• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ərəb xəmiri“ niyə çox qan apardı?

  • Dünya
  • 13 Mart 2012 15:39
  • 161 Baxış
“Ərəb xəmiri“ niyə çox qan apardı?

"Hesab etməyin ki, inqilabların hansı yolla gerçəkləşəcəyini ABŞ seçir". Bu fikri Avroatlantik Şuranın sədri Sülhəddin Əkbər islam və xristian ölkələrində gerçəkləşən inqilablar arasında qan və can fərqlərinin olmasının səbəblərini şərh edərkən deyib.


Onun sözlərinə görə, ərəb ölkələrindəki hakimiyyət dəyişikliyindən sonra xristianların islam aləminə hücum etməsi barədə formalaşan fikirlər əsaslı deyil: "İslam ölkələri ilə yanaşı bir neçə xristian dövlətində də inqilab yolu ilə hakimiyyət dəyişdi. Xristian ölkələri ilə müqayisədə Misir, Liviya, Tunis və Yəməndəki inqilablar qanlı toqquşmalar və insan tələfatları ilə yadda qaldı. Amma hesab etmirəm ki, bu Birləşmiş Ştatlar və müttəfiq ölkələrin əvvəldən yazdığı ssenarinin nəticəsidir".

Gürcüstan və Ukraynadakı inqilabları Liviya və Misirdəki anoloji olaylarla tutuşduran Sülhəddin Əkbərin fikrincə, hər iki postsovet ölkənin əhalisi intellekt və düşüncə baxımından ərəbləri qabaqlayır. Bu dövlətlərin Avropaya yaxın yerləşmələri də vətəndaşlarının daha demokratik fikirli olmalarına təsir edib.
Sadalananların həmin ölkələrdəki inqilabların qansız, dinc yolla həllini tapmasına kömək etdiyini deyən Avroatlantik Şuranın sədri hesab edir ki, əsas fərq insanların düşüncə tərzi ilə bağlıdır: "Gürcüstan və Ukraynadakı inqilablar çox ağıllı şəkildə təşkil olunmuşdu. Hiss olunurdu ki, insanlar kortəbii yox, düşünülmüş addımlar atırlar. İnqilabları edənlərin əksəriyyəti Avropada təhsil almış və demokratik fikirli insanlar idi. Ona görə də qısa zaman kəsiyində istəklərinə nail oldular. Amma Liviya və Misirdəki inqilablar barədə eyni sözləri demək olmaz. Çünki o proseslər yüksək təhsili olmayan, dar düşüncə tərzinə malik şəxslər tərəfindən aparılırdı. İnqilab zamanı bu qədər insan itkisinin əsas səbəbi də məhz elə bunlardır".

Diqqəti Suriyadakı proseslərə çəkən Sülhəddin Əkbər ABŞ faktoruna toxunaraq rəsmi Vaşinqtonun Bəşər Əsədi qanla dəyişməyin tərəfdarı olmadığını bildirib və Yəməni misal çəkib: "Suriyadakı proseslərin bu dərəcədə uzanması, insanların düzgün istiqamət götürməməsi və intellekt baxımından hələ də Gürcüstan və Ukrayna kimi dövlətlərdən geridə qalmasını göstərir. Bunu xristianların müsəlman ölkələrini qarışdırmaq niyyətində olması kimi şərh etmək düzgün deyil. Əgər rəsmi Vaşinqtonun belə niyyəti olsaydı, Yəmənə də qarışdırardı. Amma Yəməndəki proseslər o qədər də uzun çəkmədi. Əli Salehi postunu təhvil verdi. Hesab edirəm ki, Suriyadakı müxalifət xaricdən dəstək gözləməməlidir. Əks təqdirdə proses daha da uzana bilər".

Elmir Murad

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR