Rusiya “Transxəzər“ ə mane ola biləcəkmi?
Bizi izləyin

Dünya

Rusiya “Transxəzər“ ə mane ola biləcəkmi?

Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDH) Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlara aydınlıq gətirib: hazırda Avropa ölkələrinə enerji tədarükü imkanı kimi türkmən qazının daha bir perspektiv istiqamətinə baxılır. "Bu aspektdə Transxəzər qaz kəməri layihəsi aktiv müzakirə edilir. Ayın əvvəlində Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı, Türkmənistan və Azərbaycanın işçi qrupu Transxəzər qaz kəməri üzrə çərçivə sazişi layihəsinə baxıb", - deyə TDH bildirir. Həmçinin məlumat verilir ki, bu günlərdə Berlində "Türkmənistan -Avropa: əməkdaşlıq perspektivi" beynəlxalq konfransı keçirilir. Orada Exxonmobil, Eni, CNPS, Petronas, Burried Hill, RWE Dea AG, Wintershall Holding GmbH, İTERA şirkətləri, həmçinin Avropa Komissiyası, Energetika Xartiyası, ABŞ Dövlət Departamentinin nümayəndələri iştirak edirlər. Türkmənistanı neft-qaz kompleksi, kimya sənayesi, Neft və Qaz İnstitutu rəhbərləri və mütəxəssisləri təmsil edir. "Konfransın ilk günündə iştirakçılar Türkmənistan YEK-nin artan perspektivi, onun dünya bazarlarına karbohidrogen tədarükünün aktivləşməsi, bu sahədə investisiya imkanları barədə danışıblar. Ölkədə neft-qaz sahəsinin inkişafı üzrə qarşılıqlı faydalı əməkdaşlıq imkanları da öyrənilir", - deyə TDH bildirir.

Qeyd edək ki, ötən həftə hökumətin Türkmənistan prezidenti yanında keçirilən iclasında Karbohidrogenlərin İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşıgeldi Kakayev deyib ki, Brüsseldə Transxəzər qaz kəməri layihəsi üzrə danışıqlar uğurlu olub və gələn ay növbəti görüş olacaq.
Xatırladaq ki, 12 sentyabr 2011-ci ildə Avropa İttifaqı Avropa Komissiyasına Türkmənistan və Azərbaycanla Xəzər qazının Avropaya nəqli üzrə danışıqlar aparmaq mandatı verib. Bunun ardınca Kreml sentyabrın 13-də XİN tərəfindən bəyanat yayaraq buna özünün kəskin reaksiyasını verdi. Moskvanın fikrincə, Xəzərin hüquqi statusunun həllini tapmadığı bir şəraitdə belə bir addımın atılması regionda vəziyyəti gərginləşdirə bilər. Rusiya Avropa Birliyinin Xəzər regionu ilə heç bir coğrafi sərhədləri olmamasını əsas gətirərək, rəsmi Brüsseldən regionun işlərinə qarışmamasını tələb etmişdi. Moskva bununla kifayətlənməyərək bir neçə dəfə "Transxəzər" qaz kəməri kimi meqalayihələrin həyata keçirilməsi zamanı bütün Xəzəryanı dövlətlərin razılığının olmasını dilə gətirmişdi.
İran da konsensusla (hamılıqla razılıq) məsələlərin həllinin vacibliyini qeyd etdi. İran Qaz Şirkətinin rəsmisi "Mehr" agentliyinə müsahibəsində rəsmi Aşqabada yol da göstərdi: nəyə lazım "Transxəzər", Türkmənistandan İrana qaz idxalı günü bu gün 20 mlrd kub metr səviyyəsində həyata keçirilə bilər və buradan da biz onu Türkiyə üzərindən Avropaya nəql edərik, təki rəsmi Brüsseli razı salın. Necə deyərlər, rəsmi Tehran eyni zamanda özünün siyasi-iqtisadi problemlərini çözmək arzusuna düşdü.
Ən maraqlı mövqe isə Qazaxıstandan gəldi. Buna daha çox mövqesizlik də demək olardı. Ona görə ki, AB Enerji Komissarı Günther Oettinger oktyabrın 4-də Astanada KIOGE-2011 neft-qaz beynəlxalq konfransında üzünü bu ölkənin rəhbərliyinə tutaraq ""Transxəzər" qaz kəmərinə qoşulun" deyə çağırış etdi. Ancaq onun çağırışı cavabsız qaldı, baxmayaraq ki, tədbirdə ölkənin nazirləri və enerji sektorunun rəhbərləri hamısı iştirak edirdilər. Yalnız oktyabrın 6-da beynəlxalq KİV nümayəndələrinin sorğularından sonra neft və qaz naziri Suat Mınbayev jurnalistlərə ağızucu bunları deyə bilmişdi: "Hələ ki, yaxın gələcəkdə bizim "Transxəzər"ə vurula biləcək azad qaz resurslarımız yoxdur". Astanada xüsusi işçi qrupun 30-cu görüşündəki mətbuat konfransında isə Qazaxıstanın xarici işlər nazirinin müavininin "Transxəzər"lə bağlı şərhi daha dumanlı oldu: "Biz Xəzərin hüquqi statusunun həllini tapmayana qədər bu layihəyə qoşulmayacağıq".
Bu yaxınlarda, Sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında dedi ki, bu il rəsmi Bakı, Aşqabad və Aİ "Cənub qaz dəhlizi"nə dəstək üçün siyasi sənəd və Transxəzər qaz kəməri üzrə hökumətlərarası saziş imzalamalıdırlar. Layihə Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana və Türkiyə vasitəsilə Avropaya gücü 20-30 mlrd m3 olan kəmər çəkilməsini nəzərdə tutur. Azərbaycan Neft Araşdırmaları Mərkəzinin (ANAM) rəhbəri İlham Şaban müzakirələrin çoxalmasını AB-nin keçən il kəmərlə bağlı verdiyi qərarla əlaqələndirir: "Artıq kəmərlə bağlı real danışıqlar gedir. Yəni Azərbaycan, Türkmənistan və AB arasında danışıqlar kəmərlə bağlı "Çərçivə Sənəd"inin imzalanması ilə nəticələnəcək. Hələ ki, əsasən texniki-iqtisadi əsaslandırma müzakirə olunur".
Rəsmi Moskvanın kəmərin reallaşmasına mane olmasına gəlincə, "Rusiya mane olmaq üçün böyük gücə malikdir. Necə ki, 1999-2000-ci illərdə bunu gördük",-deyə o qeyd etdi. "Bəs o zaman danışıqlar niyə gedir" sualına, İ.Şaban "Danışıqlar ona görə gedir ki, layihə gündəlikdən çıxmasın",-deyə cavab verdi.


Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm