Britaniya XİN: “Erməni diasporu Qarabağın işğalında rol oynayır”
Bizi izləyin

Dünya

Britaniya XİN: “Erməni diasporu Qarabağın işğalında rol oynayır”

Böyük Britaniya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə erməni diasporunun təsir etməsini təsdiq edib.

Publika.az xəbər verir ki, Britaniya XİN tərəfindən hazırlanmış “Ermənistan diasporu” adlı məruzədə Dağlıq Qarabağ münaqişəsinin davam etməsində erməni diasporunun rolu və təsirinin olduğu deyilir.

Sənəddə diasporun 20 ildən artıq davam edən fəaliyyətinin Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına səbəb olduğu bildirilir: “Onlar bu gün Azərbaycanın müxtəlif düşərgələrində səpələnmiş formada yaşayırlar. Bu münaqişə Ermənistan iqtisadiyyatını iflasa uğradır. Çünki iki sərhəd qonşusu - Azərbaycan və Türkiyə 1993-cü ildən sərhədləri bağlayıb. Bu isə Ermənistanın Rusiyadan asılılığını artırır. Beləliklə, Ermənistan Azərbaycanın neft və qazını Avropaya daşıyan beynəlxalq boru kəmərlərinin heç birindən istifadə edə bilmir. Bu gün Rusiyaya qarşı sanksiyaların Ermənistan iqtisadiyyatına ciddi təsir etməsinə baxmayaraq, İrəvan hökuməti 1 yanvar 2015-ci il tarixindən Gömrük Şurasına qoşulacaq. Ermənistan Cənubi Qafqaz bölgəsində ən zəif iqtisadiyyata və ən az əhaliyə malikdir. Ölkə əhalisinin sayı 2,9 milyon nəfərdir. Əhalinin sayı artmaq əvəzinə, 1992-ci ildən bəri 1 milyona yaxın azalıb”.

Sənəddə erməni diasporunun Ermənistan iqtisadiyyatına yardımlar etdiyi bildirilir.

“1991-ci ildən etibarən ABŞ-dakı erməni diasporu bu ölkəyə milyardlarla dollar vəsait ayırıb. Diaspor Ermənistan təhsilinə, səhiyyəsinə təsir göstərir. Eyni zamanda, Azərbaycanın Ermənistan işğalında olan ərazilərində bu sahələrə subsidiyalar ayrılır. Diaspor bu bölgələrin maliyyələşməsi işində də aktiv iştirak edir. Diaspor beynəlxalq hüquq əsasında münaqişənin diplomatik dinc yolla həllinə tərəf atılan istənilən addıma veto qoymaqla onun Rusiyadan tam asılılıqda qalmasına zəmanət verərək bu kiçik milləti daim təcrid edir”, - deyə Britaniya XİN vurğulayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm