Putinin dostları üçün “qara il”: 62 milyard dollar hara getdi?
Bizi izləyin

Dünya

Putinin dostları üçün “qara il”: 62 milyard dollar hara getdi?

Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları və nəticədə rublun sürətlə dəyərini itirməsi yalnız ümumilikdə ölkə iqtisadiyyatına təsir etmədi, həm də rus milyarderlərinin xeyli yoxsullaşmasına səbəb oldu.

Publika.az xəbər verir ki, “Bloomberg Billionaires Index” agentliyinin reytinq məlumatına görə, 2014-cü il ərzində rus milyarderləri 62 milyard dollar itiriblər.

Hazırda onların varidatı 174 milyard dollar qiymətləndirilir. Agentliyin məlumatına görə, ən ciddi itki ilə “Novatek” şirkətinin başçısı Leonid Mixelson üzləşib. Onun ilin əvvəlindən 8,7 milyard dollar itirdiyi deyilir. Yoxsullaşan milyarderlərdən digərləri prezident Vladimir Putinin yaxın ətrafında yer alan Rusiya-Çin Biznes Şurasının və “Volga Group”un başçısı Gennadi Timçenko, Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin, Özbəkistan əsilli Alişer Osmanov və Yevgeni Yevtuşenkovdur.

Rusiya milyarderlərinin aktivlərinin azalmasında neft qiymətlərin kəskin ucuzlaşması və rublun iflası mühüm rol oynadı. Ümumiyyətlə, bu həftə rubl üçün “qara həftə” sayıla bilər. Rus milyarderləri də 2014-cü il ərzində ən böyük zərbəni məhz bu həftə alıb. “Bloomberg” agentliyinin məlumatına görə, Putinin yaxın ətrafındakı 20 ən zəngin milyarder həftənin əvvəlindən təxminən 10 milyard dollar itirib.

Maraqlıdır ki, bu il kapitalını artıran şəxs “RusAl” şirkətinin şəriki Oleq Deripaska olub. Şirkətin kapitalı ilin əvvəlindən 101 faiz artıb və Oleq 855 milyon dollarla şirkətin ən böyük şərikinə çevrilib. “Bloomberg” onun ümumi varidatını 7,5 milyard dollar qiymətləndirir və Oleq Deripaska dünya reytinqində 165-ci yeri tutur. Milyarderin Putinin əsas pul kisələrindən biri olduğu iddia olunur.

Siyasi şərhçilərin fikrincə, rus milyarderləri Krımın ilhaq edildiyi mart ayında çox optimist idilər və proseslərin indiki nöqtəyə gələcəyini düşünməyiblər. “Onlar düşünüblər ki, hər şey yaxşı sonluqla bitəcək. İndi isə anlayırlar ki, səhv ediblər. Amma onlarda prosesi geri çevirmək üçün alətlər yoxdur”, - rusiyalı politoloq Stanislav Belkovski bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm