət təxminən yarım saat olub.

Mətbuat konfransında iştirak üçün 1259 KİV əməkdaşı qeydiyyata alınıb. Puskov bildirib ki, jurnalistlərin akkreditasiya zamanı heç bir məhdudiyyət tətbiq olunmayıb. Putinin mətbuat katibi hətta əvvəlki mətbuat konfranslarında öz davranışları ilə “məşhur” olan mətbuat nümayəndələrinin akkreditasiya olunduğunu deyib.

Kreml rəhbərinə ünvanlanacaq sualların başlıca olaraq Rusiyada hökm sürən iqtisadi xaos və beynəlxalq vəziyyətlə bağlı olacağı gözlənilir. D.Puskov da bildirib ki, dövlət başçısı mətbuat konfransına hazırlaşarkən iqtisadi ekspertlər, hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyi ilə məsləhətləşib.

Mətbuat konfransı son illər üçün əsas məkan olan Krasnopresnenski sahilindəki beynəlxalq ticarət mərkəzində keçirilir. Mətbuat konfransı sinxron olaraq ingilis, fransız və alman dillərinə tərcümə edilir.

Putinlə jurnalistlərin görüşü “Rossiya 1", "Rossiya 24" və “Birinci” kanallar, həmçinin "Mayak", “Vesti FM” və "Radio Rossiya” radioları vasitəsilə canlı yayımlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm