İran nədən bu qədər inadkardır?
Bizi izləyin

Dünya

İran nədən bu qədər inadkardır?

ABŞ başda olmaqla, İrana qarşı artan və kəskinləşən beynəlxalq təzyiqlərin olmasına baxmayaraq, rəsmi Tehran nüvə məsələsində təəccüb doğura biləcək inadkarlıq nümayiş etdirməkdədir. İlk baxışdan anlaşılmaz görünən bu davranışın motivlərini necə izah etmək olar? Təhlil etməyə çalışaq. Zənnimizcə, bu məsələdə aşağıdakı faktorların rolu danılmazdır:


1. Geosiyasi amil. İran geostrateji parametrləri baxımından olduqca mühüm və əlverişli geosiyasi arealda-Yaxın və Orta Şərqin, Qafqazın və Mərkəzi Asiyanın daxil olduğu Qərbi Asiyada yerləşir. Zəngin neft ehtiyatlarına malik Fars körfəzi və Xəzər regionu ölkəsi olması, dünyanın mühüm neft arteriyası sayılan Hörmüz boğazının burada yerləşməsi, habelə Hind okeanına birbaşa çıxışının mövcudluğu dövlətin manevr imkanlarını xeyli artırır. Dünya neft ehtiyatlarının 8 %-nə malik olan, sutkalıq neft hasilatı 3,5-4 milyon barrelə çatan (ildə 180-185 milyon ton), sutkalıq neft ixracı 2,3-2,5 milyon barrel civarında olan (ildə 125-130 milyon ton) İran hər il təkcə neft satışından minimum 50 milyard ABŞ dolları həcmində qazanc əldə edir. İran 15,1 % göstərici ilə qaz ehtiyatlarına görə Rusiyadan sonra dünyada ikinci yerdə durur. Ordu, İran İnqilabı Keşikçiləri Korpusu (İİKK), “Bəsic” müqavimət qüvvələri və “Kods” xüsusi təyinatlı qüvvələri də daxil olmaqla, ölkənin ümumi silahlı qüvvələrinin sayı 1 milyon nəfərə çatır.

Müqayisə üçün qeyd edək ki, son göstərici Rusiyada azca artıqdır. Hərbi arsenalında 1500-2500 km məsafəyədək uçuşa malik Şahab-3 raketlərinin olması İranı regionun həm də güclü raket dövlətinə çevirmişdir.

Heç şübhəsiz, sadalanan amillər İranın beynəlxalq təzyiqlərə adekvat reaksiyasında az rol oynamır.

2. Hərbi-siyasi amil. İran İslam Respublikası əslində “böyük şeytan” adlandırdıqları ABŞ-ın hərbi bazalarının yerləşdiyi və ya bu istiqamətdə fəaliyyətin həyata keçirildiyi ölkələrin əhatəsindədir. Daha dəqiq desək, İran qərbdən İraq, şərqdən Əfqanıstan, cənubdan isə Fars körfəzinin ərəb ölkələri ilə əhatə olunubdur. Şimalda Gürcüstan birmənalı olaraq ABŞ-ın strateji tərəfdaşıdır. Fars körfəzinin digər sahilində yerləşən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri şiə İranının nüvə dövlətinə çevrilməsi perspektivinə region üçün olduqca təhlükəli bir hadisə kimi yanaşırlar. Təsadüfi deyildir ki, Fars körfəzi regionunun nüfuzlu elmi-tədqiqat mərkəzi olan Dubay Strateji Araşdırmalar İnstitutunun mövqeyine görə, Fars körfəzi ölkələri İranın nüvə dövlətinə çevrilməsi və ya bu niyyətin qarşısının alınması naminə onun bombalanması dilemması qarşısında qalarlarsa, ikinci variantı dəstəkləməlidirlər. Nəhayət, İran terminalogiyasında “kiçik şeytan” adlandırılan İsrailin nüvə silahına malik olması rəsmi Tehran üçün birbaşa təhdid hesab olunur və bu dövlətin məlum davranışının vektorunun müəyyənləşdirilməsində xüsusi çəkiyə malikdir.

Elə bu reallıqlardan çıxış edərək, İranın hərbi-siyasi rəhbərliyi milli silahlı qüvvələrin maliyyələşdirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir. Ölkənin 2010-cu il hərbi büdcəsi 11,82 mlrd.dollar təşkil edir. Bu, ötən ilin müvafiq göstərici (10,66 mlrd. dollar) ilə müqayisədə 11% çoxdur. Həmin büdcədən müdafiə nazirliyinə 4,63 mlrd.dollar (2009-cu ildə-3,93 mlrd.dollar), İslam İnqilabının Keşikçiləri Korpusuna-5,16 mlrd.dollar (2009-cu ildə-4,9 mlrd dollar), İran ordusuna-1,96 mlrd.dollar (2009-cu ildə-1,78 mlrd.dollar) və Baş Qərargaha-72 mln. dollar (2009-cu ildə-53 mln. dollar) vəsait ayrılmışdır.

3. Milli-psixoloji amil. İran İslam Respublikası antik dünyanın təxminən yarısına qədərini əsarətdə saxlamış Fars imperiyasının varisidir. Bu baxımdan İran 2500 ildən artıq dövlətçilik ənənəsi olan ölkə olaraq psixoloji baxımdan imperiya təfəkkürünün daşıyıcısı kimi də çıxış edir. Təqribən son altı əsr ərzində İran mənəvi və dini baxımdan dünya şiəliyinin mərkəzi funksiyasını yerinə yetirməkdədir. Bu tarixi reallıqların bilavasitə təsiri altında əsrlər ərzində ambisiyalı və kompromissiz şiə iranlılarının mentaliteti formalaşmışdır. Bu qan yaddaşı və genlərlə nəsillərə ötürülür. Müasir dövrümüzdə imperiya millətçiliyinin və şiə əlahiddəliyinin unikal harmoniyasının məhsulu olan fars milli psixologiyası artıq siyasi faktora çevrilmişdir. Bu reallıq İranın məlum kompromissiz davranışını şərtləndirən növbəti ciddi amil sayıla bilər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm